AMEA Zoologiya İnstitutu, Herpetologiya laboratoriyasının əməkdaşları Quba-Xaçmaz zonasının herpetofaunası üzrə tədqiqatlar aparıblar.
AMEA Zoologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni, Gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi – Lotiyev başıqalxanlısı) aşkar edilib.
Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu ərazilərindən Dağıstan-Azərbaycan sərhəddinə qədər uzanan kserofit dağlıq ərazilərini əhatə edir. Lotiyev başıqalxanlısının Azərbaycanda da yayılması ehtimal olunurdu. Tapıntı sübut edib ki, Gürzələr fəsiləsindən olan Lotiyev başıqalxanlısı Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb.
Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda dəniz səviyyəsindən 1900-2300 metr hündürlükdə yerləşən subalp dağlıq ərazilərində rast gəlinib.
Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasını öyrənmək planlaşdırılır.