
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı admiral Məhəmməd Asif Sandila ilə görüşüb.
Səfirlikdən 525.az-a verilən məlumata görə, görüş zamanı səfir Daşqın Şikarov Azərbaycanla Pakistan arasında mövcud olan dostluq münasibətləri, siyasi, hərbi, iqtisadi və digər sahələrdə gedən əməkdaşlıqdan danışıb, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın Azərbaycanın mövqeyini tam dəstəklədiyinə və tutduğu işğalçı mövqeyi səbəbindən Ermənistanı bir ölkə kimi tanımadığına görə admiral Məhəmməd Asif Sandilaya minnətdarlığını bildirib.
Hərbi Dəniz Qüvvələri komandanı iki ölkə arasında inkişafda olan münasibətlərdən məmnun olduğunu bildirib, Azərbaycan torpaqlarının işğalına son qoyulmuyanadək Ermənistanla heç bir münasibət qurulmayacağını əminliklə ifadə edib. Admiral, ölkəsinin Dağlıq Qarabağ məsələsində verdiyi dəstəyin sona qədər davam edəcəyini vurğulayaraq, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında hər cür köməklik göstərməyə hazır olduqlarını bildirib. Məhəmməd Asif Sandila Azərbaycanın iqtisadiyyatının günü-gündən güclənməsinə və artıq yardıma ehtiyacı olan ölkədən donor ölkəyə çevrilməsinə və regionda söz sahibi olmasına çox sevindiyini qeyd edib.
Görüş zamanı admiral həmçinin, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən Pakistanın bütün əyalətlərində həyata keçirilmiş humanitar layihələrin Pakistan xalqı və rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığını qeyd edərək, Azərbaycan-Pakistan dostluğunun əbədi və sarsılmaz olduğunu bildirib.
Görüş zamanı, Azərbaycan və Pakistan hərbi dəniz qüvvələri arasında əməkdaşlığına dair məsələlərin geniş spektri müzakirə edilib.



