Yazdığım şeirlər yaşadığım ömrün, keçdiyim yolun məhsuludur. Yazdıqlarımı şeir saydığım dövrdən başlamaq istəyirəm. Yaşadığım dövrlə səsləşən şeirlərdən nümunələr misal gətirəcəyəm. Yaşadığım bu illər ərzində heç vaxt zamandan və baş verən hadisələrdən kənarda olmamışam. Diqqətli oxucularım mənim bu sözümü təsdiq edə bilərlər. Oxucularımı yormamaq üçün poemalarım, romanım, povest və hekayələrim haqqında məlumat vermirəm. Yalnız bəzi şeirlərimdən misralar, nadir hallarda şeirin əsas saydığım hissəsini təqdim edəcəyəm. Mən 1935-ci ildə dünyaya gəlmişəm. Şeirlərim isə məndən xeyli sonra, yəni 1956-cı ildən dünyaya gəldiyini sayıram. Ona kimi cızma-qaralarım vardı. Onları mən yonqar sayıram. 1956-cı ildə “Azərbaycan “ və “Kirpi” jurnallarında şeirlərim çap olundu. Elə bu vaxtdan şeirlərimin ömür yolu başlayır. Sizə hərəsindən bir kuplet dadına baxmaq üçün misal gətirdiyim şeirlər elə həmin ildə yazılsa da uzun illər sonra işıq üzü gördü.
Qarabuğdayı bir qıza yazdığım qoşmadan:
OLAYDI
Gecə-gündüz yar düşündüm, yar andım,
İnan sənə vəfalıdır, yar, andım.
Mən ki belə bir utancaq yarandım
Barı ürəyimdə dözüm olaydı.
Elə həmin ildə, yəni 1956-cı ildə Səməd Vurğunun vəfatına yazdığım şeirdən:
ŞAİR ÖLÜMÜNƏ MƏN İNANMIRAM
Bir durna təkləndi, bir şam qaraldı,
Bir dalğa qıy çəkib itdi dənizdə...
Şeir rübabından bir tel qırıldı,
Bir səs çatışmayır xoş nəğməmizdə.
1956
1959-1964-cü illər tələbəlik illərim. Görüşlər, tanışlıqlar insan bolluğu içində təklik – tənhalıq, qəriblik, etinasızlıq, boşluq ömrümə hakim kəsilmişdi.
DURĞUNLUQ,
BOŞLUQ şeirindən
Sənin
sərin,
mavi
baxışların tək,
dənizin üzərindən
əsir mavi bir külək.
boynumuzu dalayır.
Sular da yorğun-arğın
sahilini yalayır.
Eh...sənin dodaqların
baxışından soyuqdu.
Əslində bizim buna
heç könlümüz də yoxdu.
Tənhalıqdan qaçmışıq
tək görünməyək deyə,
sığınmışıq hansısa
bir xatirə kölgəyə.
Baxırıq gah dənizə,
Gah ulduza, gah aya.
Bəlkə heç ilk meymun da
bizim tək etinasız
baxmayıbdı dünyaya.
Hələ dediyin ad da
Öz əsl adın deyil.
Elə mənim adım da
Oğurluqdu elə bil
Demədim öz adımı
Arabir fikrə getdik.
Sən öz ərini andın,
Mən də öz arvadımı.
1962. Moskva
Həmin Moskva tələbəlik illərində yazdığım “Qaragül dərili quzu” şeirindən bir neçə misra. Əslində bu şeirin adını “Yazıq vətənim” qoymuşdum. Dostlarım “Qaragül dərili quzu” yazmağımı məsləhət bildilər.
Qaragül dərili quzu,
Təbiətin qəşəng qızı,
Elə ki sən
Bu dünyaya gəlirsən,
Çoban başının üstünü kəsir
əli bıçaqlı,
o da özünü bilir haqlı.
Dərin korlanmasın deyə
Səni həsrət qoyur
bir dünya gözəlliyə
başını kəsir.
lll
Quzum, ürəyinə vurulan yara
dərin oldu, dərin.
Quzum, özün də bilmədin ki,
Sənin qatilin
Öz gözəl dərin oldu, dərin.
1959-1964
BABALARIM
Babalarım bəy olub, mərd olub.
Qoçaq olub, mərd olub!
Kasıb olub, mərd olub.
Qaçaq olub, mərd olub.
Bəs bu namərdlər hardandır?
Bax bu mənə dərd olub.
1965. Bakı
Bu illərdə səfər şeirləri ilə yanaşı şeirlərimin mövzusu bir az başqa istiqamətdə inkişaf edir.
MƏN QANIM, YA QANMAYIM
Qansam əgər bəlkə başım
daşdan-daşa dəyəcək,
Qanmaz olsam dərd çəkmərəm,
bunu gərək danmayım.
Bu da var ki, onda məndən
çiçəklər inciyəcək,
İndi düzü mat qalmışam,
mən qanım, ya qanmayım.
Qansam gərək həmdəm olam
hər tanışa, hər yada,
Necə qanım qanmazların halına
mən yanmayım.
Mən qanmasam bir qanmaz da
artacaqdı dünyada,
İndi düzü mat qalmışam,
mən qanım, ya qanmayım.
1967. Bakı
Bu dövr “Rüşvətxorlar” və başqa bu kimi sərt şeirlərim də işıq üzü gördü.
Səfər şeirləri 1962-ci ildən bu günlərə kimi şeirlərimin, mövzularımın yol yoldaşı olub. 1964-cü ildə Kamçatkaya ezamiyyət zamanı “Uzaq Şərqin üfüqlərində Cavidi xatırladım” şeirini yazmışdım.
Təyyarədəyəm, göyləri
fəth etmədə sürət,
Çərxi-fələyin sürətini ötmədə sürət.
Yay idimi yer, ox kimi atdı bizi ərşə,
Qaçqın günəşə çatmağa yerdən üzü ərşə.
Cavid göy üfüqlərində çiməndə
səni andım,
Yandım, yenə yandım.
Karvanını çəkmiş yenə səyyarə
buludlar,
Ahındımı, arzundumu anlar.
Nəğməndimi, qu nəğməsi,
son nəğmən, əzizim,
Neylim mən, əzizim?
Həsrətli baxışlarını allam bu səmadan;
Bəlkə o baxışdan qalan izdir qızaran dan.
Sakit okean bir tərəfindirsə, a şair,
Bir yanda da qəlbin kimi çılğın
Xəzərindir,
Tayqa məzarındır. Ruhundumu,
könlündümü vulkan!?
Nəğməndimi, qu nəğməsi,
son nəğmən, əzizim,
Neylim mən, əzizim?
Bu “Neylim mən, əzizim?” sualının cavabını yetmişinci illərdə ulu öndərimiz Heydər Əliyev verdi. O illərdə Azərbaycan Sovet Sosialist Respublikasının birinci katibinin belə hərəkət etməsi böyük risk olmasına baxmayaraq, Əliyev Cavidin nəşini gətizdirdi. O unudulmaz günlərdə mən “Cavid gəlib aç qoynunu” şeirini yazdım.
Tale, nə gözəl gündü bu,
sən insafa gəldin,
Qırx ildi gəlirdin, gəl a Cavid,
səfa gəldin.
...Torpaq gözün aydın,
Onu al qoynuna, torpaq!
İtkin düşən oğlun gəlir,
Yoldan gəlir, yorğun gəlir.
Ey ulu torpaq, ana torpaq.
Cavid gəlib aç qoynunu,
Bas bağrına torpaq!
Bu dövr elə bil gizlin bir ümiddən insanların üzünə azadlığın işığı düşürdü. Ürəklərə inam, qüvvət verirdi. Neftayırma zavodları tikilirdi, yeniləşirdi. Dərin özüllər zavodunun özülü qoyulurdu. Peşə məktəbinin bazasında zabitlər məktəbi yaradılırdı. Bunların hamısının arxasında böyük bir niyyət dururdu. Azadlıq arzusu dayanırdı. Eyni zamanda yaxşı bilirdik ki, azadlıq böyük itkilərsiz keçmir. Bu görülən işlər həm də itkiləri azaltmaq üçün, xalqın qanı, canı bahasına qazandığı azadlığı sonradan qoruyub saxlaya bilməsi üçün daha vacib idi. Azadlıq qurbansız olmur. Onda ola ki, sosializm lagerindən azad olmaq elə türmədən qaçmaq kimi bir şeydi. Biz bir ölkəni” lagerdən” qaçırmaq istəyirdik. Bu doxsanıncı il iyirmisi yanvarsız olmayacaqdı. Amma mənim şeirlərim hələ səksən birinci ilə keçirdi. Böyük şairimiz Rəsul Rzadan sonra həyata vida edən, şerimizin xanım şairi Nigarın tabutu yanında durmuşdum, ürəyimdə şeirimlə dayanmışdım. Artıq məlum idi ki, onu Rəsulun yanında dəfn etməyəcəkdiər. Anar da qərara gəlmişdi ki, ikinci xiyabanda yox, anasını nənəsinin yanında dəfn eləsin. Məncə də düz qərar idi.
Rəsul Rzanın yarı,
Şeirimizin xanım Nigarı
zamanın çiynində getdi.
Bu isti yay günündə
Günəş qovurğa qovurur başımızda.
Bir yandan da ölüm, ayrılıq.
Sərinlik axtarırıq
bir damla göz yaşımızda.
Bundan o yana sirr yoxdu,
hər şey bəllidi, bəlli,
daha nə təsəlli.
Rəsulun Nigara açılmış qolları
Bütöv Azərbaycan torpağıdır.
Hara qoysanız Nigarı
Ora Rəsulun qoynudur,
cənnət bağıdır.
Bu ürəyimdə pıçıldadığım
Özümə təsəllidir,
Nigar xanım, sənə ağıdır.
Mat qaldım dünyanın oyununa,
İnsanın əsl boyu
Məzarda görünürmüş.
Mat qaldım məzarının
balaca boyuna.
Körpə qızı qayıtmışdı
ananın qoynuna.
Rahat
yat
Nigar xanım.
Bu sənin ana torpağındı,
Ana qoynu cənnətdən də
sənə yaxındı.
Torpaq heç kəsin deyil,
Hamı torpağındı.
Rahat
yat
Nigar xanım.
1986-cı ildə özüm çox ağır bir cərrahiyyə əməliyyatına məruz qaldım. Ayılanda gördüm səsim heç yoxdu. Verilən narkozun təsiri dörd ilə yaxın məndən tam getməmişdi. Yaddaşım qırılırdı, özümü yuxulu kimi hiss edirdim. Bir müddət şeir yaza bilmədim. Çünki mən şeir yazanda misraları bərkdən oxuyub, dinləyib, rəndələyib, düzəldib yazırdım. İndi isə səsim çıxmırdı. Misraların dadını, tamını hiss eləmirdim. Başımı qatmaq üçün “Taleyin ağır taleyi” adlı romanını yazdım. Məni o xəstəlikdən və əməliyyatdan sonra ayağa qaldıran xalq hərəkatı odu. Azadlıq meydanı, insanların birliyi 1989-cu il ərəfəsində yenidən şeirə qayıtdım. Özü də bu şeirlə:
YOXDU
Daş olarmış nadan səsi,
Sındı könlümün şüşəsi.
Qanmaz başlara düşəsi
Allahın bir daşı yoxdu.
“Dərd əlindən çıxdım dağa”
Dərdim var dərd dağlamağa.
Görürəm ey...ağlamağa,
Gözlərimin yaşı yoxdu.
Bu günlərdən ötən yazıq,
Yetməyən vay! Yetən yazıq.
Neyləsin bu vətən yazıq,
Başçımızın başı yoxdu.
Zaman sel kimi hamını, məktəbdən uşaqları, onların arasında mənim də balalarım vardı, evlərdən anaları, bacıları, qardaşları, onların arasında mənim anam, üç bacım, beş qardaşım, onların balaları vardı. Mən də gedirdim. Daha doğrusu, məni də bu sel aparırdı. Qoşurdu meydanda dalğalanan insan dənizinə. Bir yandan xalqımızın birliyi ilə iftixar edirdim. Bir yandan da vaxtın daraldığını, təhlükənin yaxınlaşdığını hiss edirdim. Görmüşdüm, Macarıstanın, Çexoslavakiyanın inqilabının necə yatırıldığını görmüşdüm. Onda ola SSRİ-nin mədəsində olan balaca Azərbaycan Respublikası ola. Bir bəhanə tapıb gələcəkdilər, bəhanəsiz də gələ bilərdilər. Kimdən utanacaqdılar? Nəhayət mənim ov tüfəngimi gəlib evdən apardılar başa düşdüm ki, vaxt az qalıb. Amma nə yaxşı ki, o zaman silahları əhalidən yığıblar. Çünki silahlı müqavimət göstərilmədi. Daha çox insan qırmağa bəhanə tapılmadı. O zaman mənim kifayət qədər yaşım vardı, hələ tam sağalmamışdım.
Səbrli adamam, görəcəyim işin nəticəsini düşünən adamam. Bilmirəm tüfəngim, qətərim evdə olsaydı mən dözüb dayana bilərdimmi. Cavan qızların, oğlanların güllələndiyini görüb dayana bilərdimmi? İnanmıram! Silahlar yığılmasaydı, özünü tankın altına atan dəliqanlılarımıza necə demək olardı ki, atəş açmayın. Desən nə xeyri vardı? Əli yalın özünü tankın altına atana nə deyəcəksən? Əlbət ki, əldə silahlar olsaydı, zəif bir müqavimət göstərəcəydik. Mütləq göstərəcəkdik. O yerdə, o vəziyyətdə insanın düşünməyə vaxtı olmur. Əllərinə girəvə verilmiş olacaqdıq. Bütün Azərbaycanı “ekstremist” adlandırıb tank tırtılları altında əzəcəkdiər, bacardıqca amansızlıqla əzəcəkdilər. Çünki başqa respublikalara bu dərs olmalı idi. İran Azərbaycan sərhəddinin sökülməsi bizə Moskvanın qurduğu tələ idi, bizi ona salmışdı. Amma biz bir xalq kimi bu döyüşdən üzü ağ, alnı açıq çıxdıq. Bizi bu döyüşdən qalib çıxardan birliyimiz odu. Biz şəhidlərimizi güllə altından çıxartdıq, milyondan çox insanın iştirakı ilə qərənfil yağışı altında Şəhidlər Xiyabanına apardıq, quduzlaşmış qoşun dönüb tamaşaçı olmuşdu. Fabriklər, zavodlar qırx gün susdu, şəhidlərin yasını saxladı. Biz onda qalib gəldik, SSRİ onda çat verdi, bizim zərbəmizdən çat verdi, dağıldı. Əslində o biri respublikaların da azadlığında bizim birliyimizin rolu var. Mən inanıram ki, o birlik xalq kimi bizim canımızın özəyində bu gün də var, yaşayır. Biz azadlığımızı bir daha əldən verən deyilik, buna cəhd eləyən hər hansı bir qüvvə qarşısında Azərbaycan xalqının birliyini görəcək.
Mənim indi yetmiş səkkiz yaşım var, bu yetmiş səkkiz ildə qazandığımız (xalq olaraq) ən qiymətli sərvət bizim azadlığımız, müstəqil dövlət olmağımızdır.
Mən azad bir ruham,
Bədənim mənim vətənimdir.
Beynimdə, ürəyimdə, ruhumda
Nə varsa azaddır, mənimdir.
Bədənimin vətəni Azərbaycandır,
Onun da ruhu var,
O da mənim kimi bir candır.
Azad olmasa döyüşər,
Ya qalib gələr,
Ya da şəhid düşər.
Azad olmasa insan
məhv olar bəşər.
1995-ci il
Qarabağ döyüşləri başlamışdı. Hərə özünə bir dəstə düzəldib guya döyüşürdülər. Döyüşənlər arasında ixtisaslı zabitlər az idi. Universitetlərin müəllimləri, akademiyanın alimləri, yun yuyan, limon-mandarin satan hamısı hərbi mütəxəssis olmuşdu. əlbət ki, onların arasında canı yanıb özünü oda toxuyanlar da vardı. Amma döyüş də dünyanın ən qədim sənətlərindəndir. Onun da məktəbi var. Bunların bəzisi axşam sıravi yatıb səhər yuxudan polkovnik oyanırdı. Yaxın qohumum Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmova dedim:
– Məlik dayı, niyə gedib bunlara öz köməyini təklif eləmirsən?
– Nəyə lazımdır? –dedi.
– Cavanlarımız qırılır, kəndlərimiz dağılır.
– Mənim öz işim var.
– Dayı, belə olmaz. Azadlığımız əldən gedə bilər. Orda mütəxəssis azdı. Axı sənin yüksək hərbi təhsilin, çox böyük hərbi təcrübən var. Sən yeganə adamsan ki, komandiri olduğun batareyanın on səkkiz əsgərinin hamısı Sovet İttifaqı Qəhrəmanı olub. Bu sənin vətənindi, get kömək elə.
Dayım əsəbiləşib mənə acıqlandı:
– Əl çək məndən. Sən mənə vətəni sevməyi öyrədirsən. – Sonra səsini aşağı saldı, susdu. Az sonra pıçıltılı səslə: –Getmişdim – dedi.
– Getmişdim. Birtəhər qəbula düşdüm. Dedim bəlkə gəlim, sizə lazım olaram. Dedilər get işinlə məşğul ol! Sənin dövrün keçib. Sən bunu bacarmazsan. Get mane olma.
Dayımın dediyi sözlər üzümə şapalaq kimi dəyirdi. Məni tər basmışdı. Vəziyyətimi görüb çiynimə əlini vurdu:
– Yaxşı, yaxşı, fikir vermə. Neçənci dəfədir bunu mənə deyirsən. Mən də sənə demək istəmirdim. Rusların misalı var: zorla əziz ola bilməzsən. Neynək. Fikir vermə.
İllər ötüb, o kişi də dünyasını dəyişib. Amma indi də ona verilən cavab yadıma düşəndə nədənsə mən utanıram.
ÖMRÜN YUKU
Ağıllının səhvi
Təsadüfən boynuna düşən
Bir yükdü.
Ağılsızın verdiyi əzabı
ömürlükdü.
1992-ci il
Mən xoşbəxt insanam vətənimin bu günlərini gördüm. Yaramaz insanları görəndə də bir az tutuluram, sonra düşünürəm ki, 1990-cı ildə də bu insanlar var idi. Amma vətən darda olanda, sınaq anında bizimlə qranit kimi birləşmişdi. Bugünkü qələbədə onların da xidməti var. Xoş günlərdə, arxayınlıqda, vətən təhlükəsi olmayanda insanların vətən qeyrəti xumarlanır, dincəlir, güman edirəm lazım oanda vulkan kimi oyanacaq. Amma mən şeirlərimi bu gün də yazıram.
2013-cü ildi, fevralın 25-i “Kainatda bir qadın hıçqırır” adlı şeir yazmışam. Sizə təqdim edirəm.
Kainatda bir qadın hıçqırır
Kainatda hıçqırır
Tənha bir qadın səsi.
Evi xərabə qalmış,
Evi – bu yer kürəsi.
Ağlayır yana-yana
Ağlayır, deyir, ana:
Cənnətdə mən çıxmışdım
Atamızın sözündən...
Düşdüm onun gözündən:
Mən cənnətdən qovuldum,
Atıldım yer üzünə.
Ev oldum, ailə odum.
Balalarım var idi
Ağ, qara, mulat, qızıl,
Qırmızı, sarı bəniz.
Ən parlaq ulduz idi
kainatda evimiz.
Mənəm, mənəm deyənlər
Özgə haqqı yeyənlər
Üz-üzə dayandılar,
Yandırdılar, yandılar.
Mən özüməm günahkar,
Deməyə də sözüm yox.
Atamın da yanına
Qayıtmağa üzüm yox.
Haram məndən keçmişdi
İnsana – övladıma.
İnsanlar nəsil-nəsil
Yanır mənim oduma.
Bu sonsuz kainatda
Didərgin bir qadınam.
Sənin qızın Həvvayam,
Mən sənin övladınam.
Düzdür, böyükdür xətam,
Keç günahımdan, atam.
Məni yenidən yarat,
Ya da cəhənnəmə at.
2013-cü il
Şeirlərimlə qol-qola, hələ ki, yola davam edirik. Haçana kimi? Allah bilir...