V Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı tarixçi və siyasi analitik, politoloq, hüquqşünas Oleq Yureviç Kuznetsov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Fonddan 525.az-a verilən məlumata görə, əməkdaşlar, Azərbaycan Gənc Diplomatlar Birliyi və Fondun Könüllülər Birliyinin üzvləri ilə görüşən tarixçi alim gənclərə beynəlxalq terrorizm və erməni terrorizmi haqqında apardığı araşdırmalar barədə danışıb. Professor bildirib ki, o, uzun müddət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlama səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq edib, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək hadisələrin real təsvirini yaratmağa nail olub.
O.Kuznetsovun müəllifi olduğu «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» əsərinin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda, digər qurum və təhsil müəssisələrində dəfələrlə təqdimatı keçirilib.
Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov professorun ingilis dilinə tərcümə olunaraq dərc olunan «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» adlı əsərinin tarix elminə töhfə verdiyini və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rolu olduğunu vurğulayıb.
Daha sonra O.Y. Kuznetsov Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələri ilə də görüşüb. Tələbələrə «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» mövzusunda mühazirə deyən alim onların çoxsaylı suallarını da cavablandırıb.
160-dan çox elmi işin, o cümlədən 8 monoqrafiyanın, ali məktəb üçün 3 dərs vəsaitinin müəllifi olan O.Kuznetsovun bir çox əsərləri ingilis, alman, fransız, türk və Azərbaycan dillərinə tərcümə olunub. O.Kuznetsov həm də Rusiyanın, Qafqazın, Şərqi Avropanın orta əsrlər dövrünün tarixi, coğrafiyası üzrə mütəxəssisdir. Bundan başqa, hüquq müdafiəsi sahəsində geniş fəaliyyət dairəsinə malikdir. Hazırda Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcı fəaliyyətlə məşğuldur.
Tanınmış rusiyalı alimin Bilik Fondu ilə əməkdaşlığı davam edir.