
Rejim əleyhinə narazılıqların pik həddə çatdığı Ermənistanda prezident Serj Sarkisyan hakimiyyət daxilində islahatlara başlayıb.
Baş prokuror Qevork Kostanyanın ardından baş nazir Ovik Abramyanın da istefası Sarkisyan tərəfindən qəbul edilib. Artıq hökumətin başına gətiriləcək şəxsin kimliyi də məlum olub. Bu, İrəvanın sabiq meri, "ArmRosqazprom"un direktoru Karen Karapetyandır. İşğalçı ölkənin hakim Respublika partiyası onun baş nazir postuna namizədliyini təsdiqləyib.
Son dövrlər Ermənistanda yaşanan siyasi, iqtisadi, sosial və hərbi gərginliyin yükünü öz üzərindən atmağa çalışan Serj Sarkisyan hökuməti istefaya göndərməklə xalqı inandırmaq istəyir ki, bütün baş verən hadisələrdə günahkar o deyil.
Lakin narazı xalq kütlələrini bu istefalarla sakitləşdirməyin qeyri-mümkün olduğu görünür. Erməni əhalisi təşkil olunan mitinqlərdə ölkəni bürüyən hərətərəfli böhranda əsas günahkar bildiyi Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşmağa çağırır. Əks halda rejim əleyhinə etirazların səngiməsi real görünmür.
Heç şübhəsiz ki, Ermənistanda yaşanan gərginlikdə əsas səbəblərdən biri də aprel hadisələridir. Dördgünlük döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən ağır zərbələr alan işğalçı ölkə hələ də bu məğlubiyyətdən özünə gələ bilməyib. "Keçilməz" Ohanyan səddinin bir neçə saat içində darmadağın edilməsi erməni əhalisini qorxuya salıb, hakimiyyətə qarşı inamsızlığını daha da artırıb. Təsadüfi deyil ki, erməni mənbələri yeni kabinetdə müdafiə naziri Seyran Ohanyan da daxil olmaqla bəzi nazirlərin yer almayacağını yazır. Karen Karapetyanın isə baş nazirliyinin qısamüddətli olacağı heç kəsdə şübhə doğurmur. Çünki Serj Sarkisyan 2017-ci ildə keçiriləcək referendumdan sonra baş nazirlik kreslosuna əyləşməyi hədəfləyib. Çünki Ermənistanda konstitusiya dəyişikliklərindən sonra ölkə parlament idarə üsuluna keçəcək. Belə olan halda ölkədə əsas söz sahibi hökumətin başçısı olacaq.
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib ki, bu ilin 2 aprel tarixində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən hərbi əməliyyatların əks-sədası Ermənistanda hələ də hiss edilməkdədir: "Azərbaycan Silahlı Qüvvələrinin uğurları tək Ermənistan ordusunu deyil, ümumilikdə erməni dövlətçiliyinin də ciddi qüsurlarını üzə çıxarıb. Ona görə də ciddi çaxnaşmalar ancaq qonşu ölkənin hərbi strukturlarında deyil, həm də Ermənistan cəmiyyətində də özünü açıq şəkildə göstərməkdədir".
Deputat qeyd edib ki, Ermənistanda artıq Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması çağırışları da güclənməkdədir.
A.Mirzəzadə hesab edir ki, aprel hadisələri ölkənin siyasi sisteminin və hakim siyasi komandanın da dəyişilməsinə ciddi təkan verib: "Təsadüfi deyil ki, baş nazir Ovik Abramyanın istefası ilə yanaşı, müdafiə naziri Seran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanın da hökumətdən uzaqlaşdırılması məsələsi gündəmdədir: "Hansı ki, bu üç şəxsin hər biri Serj Sarkisyandan sonra Ermənistan liderliyinə əsas namizədlər hesab edilirlər. Ancaq gözlənilmədən baş nazir postuna texnokrat Karen Karapetyan gətirilir. O fəaliyyətinin böyük bir hissəsini kommersiya fəaliyyətinə həsr edib və Ermənistandan kənarda yaşayıb. Onu və sonradan hakimiyyətdə mühüm postlara yeni simalar gətirilməklə sanki hansısa qüvvələr Ermənistan hakimiyyətinin yeni simasını yaratmağa və bununla da onları Dağlıq Qarabağ müharibəsinin məsuliyyətindən azad etməyə çalışır.
Düzdür, Ermənistan konstitusiyasına edilən dəyişikliklərə görə gələn il keçiriləcək parlament seçkilərindən sonra ölkə prezident respublikasından parlament respublikasına çevrilir və əsas sima prezident deyil, baş nazir olacaq. Serj Sarkisyan isə özünü bu posta iddialı olduğunu heç gizlətmirdi. Ancaq aprel hadisələrindən sonra Ermənistanda yaranan yeni situasiya Sarkisyan və onun komandasının perspektivini çox şübhəli edir. Ermənistan hakimiyyətinin kimliyi isə İrəvanda deyil, ölkədən kənarda müəyyən edildiyini nəzərə alsaq Ermənistandan kənar mərkəzlər yeni, keçmişlə əlaqəsi olmayan bir hakimiyyət formalaşdırmağa və bununla da ölkədəki vəziyyəti nəzarətdə saxlamağa çalışırlar".
Deputat hesab edir ki, yeni təyin edilən baş nazir Karen Karapetyan isə bu planın ilk və əsas bəndi kimi götürüldüyü hiss edilir: "Bir tərəfdən onun da əvvəlki siyasi komanda kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olması Ermənistandakı Qarabağ klanını da sakitləşdirməyə xidmət edir. Digər tərəfdən isə onun keçmişlə əlaqəsinin olmaması onu bir çox keçmiş məsələlərdə cavabdehlikdən azad edir.
Bütün bunlar müəyyən müddətdə Karapetyanı həm ölkə, həm xaricdə tanıtdırmağa və lazımi əlaqələr yaratmağa, sonra isə sakit şəkildə real hakimiyyətin Sarkisyandan ona keçməsinə şərait yaradır".
A.Mirzəzadə qeyd edib ki, Ermənistandakı vəziyyəti nəzarət altında saxlamaq üçün bu və ya digər variantlar da ortaya çıxa bilər: "Amma Ermənistan işğal etdiyi ərazilərdən öz silahlı qüvvələrini çıxartmayana və Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər "Karapetyan" planlarını hələ çox sınaqdan keçirilməli olacaq.
Bundan isə ən ağır zərbəni məhz özünütəcrid vəziyyətinə salmış Ermənistan alacaq. Azərbaycanın öz ərazilərini qaytarmaq əzmi artıq ortadadır və bunu həyata keçirmək üçün ölkənin bütün imkanları var".
Ceyhun ABASOV



