Məlum olduğu kimi, fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurasının ikinci iclası keçirilib, layihənin həyata keçirilməsi istiqamətində mühüm qərarlar alınıb. Bu toplantının qəbul olunan Birgə Bəyannaməsində keçən dövr ərzində layihənin icrası istiqamətində görülən işlər yüksək qiymətləndirilib.
Əldə olunan nəticələrin layihənin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilib. Bəyannamənin ümumi məzmunundan belə aydın olur ki, Avropa İttifaqı Azərbaycanın enerji mənbələrini şaxələndirmək təşəbbüsünü daha da genişləndirmək, "Cənub Qaz Dəhlizi"nə yeni tədarükçülər cəlb etmək niyyətindədir. Bu layihə təkcə region ölkələri üçün yox, eyni zamanda Avropa ölkələri üçün çox əhəmiyyətli strateji layihədir. "Cənub Qaz Dəhlizi" Məşrəvət Şurasının hər iki toplantısının da Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun təsdiqi ilə yanaşı, ölkəmizin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi qazandığı böyük nüfuzun növbəti təzahürüdür. "Cənub Qaz Dəhlizi"nin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici olub. Bu təşəbbüs Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş arealda inkişafı üçün etibarlı zəmin yaradıb.
Həyata keçirilən bu layihə Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə imkan verəcək.
Məşvərət Şurasının ikinci iclasında bir sıra dövlətlərin əlaqədar qurumlarının rəhbər şəxslərinin və Avropa İttifaqının müvafiq təşkilatlarının yüksək səviyyəli rəsmi nümayəndələrinin iştirak etməsi "Cənub Qaz Dəhlizi" layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verir. Azərbaycanın geosiyasi çəkisi artır, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Azərbaycanla Avropa İttifaqı arasında getdikcə güclənən əlaqələr, qarşılıqlı faydalı münasibətlər regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir, sülh və əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir.
"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması istiqamətində həyata keçirilən işlərdən danışan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu dəhlizin əhəmiyyətini yüksək qiymətləndirir: "Bu, qaz dəhlizinin Azərbaycana əhəmiyyətini göstərən əsas amil layihənin birbaşa dövlətimizin təşəbbüsü ilə həyata keçməsidir. Bu Azərbaycanın artan gücünün göstəricisidir".
Politoloq qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci toplantısı kifayət qədər geosiyasi və regional proseslərinə cərəyan etdiyi dövrdə baş tutub: "Dünyada müəyyən qüvvələr dövlətimizə qarşı belə bir fikir tirajlayırdılar ki, Azərbaycan neft ölkəsi olduğu və karbohidrogen resurslarının qiymətinin aşağı düşdüyü üçün çətinliklərlə üzləşib və problemlər içindədir. Bəzən də deyilirdi ki, guya Azərbaycanın dünyada nüfuzu getdikcə aşağı düşür. Lakin Bakıda keçirilən bu toplantı hər iki istiqamətdə təbliğat aparanların yalanlarını üzə çıxarıb. Bu iclasda iştirak etmək üçün bir çox aparıcı dövlət və təşkilatların yüksək səviyyəli nümayəndələrinin Bakıya səfər etməsi onların təmsil etdikləri ölkə və qurumların Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihəyə böyük marağının və dövlətimizə olan inamının təzahürüdür. Dövlətimizin dünyada kifayət qədər nüfuzu, gücü olmasaydı onlar bu tədbirə qatılmaz, ən azından aşağı və ya orta səviyyəli nümayəndələrini göndərərdilər".
M.Əhmədoğlu bildirib ki, bu layihə üzərində ciddi fəaliyyətin aparılması, real addımların atılması Azərbaycanın idarəçilik bacarığını ortaya qoyub: "Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycana müəyyən təsirləri ilə yadda qalsa da, ümumilikdə ölkədə vəziyyəti həyata keçirilən iqtisadi islahatlarla qısa zamanda öz qaydasına salmaq mümkün olub. Çünki dövlətimiz düzgün idarə olunur. Bunun nəticəsidir ki, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı Azərbaycanın anti-böhran kampaniyası çərçivəsində həyata keçirdiyi islahatları müsbət qiymətləndirib. Bu da sübut edir ki, ekstremal vəziyyətlərdə Azərbaycan dövləti dərhal lazımi addımlar ataraq vəziyyəti stabilləşdirmək imkanına sahibdir. Xüsusilə ölkə başçısının aktiv fəaliyyəti, hər bir prosesə şəxsən müdaxilə etməsi diqqət çəkən məqamlardandır. Yəni, bununla məlum olub ki, Azərbaycan verdiyi vədləri yerinə yetirən dövlət, etibarlı tərəfdaşdır".
Mərkəz sədri, qeyd edib ki, Suriya ətrafında baş verən proseslər, Türkiyə-Rusiya gərginliyi bizim regiondakı vəziyyəti xeyli dəyişib. Onun sözlərinə görə, 2014-cü illə indiki dövrü müqayisə etsək, 180 dərəcə vəziyyətin dəyişdiyinin şahidi olarıq: "Hazırkı şəraitdə vəziyyətin gərgin, qəliz olmasına baxmayaraq, Azərbaycan mürəkkəb geosiyasi şəraitdə öz yolunu inamla davam etdirir. Dünyada yaşanan mənfi proseslər Azərbaycanı öz yolundan döndərə bilmədi".
Prezident İlham Əliyevin İrana səfərinə toxunan politoloq əlavə edib ki, lazım gələrsə, İran qazını da TANAP, TAP layihələri vasitəsilə Avropaya çatdırmaq mümkün olacaq: "İndiki şəraitdə Bakıda Məşvərət Şurasının ikinci toplantısının keçirilməsi İranla Qərb arasında qaz əməkdaşlığına dair ümidləri artıran məsələdir. Məsələni, ümumi analiz etdikdə, belə nəticəyə gəlmək olar ki, Avropa artıq Azərbaycanı vaxtilə lazımi qədər dəyərləndirmədiyinin fərqinə varıb. İndi qərbdəkilər başa düşür ki, dövlətimizin təkcə pul qazanmağı bacaran dövlət deyil, həmçinin, Azərbaycanın geosiyasi və iqtisadi ambisiyasını ortaya qoyub bu maraqlarını müdafiə etmək bacarığına malikdir".
M.Əhmədoğlu hesab edir ki, Qərbdə Azərbaycana qarşı münasibət daha da istiləşəcək: "Bunun əyani sübutudur ki, Bakıda baş tutan iclasda Avropa İttifaqının ən ali nümayəndələrindən ikisi - Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerininin və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç iştirak edib. Bütün bunlar onu göstərir ki, avropadakılar dərk edəcəklər Azərbaycan erməni və ermənipərəst siyasətçilərin təqdim etdiyi kimi dövlət deyil. Əksinə Azərbaycan kifayət qədər ciddi, Avropa miqyasında təhlükəsizlik və iqtisadi məsələlərdə xüsusi çəkiyə malik dövlətdir".
İqtisadçı ekspert Nicat Hacızadə isə bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurasının hər iki toplantısının Bakıda keçirilməsi böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, ölkə prezidenti İlham Əliyevin toplantıda iştirak etməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından böyük önəm kəsb edən qaz dəhlizinin reallaşmasına verdiyi əhəmiyyəti göstərir. Çünki "Cənub Qaz Dəhlizi" Avropanın geniş miqyaslı infrastruktur və enerji layihəsidir. Təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı özünə yaxın tərəfdaş hesab edir".
Ekspert qeyd edib ki, Şahdəniz yatağı dünyanın ən iri həcmli qaz yataqlarından biridir: "Bu qaz yatağının ehtiyatları vasitəsilə Avropanın enerji təhlükəsizliyini uzun illər qorumaq mümkündür".
N.Hacızadə vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasının ölkəmizə gətirəcəyi dividentlər iki tərəfli olmaqla, iqtisadi və siyasi xarakter daşıyır: "Avropa ilə Azərbaycanın münasibətləri həm siyasi və həmçinin iqtisadi xarakter daşıyacaq. Bu layihə siyasi baxımından bir qədər soyuq münasibətlərin istiləşməsinə gətirib çıxaracaq. Təəssüfləndirici faktdır ki, bu gün bəzi xarici dövlətlər əsassız yerə Azərbaycanı bir sıra məsələlərdə ittiham edir. Ümid edirik qarşılıqlı iki tərəfli partnorluq münasibətləri bu ittihamları səngidəcək".
Ekspert əlavə edib ki, iqtisadi cəhətdən layihənin tikinti işlərinin tez bitməsi ölkəmiz üçün daha faydalıdır: "Qazın qiyməti ilə neftin qiymətinin müəyyən qədər bir-birilə bağlılığı var. Qazın qiymətində də qarşıdakı illərdə eniş olacağı gözləniləndir. Bu baxımdan ölkəmiz riskləri idarə etməyi bacarmalı, tez bir zamanda layihəyə qoyulmuş kapitalı geri qaytara bilməli və daha sonra ölkəyə valyuta axınını bərpa etməlidir. Bunun üçün ciddi şəkildə maliyyə riskləri idarə olunmalı və hesablanmalıdır".
Ceyhun ABASOV