Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, oktyabrın 5-də Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, belə tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında Silahlı Qüvvələrimizin müasir hərbi texnika və silahlarla təchizatı məsələlərinə toxunaraq, Azərbaycan Ordusunun bütün göstəricilər üzrə regionun ən qüdrətli ordusu olduğunu qeyd edib.
Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri haqqında gənclərə ətraflı məlumat verib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirdiyi tədbirlər gənc nəslin milli ruhda tərbiyə edilməsi işinə müsbət təsir edir.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, N saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.
Bədii hissədə vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Abşeron rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib olunan proqramla çıxış ediblər.
MÜŞFİQ