|
|
|
|
71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Elmira Axundova 2015-ci il 15-22 oktyabr tarixlərində Masallı rayonunun Gəyəçöl, Kalinovka, Lürən, Bədəlan, Tüklə, Hişkədərə kəndlərində və Ərkivan qəsəbəsində seçicilərlə izdihamlı görüşlər keçirib. Görüşlərdə kənd ziyalıları, ağsaqqalları, həmçinin sıravi vətəndaşlar aktiv şəkildə iştirak ediblər.
Görüşlərdə Elmira Axundovanın vəkili, əməkdar müəllim Musarza Mirzəyev, tanınmış ziyalı, 1991-93-cü illərdə Naxçıvanın Bakı Daimi nümayəndəliyində çalışmış Yeganə Musazadə, həmçinin professor, tarixçi alim, əməkdar müəllim Musa Quluzadə də iştirak ediblər.
Musarza Mirzəyev Elmira Axundovanın tərcümeyi-halından söz açaraq öz seçicilərini 10 il ləyaqətlə təmsil edən millət vəkilinin yenidən əhali ilə görüşə gəldiyini qeyd edib. Elmira Axundovanın yaradıcılığından, Milli Məclisdəki fəaliyyətindən, xalqa göstərdiyi xidmətlərdən geniş söhbət açıb. O qeyd edib: "Ziyalı ailəsində dünyaya göz açan Elmira Axundova vətənpərvərlik ruhunda tərbiyə olunub. O, cavan yaşlarından jurnalistika sahəsinə atılaraq böyük nailiyyətlər əldə etmişdir. Vətənin ən çətin anlarında onun haqq səsi, erməni faşistlərinə qarşı etirazları Rusiya mətbuatının və "Azadlıq" radiosunun vasitəsilə bütün dünyaya yayılırdı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev ona böyük etimad və rəğbət bəsləyirdi. Bunun nəticəsi idi ki, Heydər Əliyev hələ 2003-cü ildə onu "Şöhrət" ordeni ilə təltif etmişdi".
Professor, tarixçi alim, əməkdar müəllim Musa Quluzadə də ürək sözlərini seçicilərlə bölüşüb: "Elmira Axundova böyük və şərəfli həyat yolu keçib. Onun yazıları Rusiyanın və dünyanın ən nüfuzlu mətbu orqanlarında dərc edilib. Elmira Axundova həm də yüksək vətənpərvərliyi ilə fərqlənir. 90-cı illərdə Azərbaycan informasiya blokadasına alınanda Elmira xanım vətənimizin haqq səsinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərib. Elmira xanımın ədəbi yaradıcılığı da zəngindir. Onun yazmış olduğu "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildlik roman-tədqiqatı böyük salnamə, epopeyadır. Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Elmira Axundova millət vəkili kimi də 10 illik fəaliyyəti boyu yorulmadan xalq üçün çalışıb. Heç bir seçicinin müraciəti cavabsız qalmayıb. Bu, bir daha Elmira Axundovanın öz seçicilərinə bəslədiyi ülvi məhəbbətin göstəricisidir".
Görüşlərdə həmçinin Elmira Axundovanın vəkili, tanınmış ziyalı Yeganə Musazadə də çıxış edib. Elmira Axundovanın geniş fəaliyyətindən, həmçinin zəngin yaradıcılığından bəhs edərək dedi: "Bizim Elmira xanımla tanışlığımız 1990-cı illərin əvvəllərinə təsadüf edir. Mən həmin illər Naxçıvanın Bakı şəhərindəki Daimi nümayəndəliyində çalışırdım. Heydər Əliyevə qarşı olan hücumların dəf edilməsində, onunla bağlı həqiqətlərin dünyaya çatdırılmasında Elmira xanımın necə şövqlə mübarizə apardığının canlı şahidi olmuşam. Elmira Axundova sözün əsl mənasında şəxsiyyətdir. Şəxsiyyət sözü geniş anlayışdır. Şərəfli insan, gözəl valideyn, sədaqətli dost, layiqli vətəndaş kimi müqəddəs məfhumlar bura daxildir. Elmira Axundovanı uzun illər tanıyan bir şəxs kimi deyə bilərəm ki, bu məziyyətlərin hər biri Elmira xanıma xasdır. O, həmçinin öz sözünü deyən, bu bölgənin adını ucaldan, ürəyi sizinlə bir vuran, sizə dəyər verən millət vəkilidir. Baxın görün sizin qismətinizə necə gözəl bir millət vəkili düşüb. Buna görə mən də Musarza müəllim kimi düşünürəm ki, növbəti 5 ildə sizi təmsil etmək üçün Elmira Axundovaya yenə dəstək olacaqsınız".
Görüşlərdə çıxış edən seçicilər Elmira Axundovanın deputatlıq fəaliyyətindən razılıqlarını dilə gətirdilər. Elmira Axundovaya dəstək verdiklərini bildirərək hər zaman kəndin problemləri ilə maraqlandığı üçün ona təşəkkür etdilər. Qeyd etdilər ki, o, hər zaman seçicilərlə görüşə gəlib, qəbul günləri təşkil edib, onların problemləri ilə maraqlanıb, bir çox imkansız ailələrə təmənnasız yardım göstərib.
Deputatlığa namizəd Elmira Axundova görüşə gəldikləri üçün sakinlərə təşəkkürünü bildirib. Özünün fəaliyyəti barədə sakinlərə ətraflı məlumat verib. "Keçən 10 il ərzində sizlərlə birgə çiyin-çiyinə çalışdıq, böyük işlər gördük. Körpülərin, məktəb və bağçaların, idman mərkəzlərinin, xəstəxanaların tikintisi, bir çox yolların yenidən çəkilməsi və ya təmiri, qaz çəkilişi, həbs yerlərindən bir çox gəncimizin azadlığa buraxılması bunlara ən bariz nümunələrdir. Bu illər ərzində hər zaman sevinc-kədərimiz bir olub. 10 illik deputatlıq fəaliyyətim boyunca mütəmadi olaraq sizlərlə qarşılıqlı ünsiyyət halında fəaliyyət göstərmişəm, sizlərlə tez-tez görüşlər keçirib nəinki rayon, nəinki Respublika, hətta beynəlxalq əhəmiyyətli ciddi məsələləri bir yerdə müzakirə etmişik. Hər zaman sizə dəstək olmuşam və ən böyük dəstəyi də sizlərdən almışam.
Deputatlıq fəaliyyətim boyunca bir dəfə də olsun yazılı müraciətiniz cavabsız qalmayıb. Minlərlə ərizə və şikayətlərə baxılıb və aidiyyəti qurumlara göndərilib. Pensiyaların düzgün təyin olunması, ünvanlı sosial yardım və əlillik dərəcəsinin verilməsi, kənd və əhalinin qazla təmin olunması, Masallıda mövcud olan köhnə işıq xətlərinin və dirəklərinin yenilənməsi, artezian quyusunun qazılması, qəzalı evlərin təmirinə kömək olunması, xəstə vətəndaşların müayinə və müalicə məsələləri ilə bağlı seçicilərimə yaxından köməklik etmişəm. Bu illər ərzində böyük təcrübə, nüfuz toplamış namizəd kimi bundan sonra da sizlərin dəstəyi ilə daha böyük problemlərin öhdəsindən gələcəyimə əminəm. Hesab edirəm ki, hər kəsə elə bir deputat lazımdı ki, siz seçicilərin səsini yuxarı instansiyalara çatdıra, hüquqlarınızı qoruya bilsin, ali tribunalarda sizləri ləyaqətlə təmsil etsin".
Görüşlərin sonunda Elmira Axundova bunları deyib: "Bir neçə aydan bəri dövlətimizə qarşı aparılan anti-Azərbaycan kampaniyasının arxasında Azərbaycanda və ümumilikdə postsovet məkanında qeyri-sabitlik yaratmaq, dövlət sistemimizi, quruluşumuzu laxlatmaq, süni şəkildə kütləvi iğtişaşlar törətmək və nəticədə onlara tabe olmayan əsl mənada müstəqil olan hakimiyyəti devirməkdir.
Qərbin bizə qurduğu tələni görməliyik, müəyyən daxili qrupları hər hansı qarşıdurmaya sürükləsələr də, onlar bu oyuna alət olmamalıdırlar, heç bir xarici və daxili anti-Azərbaycan qüvvələrə imkan verməməliyik ki, bizim ölkədə də çaxnaşma, qeyri-sabitlik başlasın. Əslində onların hədəfi insan hüquqları deyil, əgər belə olsaydı Avropa Parlamenti və Qərb öz ölkələri hüdudlarında əsl humanitar fəlakət həddinə çatan miqrant probleminin həllinə çalışardılar, qəddar və qeyri-insani anti-miqrant siyasətinə görə öz hökumətlərinə təzyiq edərdilər. Axı Suriyadan, İraqdan, Livandan və s. Yaxın Şərq dövlətlərindən qaçan yüz minlərlə miqrantlara qarşı Avropada dəhşətli, qeyri-insani münasibət var, halbuki Qərb öz siyasəti ilə həmin insanların taleyinin bu hala düşməsində, İŞİD-in yaradılıb müsəlman xalqlarının başına bəla olmasında birbaşa günahkardır.
Əgər Avropa ədalətin, insan hüquqlarının tərəfindədirsə, nə üçün 20 ildən çoxdur hüquqları kobud şəkildə pozulan, ata-baba yurdlarından, doğma torpaqlarından zorla çıxarılan qaçqın və məcburi köçkünlərimizin hüquqlarını qorumur? Azərbaycana qarşı törədilmiş cinayətlərin günahkarları niyə cəzalandırılmır?
Odur ki, Qərbin yalanlarına uymayaq. Biz Prezidentin yanında olmalıyıq, Qərbin bizə qarşı olan münasibəti artıq iqtidar-müxalifət məsələsi deyil, bu milli məsələdir. Suriya, Liviya, İraq, Ukraynadakı hadisələr hələ də gözümüzün qabağındadır. Bütün bu illər ərzində xalq öz prezidentinin ətrafında sıx birləşdiyi üçün Qərbin bu məkrli planları baş tutmur. Ölkə başçısını və onun yürütdüyü siyasi kursu dəstəkləmək övladlarımızın gələcəyini dəstəkləməkdir, öz gələcəyimizi qarantiya altına almaqdır, Azərbaycan dövlətinin mövcudluğunu dəstəkləməkdir. Bizi daxili münaqişəyə sürükləmək istəyənlərə bir cavabımız olmalıdır. "Bizim bir düşmənimiz var, o da Ermənistan və onun yürütdüyü işğalçılıq siyasətidir. 90-cı illərdəki ərzaq qıtlığı, iqtisadi tənəzzül, hərbi uğursuzluqlar, torpaqların itirilməsi dövrünə bir daha qayıtmağa ən azından mənəvi haqqımız yoxdur.
Buna görə də sonda hər birinizi ayıq olmağa, dövlət başçısının ətrafında daha sıx birləşməyə çağırıram. Hamımız gözəl bilirik ki, hər seçki öncəsi Qərbin oyunları başlayır. Yenə də seçkilərlə bağlı dünya ictimaiyyətində mənfi rəy formalaşdırmağa çalışan qüvvələr ortaya çıxacaq. Onun üçün də seçkilərdə kimə səs verəcəyinizdən asılı olmayaraq fəal olun, vətəndaş mövqeyi nümayiş etdirin, qoy düşmən qüvvələr birliyimizi görüb daha çox əzab çəksinlər. Biz isə yumruq kimi sıx və bir olaq".
Deputatlığa namizəd Elmira Axundovanın seçiciləri ilə görüşləri uğurla davam edir.