“Müsavat başqanı İsa Qəmbərə hücum edən şəxslərin əyinlərinə bizim klubun formasını geyinmələrindən xəbərdarıq. Amma İsa Qəmbər öz çıxışında da “Xəzər-Lənkəran” azarkeşləri haqqında bir şey söyləməyib”.
Bunu Modern.az-a açıqlamasında “Xəzər-Lənkəran” futbol klubunun ictimaiyyətlə əlaqələr üzrə meneceri Leyla Xəlilova azarkeşlərinə qarşı səsləndirilən bəzi ittihamlara münasibət bildirərkən deyib.
Klub rəsmisi qeyd edib ki, “Xəzər-Lənkəran”ın formaları çox yerdə satılır və bunu çox adam alıb geyinir.
“Bizim formalar, bayraqlar ictimaiyyət üçün açıq yerlərdə satılır. Hamı pul verib onu ala bilər. Bu qalmaqalı salanların “Xəzər-Lənkəran”la və kluba yaxın azarkeş qrupları ilə bağlılığı yoxdur”.
Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər və partiya funksionerləri yanvarın 13-də Lənkərana səfər zamanı bir qrup şəxsin hücumuna məruz qalıblar. Həmin adamların əynində “Xəzər-Lənkəran” futbol klubunun formaları olub.