|
|
|
|

MÜBARİZ ƏHMƏDOĞLU: “İLK NÖVBƏDƏ ŞTAYNMAYER İCMALAR ARASINDA DİALOQUN QURULMASINA ÇALIŞACAQ”
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Valter Ştaynmayerin Ermənistana və Azərbaycana səfəri yekunlaşıb. Səfər çərçivəsində Ştaynmayer Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icmalarının nümayəndələri ilə görüşüb, İrəvanda və Bakıda öz həmkarları ilə münaqişə ilə bağlı müzakirələr aparıb. Daha sonra isə birgə mətbuat konfransları keçirib.
Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, rəhbərlik etdiyi qurum Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün bütün tədbirləri görəcək, bütün alətlərdən istifadə edəcək.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri və mediatorlar vəziyyətin eskalasiyasının qarşısını ala biləcək müəyyən nəticəyə gəlməlidirlər: “Bunun üçün bizə konkret təkliflər lazımdır”.
Almaniyalı nazir bildirib ki, münaqişənin konstruktiv həllinə nail olmaq lazımdır: “Məhz bu məsələ ötən gün Yerevana səfərim zamanı müzakirə olunub. İki prezidentin görüşlərinə şadam. Atəşkəs rejiminin möhkəmləndirilməsi üçün mərhələli danışıqlar lazımdır”.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar davam etdiriləcək: “Hazırda danışıqlar dövrüdür. Qısa müddət ərzində Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşünü təşkil etmək mümkün olub. Təbii ki, iki görüşə nəticəyə nail olmaq mümkün deyil, lakin ümid edirəm ki, onlar davam etdiriləcək. ATƏT-in bir çox ölkələri bu münaqişənin həllinə öz töhfəsini verməyə hazırdır”.
Azərbaycanın xarici işlər naziri isə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi iş aparmağın vaxtı çatıb: “Biz Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişik. Ştaynmayer Dağlıq Qarabağla bağlı Ermənistanın mövqeyi barədə mənə məlumat verib”.
E.Məmmədyarov əlavə edib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin birmənalı şəkildə işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edir: “Status-kvonun saxlanılması yolverilməzdir, dəyişdirilməlidir”.
ATƏT-in fəaliyyətdə olan sədrinin regiona səfərilə bağlı danışan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Ştaynmayerin regiona səfəri kifayət qədər təsirlidir: “Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsilə bağlı onunçun qaranlıq qalan bəzi məsələlərə aydınlıq gətirilib. Məlum olub ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq qurulması məsələsi Almaniyanın xarici işlər nazirinə yeni ideya təsiri bağışlayıb. O etiraf edib ki, bu məsələdən xəbəri yox idi. Dialoq ideyası Azərbaycan parlamentariləri tərəfindən dəfələrlə qaldırılsa da, ola bilər ki, doğrudan da Ştaynmayer bundan xəbərsiz qalıb. İstisna etmək olmaz ki, bu məsələdə bizim də müəyyən qədər boşluğumuz olub. Hər halda Qarabağın azərbaycanlı icması ilə Ştaynmayerin görüşündə Milli Məclisin deputatı Rövşən Rzayev bu məsələni qaldırıb. Belə ideyalar avropalıları həmişə cəlb edir. Çünki dialoq ideyası demokratiyanın əsasıdır”.
Politoloqun sözlərinə görə, təbii ki, Ermənistan bu ideyanın əleyhinə çıxacaq: “Onsuz da Serj Sarkisyan Dağlıq Qarabağın erməni icmasına azərbaycanlılarla görüşməyə qadağa qoyub. Lakin belə olan təqdirdə ermənilər Ştaynmayerin, Avropanın yanında rüsvay olacaq”.
M.Əhmədoğlu deyib ki, Ermənistan diplomatiyasının formalaşmış bicliyi var: “Ermənilər onlara sərf etməyən məsələlərin mahiyyətini gizlətməyə çalışırlar. Hər hansı bir xarici ölkə, beynəlxalq təşkilat rəsmisi Qarabağ problemini müzakirə etmək üçün İrəvana səfər edəndə ortalığa başqa məsələlər salırlar. Sonra isə Ermənistan tərəfi məlumat yayanda Qarabağ məsələsinin müzakirəsini ən axırda qeyd edir, başqa məsələləri qabardaraq önə çıxarırlar”.
Politoloq qeyd edib ki, Ştaynmayer üçün də ermənilər belə bir tələ hazırlamışdılar: “Onlar guya Almaniya Bundestaqında uydurma erməni soyqırımın qəbul olunması, Avropa İttifaqı ilə Ermənistan arasında qarşılıqlı əməkdaşlıq məsələsini müzakirə edib, axırda isə Qarabağ məsələsinə toxunublar. Lakin Ştaynmayer bu hiyləni başa düşdü və İrəvanda keçirdiyi mətbuat konfransında iki dəfə təkrar etdi ki, onun Ermənistana səfərinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsidir. Daha sonra o bildirdi ki, status-kvo qəbuledilməzdir və hökmən dəyişilməlidir. O əks halda heç kəsin aprel hadisələrinin təkrar olunmayacağına zəmanət verə bilməyəcəyini deyib”.
Mərkəz sədri söyləyib ki, Azərbaycanda da Ştaynmayerin maraqlı açıqlamaları olub: “ATƏT sədrinin həm Ermənistan, həm də Azərbaycanda verdiyi bəyanatlardan belə məlum oldur ki, onun məqsədi Dağlıq Qarabağ münaqişəsini tənzimləməkdir. O münaqişəni həll etmək üçün dialoqun yaradılmasını bir vasitə kimi görür. Buna qədər isə Ermənistan havadarları dialoq məsələsini arxa plana çəkərək münaqişəinin həll olunmamasına çalışıblar. İndi isə Ştaynmayer prinsipial məsələ üzərindən hərəkət edir”.
M.Əhmədoğlu hesab edir ki, Almaniya xarici işlər nazirinin regiona səfəri Dağlıq Qarabağ problemi ilə bağlı vasitəçi dövlətlərin də aktivləşməsinə gətirib çıxarıb: Hazırda prezidentlərinin növbəti görüşlərinin Fransa və ABŞ-da keçirilməsi məsələsi ortadadır. Bu onu göstərir ki, Almaniyanın aktivliyi problemin həlli istiqamətinə gedən proseslərə stimul verib. Ona görə də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Ştaynmayerin regiona səfərini müsbət qiymətləndirirəm”.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Almaniyanın konkret həll planı yoxdur: “ATƏT-in keçmiş sədrləri kimi hazırki sədr Almaniya da Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməkdə acizdir. Bunu Valter Ştaynmayerin İrəvan və Bakıda verdiyi açıqlamalar da göstərir. Halbuki, aprel döyüşlərindən dərhal sonra Almaniya XİN Dağlıq Qarabağ münaqişəsinin həlliylə 7 maddəlik təkliflər paketinin olduğunu açıqlamışdı. Həmin təkliflərin nədən ibarət olduğu aydınlaşmadı, Valter Ştaynmayer də bu məsələyə aydınlıq gətirmədi. Böyük ehtimalla bu təkliflər münaqişənin həlli ilə deyil, atəşkəsin qorunmasıyla bağlı idi”.
Politoloq qeyd edib ki, Valter Ştaynmayerin bölgəyə səfəri zamanı verdiyi açıqlamalar da göstərir ki, Berlin ATƏT-ə sərdlik etdiyi müddətdə cəbhə bölgəsində atəşkəsin qorunmasına çalışır: “Çünki Ştaynmayerin Bakıda verdiyi açıqlamalardan aydınlaşır ki, Berlin yaxın zamanlarda danışıqlardan nəticə əldə edilməyəcəyi halda bölgədə növbəti eskalasiyanın yarana biləcəyindən ehtiyatlanır. Təsadüfi deyil ki, Almaniyanın xarici işlər naziri atəşkəs rejiminin möhkəmlənməsi üçün lazımi tədbirlər görüləcəyini bildirib. Bu tədbirlər haqqında prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində də fikir mübadiləsi aparılmışdı. Ancaq rəsmi Bakı ATƏT monitorinq qrupunun bir neçə nəfərlə artırılması xaricində “insidentlərin araşdırılması mexanizminin” əleyhinədir, çünki bu Ermənistanın maraqlarına cavab verir və “status-kvo”nun uzanmasına aparır”.
Mərkəz sədrinin sözlərinə görə, Valter Ştaynmayer Bakıda Qarabağdan olan məcbur köçkünlərlə görüşündə deyib ki, Berlin Dağlıq Qarabağın azərbaycanlı icmasının Dağlıq Qarabağın erməni icması ilə davamlı görüşlərinin keçirilməsinə çalışacaq: “Bu təşəbbüsün reallaşması Azərbaycanın maraqlarına cavab verir. Ermənistan hakimiyyəti hər zaman Dağlıq Qarabağın separatçı liderlərini danışıqlara cəlb etmək istəyir. Rəsmi Bakı bunun əleyhinədir və mövqeyi belədir ki, Dağlıq Qarabağın erməni icması sonrakı mərhələdə danışıqlara qatıla bilər, bundan əvvəl isə Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk etməlidirlər”. Rəsmi Bakının Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqun genişlənməsinin tərəfdarı olduğunu deyən E.Şahinoğlu bildirib ki, ancaq rəsmi İrəvan buna mane olur.
Politoloqun sözlərinə görə, Azərbaycan və Almaniya xarici işlər nazirlərinin Bakıda keçirdikləri birgə mətbuat konfransında iki yeni xəbər də diqqəti çəkdi: “Birinci xəbər ondan ibarətdir ki, Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü Parisdə təşkil etməsinə dair təklifi var. İkinci xəbər isə odur ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana və Bakıya səfər edəcək. Bu səfərlər və görüşlər hələ ki, münaqişənin həllinə yox, atəşkəsin uzunmüddətli olmasına köklənib”.
Ceyhun ABASOV



