«Yeniufuq.az» saytının “Bizim Qonaq” rubrikasının növbəti qonağı “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc xanım Əzimbəylidir.
- Sevinc xanım, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi hansı zərurətdən yarandı?
- Öncə bildirmək istəyirəm ki, Azərbaycanda əsrlərdir milli-mənəvi dəyərlərimizin xalqımız tərəfindən qorunaraq mühafizə olunması digər xalqlardan fərqli olaraq millətimizin mənəviyyatının paklaşmasına və dirçəlişinə səbəb olmuşdur. Müstəqillik illərindən başlayaraq sərhədlərin açılması ölkəmizin iqtisadi gücünü möhkəmlətməyə səbəb oldusa, digər tərəfdən Azərbaycana yad düşüncələrin, xeyriyyəçilik və təhsil adı altında fəaliyyət göstərən zərərli qüvvələrin daxil olması prosesi baş verdi. Azərbaycanın tolerant dövlət olmasından “məharətlə” istifadə etməyi bacaran onlarla təriqət, məzhəb daşıyıcıları olan zərərli güc mərkəzləri ölkəmizdə müxtəlif adlar altında fəaliyyətlərini qurmağa nail oldular. Belə bir həssas dönəmdə milli mənafeləri düşünən bir inanc adamı olaraq düşündüm ki, ölkəmizdə həqiqi mənəviyyat adamlarının, dövlətçiliyinin bütövlüyünü istəyən ziyalı inanc adamlarının birliyini sistemli şəkildə təşkil etmək üçün ictimai bir təşkilata olduqca zəruri ehtiyac var. Bizim əsas prinsipimiz ölkədə milli-mənəvi irsimizin mühafizə və təbliğ olunması istiqamətində ardıcıl olaraq maarifləndirilmə işi aparmaqdan ibarətdir.
- Mümkünsə, rəhbərlik etdiyiniz qurumun gördüyü işlərdən söz açardınız...
- “Yeni Üfüq” dövlət qeydiyyatından keçdiyi bu 5 ay müddətində olduqca işgüzar və səmərəli fəaliyyət göstərib. Bu az bir müddətdə birliyimiz çoxlu sayda proqramlı şəkildə tədbirlər keçirib. Milli mənviyyatımız adına çoxsaylı tədbirlər keçirməklə insanların mənəvi cəhətdən zənginləşməsinə çalışırıq. “Xeyriyyəçilik – Saflığa aparan yol”, “Mövlanə mənəviyyatının işığında” adlı tədbirlərimiz daha çox yadda qalıb. ”Yazarlar ilə görüş” adlı layihələmiz çərçivəsində isə artıq ikinci görüşümüz keçirilib. Eyni zamanda “20 Yanvar” və “Xocalı Şəhidləri” adına keçirilən möhtəşəm tədbirlərimizi də qeyd etməyi vacib bilirəm. Önəmli tədbirlərimizdən biri də Afrikada susuzluqdan əziyyət çəkən insanlara su quyusu inşa etdirməyimizdir. Qürurverici olan odur ki, həmin quyunun üzərində Azərbaycan bayrağı dalğalanır.
Sevindirici haldır ki, “Yeni Üfüq” İctimai Birliyinin sıraları günbəgün artmaqdadır. Yeri gəlmişkən onu da vurğulayım ki, birliyimizin rəhbərliyi ziyalılardan ibarətdir. Birliyimizdə ayrıca gənclər şöbəsi fəlaliyyət göstərir. Gənclər şöbəsinin demək olar ki, ölkənin bütün ali təhsil ocaqlarında təmsilçiləri var. Qısa müddətdə birliyimizin Türkiyə, Almaniya, Amerika, Rusiya, Ukrayna üzrə təmsilçiləri fəaliyyət göstərir. Birliyimizin “yeniufuq.az” saytı da az bir zamanda mənəvi dəyərlərimizin maariflənməsi yolunda fədakarcasına öz səmərəli fəaliyyəti ilə bizi sevindirir.
- Bilirik ki, “Yeni Üfüq” İctimai Birliyi yarandığı gündən dövlətçiliyimizin bütövlüyü yolunda mücadilə etməktədir. Bəs bu günə qədər birliyinizin mənzil qərargahının olmaması fəaliyyətinizə təsir göstərirmi?
- Yarandığı gündən bu günə qədər birliyimizin mənzil qərargahınn olmaması bizi heç də vətən və millət adına şərəfli fəaliyyətimizdən çəkindirmədi. İdarə Heyətinin tədbirlərini fərqli ünvanlarda çətinliklərlə də olsa keçiririk. Söyləməyi özümə borc bilirəm ki, aidiyyəti dövlət rəsmiləri milli dövlətçilik mənafeyinə açıq fəaliyyətimizi dəstəkləyir. Doğrudur, qeyd etdiyiniz kimi, bu gün birliyimizin qərargah problemi yaşaması narahatlıq doğuran məqamlardandır. “Yeni Üfüq” İctimai Birliyi vətənə, dövlətə, bayrağa, milli heysiyyata bağlı olan, az bir müddətdə ətrafında yüzlərlə sağlam insanı birləşdirən bir quruma çevrilib. Təbii ki, belə bir qurumun mənzil qərargahı olmaması təkcə məni deyil, bütün üzvlərimizi narahat edir. Ümid edirəm ki, yaxın zamanlarda bu problemin həllinə nail ola biləcəyik.
- Siz ölkədə tanınan o fəal xanımlardansınız ki, dini kimliyinizlə milli kimliyinizə hər zaman önəm verirsiniz. Bizim üçün də maraqlıdır, milli düşüncəniz dini kimliyinizə əngəl olmur ki?
- Çox həssas bir məsələyə toxundunuz. Xalqımızın tarix boyunca üzləşdiyi faciələrin yaranma səbəblərindən ən başlıcası milli və dini kimliyimizdən uzaq duşməsi olub. Milli məfkurə daşıyıcısı və inanclı birisi olaraq bildirməliyəm ki, dini kimliyim nəinki milli kimliyimə əngəl olur, əksinə, vətənə, dövlətə, bayrağa, şəhidimə, soyuma bağlılığımı daha da möhkəmləndirir. Unutmamalıyıq ki, Peyğəmbərimiz (s.a.s) “vətəni sevmək imandandır” buyurmuşdur. Məhz vətənin dəyrini də əsl iman sahibi olanlar daha yaxsi bilər. Mənim də milli kimliyim kimi, dini kimliyim də qürurumdur.
- Sevinc xanım, maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.
- Mən də sizə təşəkkür edirəm. Uca Allah dövlətimizin bütövlüyünü, xalqımızın birlik və bərabərliyini qorusun. Amin!
Şahxanım Bəşirqızı
“Yeniufuq.az”