|
|
|
|

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) Kompozit daşınmaz əmlak qiymətləri may ayında 106,0 səviyyəsində formalaşıb və 2025-ci ilin dekabr ayı ilə müqayisədə bazarda orta hesabla 6 % artım baş verib.
525.az-a Palatadan verilən məlumata görə, may ayı ərzində daşınmaz əmlak bazarında ümumi artım tendensiyası davam edib və ayrı-ayrı seqmentlər üzrə dinamika fərqli xüsusiyyətlərlə diqqət çəkib.
Aparılan kompleks analizlər göstərir ki, bazarın əsas hərəkətverici qüvvəsi torpaq seqmenti olub. Bakı şəhəri üzrə torpaq bazarında qiymət 116,0 səviyyəsinə yüksələrək bütün daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım nümayiş etdirib. Ekspertlər xüsusilə development potensialına malik torpaq sahələrinə, çoxmənzilli yaşayış və kommersiya layihələri üçün nəzərdə tutulan ərazilərə investisiya marağının artmasını bu yüksəlişin əsas səbəbi hesab edirlər. Premium və periferiya zonaları arasında qiymət fərqlərinin hələ də yüksək səviyyədə qalması torpaq bazarının struktur xüsusiyyətlərini qoruduğunu göstərir.
Eyni zamanda, yeni tikili mənzillər bazarı öz lider mövqeyini və yüksək likvidliyini saxlaya bilib. May ayında bu seqment üzrə qiymətin 104,2 səviyyəsində formalaşması bazarda sabit tələbin davam etdiyini təsdiqləyir. Premium yaşayış kompleksləri, xüsusilə şəhərin mərkəzi hissələrində və "Ağ Şəhər" layihəsi ətrafında yerləşən obyektlər qiymətlərin artımını dəstəkləməyə davam edib. Bununla yanaşı, median, orta və orta çəkili qiymətlər arasında fərqin minimal olması bazarın statistik baxımdan balanslı və sağlam inkişaf etdiyini göstərən əsas meyarlardandır.
Köhnə tikili mənzillər bazarında isə artım meyilləri daha məhdud çərçivədə qeydə alınıb. Bu seqmentdə indeks 102,6 səviyyəsində formalaşıb və bazarın artıq sürətli qiymət artımı mərhələsini başa vuraraq daha sabit inkişaf fazasına keçib. Premium rayonlarda qiymətlər yüksək səviyyədə qalsa da, kütləvi yaşayış seqmentində artım tempi nisbətən zəifləyib.
Fərdi yaşayış evləri bazarında da müsbət dinamika qorunaraq may ayında indeks 103,1 səviyyəsinə yüksəlib. Bununla belə aprel ayı ilə müqayisədə artım tempinin azalması bazarın tədricən tarazlaşdığını göstərir. Bu seqmentdə torpaq komponenti əsas qiymət formalaşdırıcı amil olaraq qalmaqda davam edir.
Kommersiya daşınmaz əmlakı bazarında isə hesabat ayında fərqli bir mənzərə müşahidə olunub. Satış bazarında indeks 100,8 səviyyəsində qalaraq demək olar ki, sabit dinamika nümayiş etdirdiyi halda, kommersiya obyektlərinin icarə bazarında indeks ciddi artımla 106,4 səviyyəsinə yüksəlib. Bu artım xüsusilə ticarət sahələri və mərkəzi biznes zonalarında yerləşən ofis obyektlərinə tələbin yüksəlməsi ilə əlaqələndirilir. Ölkədə biznes aktivliyinin genişlənməsi və xidmət sektorundakı inkişaf kommersiya icarə bazarını dəstəkləyən əsas daxili faktorlar olub.
Mənzil kirayəsi bazarında yüksək sabitlik izlənilib. Yeni tikili mənzillərin kirayə bazarında indeks 101,6, köhnə tikili mənzillərin kirayə bazarında isə 100 səviyyəsində formalaşıb. Bu göstəricilər kirayə bazarının əsasən əhalinin real ödəmə qabiliyyəti və uzunmüddətli yaşayış tələbi əsasında tənzimləndiyini göstərir. Beləliklə, satış bazarında müşahidə olunan qiymət artımları kirayə seqmentinə tam həcmdə ötürülməyib.
Mayda diqqət çəkən digər maraqlı seqment qaraj bazarı ilə bağlı olub. İndeksin 109,5 səviyyəsinə yüksəlməsi mərkəzi rayonlarda parklanma yerlərinə artan tələbin və premium qaraj satışlarının bazara birbaşa təsirini əks etdirir. Bununla belə, bu seqmentin ümumi həcminin kiçik olması səbəbindən ayrı-ayrı əməliyyatların ümumi göstəricilərə təsiri daha yüksək qalır.
Ümumilikdə, may ayının nəticələri göstərir ki, Azərbaycan daşınmaz əmlak bazarı 2026-cı ilin ikinci rübündə sağlam və balanslı inkişafını davam etdirir. Ən yüksək artım investisiya yönümlü torpaq bazarında müşahidə olunsa da, mənzil və kommersiya seqmentlərində daha sabit və idarəolunan dinamika formalaşmışdır. Bazarın əsas xüsusiyyəti artıq sürətli qiymət sıçrayışlarından uzaqlaşaraq daha dayanıqlı artım mərhələsinə keçməsidir.
AQP-nin peşəkar qiymətləndirmələrinə əsasən, 2026-cı ilin ikinci yarısında da bazarda mülayim artım tendensiyasının davam edəcəyi, əsas aktivliyin torpaq, yeni tikili mənzillər və kommersiya icarə seqmentlərində cəmləşəcəyi gözlənilir. Mövcud makroiqtisadi və statistik göstəricilər daşınmaz əmlak bazarında sistemli risklərin aşağı səviyyədə qaldığını və bazarın ümumi tarazlığını qoruduğunu təsdiqləyir.
Xatırladaq ki, AQP dövrü olaraq hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır.



