Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri 20 Yanvar faciəsinin ildönümü münasibətilə “Hər ay bir gün” adlı növbəti aksiyasını "Şəhidlər Xiyabanın"da həyata keçiriblər.
Birliyin sədri Sevinc Əzimbəylinin 525.az-a verdiyi məlumata görə, ötən il boyunca “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri məmləkətimizin qəhrəman şəhid övladlarının xatirəsini əziz tutaraq, “Hər ay bir gün” adlı aksiyanı il boyunca hər ay davam etdirib:
“Birliyimizin gəncləri “Hər ay bir gün” adlı aksiyanı ayda bir dəfə keçirməklə, millətimizin şəhid övladlarının yaşamış olduqları binalara vurulmuş şəhid lövhələrini, eləcə də bu lövhələrin ətrafında təmizlik işlərini həyata keçirməklə cəmiyyətin, ən azı həmin binada yaşayan insanların, xüsusilə gənclərin milli qürurumuz olan qəhrəman şəhid övladlarımıza münasibətdə biganə olmamaları üçün belə ibratəmiz aksiya start veriblər.
Sevindirici haldır ki, “Hər ay bir gün” adlı aksiyamız vasitəsilə yüzlərlə şəhid ailələrinin qəlbinə fərəh gəlməsinə nail ola bildik. Həmçinin cəmiyyətdə dövlətinə, bayrağına, şəhidinə laqeyd yanaşan vətəndaşlarımızın, bəzi gənclərimizin ibrət almasına səbəb ola bildik”.
S.Əzimbəylinin sözlərinə görə, bu ildə “Yeni Üfüq”ün vətənpərvər gəncləri "Hər ay bir gün" adlı aksiyasını il boyunca həyata keçirməyi qərara alıb.
Onun sözlərinə görə, əsas məqsəd ölkəmizdə milli-vətənpərvərlik duyğularının gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını yenidən nümayiş etdirməkdir.