Paparatsi
İtaliyalı rejissor Federiko Fellininin məktəbdə iti nitqi ilə ad çıxaran bir sinif yoldaşı olub. Qıcıqlandırıcı və inadkar təbiətindən dolayı bu oğlan məktəbdə “Pappataçi” ləqəbi ilə ad çıxarır. “Pappataçi” (əsli “pappataci”) yerli ləhcədə “ağcaqanaq” mənasını verirmiş. 1960-cı ildə Federiko Fellini “Şirin həyat” filmini çəkərkən hər yerə burnunu soxan və zəhlətökən baş qəhrəmanın dostu foto-reportyoru Paparazzo adlandırır. Sonralar rejissor deyərmişi ki, “paparazzo” uçan, sancan, oxlu və vızıltılı böcəyə işarədir.
Filmin nümayişindən sonra kəlmənin cəm halındakı şəkli, yəni “paparazzi” geniş yayılır və məşhur şəxsləri - idmançıları, aktyor və müğənni, siyasət adamlarını təqib edən, onların həyatını dərindən öyrənib heyrətli xəbərlər yaymaqda maraqlı olan foto-reportyorlara “paparazzi” deyilməyə başlanır.
Lord və ledi
Eramızın 5-ci əsrindən başlayaraq german tayfaları olan anqlosakslar Britaniya adasını istila etmişdilər. German tayfalarında adətən başçı və ailəsi tayfanın qida təchizatına cavabdeh şəxslər idilər. Anqlosakslarda başçıya “hlafweard”, yəni “çörəyi mühafizə edən” (“hlaf” – “çörək”, “weard” – “mühafizəçi”) deyilirdi. Başçının arvadı isə “hlafdige”, yəni “çörək yoğuran” (“dige” – “yoğurmaq”) adlanırdı. Bu sözlər sonradan dəyişmiş, “lord” və “ledi” şəkillərini almışlar
Britaniyada “ledi” kəlməsi uzun zaman cəmiyyətdə yüksək rütbəsi olan qadınlar üçün istifadə edilmişdi. Amma sonradan bu söz nəzakət məqsədilə bütün zərif cinsin nümayəndələrinə şamil olunmağa başlayır. “Lord” isə əvvəlkitək Britaniyada “hökmdar”, “başçı” və s. oxşar mənaları ifadə edir.
Karantin
1347-53 illərdə Avropa əhalisinin 30 faizini tələf etmiş və “Qara ölüm” adı ilə məşhur taun pandemiyasından sonra dəniz limanlarında nəzarət gücləndirilir. Həmin ərəfədə Xorvatiyanın Dubrovnik şəhərinin limanına gəlmiş gəmilər və onların şəxsi heyəti təhlükəsizlik məqsədilə 30 gün müddətində təcrid edilmiş məkanda saxlanılırdı. Bu dövr ərzində artıq taunun simptomlarının üzə çıxacağı ehtimal edilirdi. Sonradan bu müddəti qırx günə qədər uzatdılar və bu tədbirə italyanca karantin (əsli “quaranténa”), yəni “qırx günlük dövr” adını verdilər.
Beləcə, karantin orta əsrlərdən başlayaraq dünyada geniş miqyasda tətbiq edilməyə başlandı. Bu gün də yoluxucu xəstəliklərə bulaşmış və ya bulaşma ehtimalı olan şəxslərin, heyvanların, yükün, malın və s. nəsnələrin müvəqqəti təcrid edilməsinə məhz “karantin” deyilir.