|
|
|
|
1945-ci il. İkinci Dünya müharibəsi başa çatıb.
Demək olar ki, bütün dövlətləri əhatə edən müharibə nəticəsində milyonlarla insan həlak olub.
Müharibə 1945-ci ildə antihitler koalisiyasının qələbəsi ilə başa çatıb.
Həmin ildə beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək məqsədilə BMT yaradılıb.
1985-ci il. “Titanik” gəmisinin qalıqları Atlantik okeanın 3 min 750 metr dərinliyində, Nyufaundlend adası yaxınlığında aşkar edilib.
Gəmini amerikalı tədqiqatçı Robert Ballardın rəhbərlik etdiyi ekspedisiya tapıb.
Suyun dibindən çıxarılan minlərlə qalıq UNESCO-nun sualtı mədəni mirasın qorunması üzrə Konvensiyasının himayəsinə verilib.
“Titanik”in Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədəki 2 min 224 sərnişin və ekipaj üzvündən 1513 nəfər həlak olub.
1829–cu il. Rusiya ilə Osmanlı dövləti arasında növbəti müharibənin yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb (1828-1829).
Müqaviləyə əsasən, Osmanlı dövləti Ahalsıx padşahlığının (Ahıska türklərinin yaşadığı ərazi - indiki Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verib.
Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirilib.
Bundan əlavə, Osmanlı dövləti Rusiyanın İranla apardığı müharibənin (1826-1828) yekunlarını, o cümlədən, Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsini rəsmən tanıyıb.
1781-ci il. Los-Anceles şəhərinin əsası qoyulub.
Los-Anceles ABŞ-ın Kaliforniya ştatında yerləşən və əhalinin sayına görə ölkənin ikinci, ştatın isə birinci şəhəridir.
Ərazisi 1302 kvadratkilometr olan şəhər, eyni zamanda, Los-Anceles dairəsinin mərkəzidir.
İspan dilində “Los-Anceles” sözünün tərcüməsi mələklər deməkdir.
Şəhərin əsl adı “El pueblo de nuestra senora la reina de los angeles de porciuncula”dır. Bu, ən uzun şəhər adı hesab edilir.