|
|
|
|

Bu yaxınlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi çərçivəsində ilkin mərhələdə işğal olunan ətraf rayonlardan 5-nin geri qaytarılması məsələsi yenidən gündəmə gəlmişdi.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu məsələylə bağlı açıqlaması Azərbaycan cəmiyyətində münaqişənin həllində tezliklə hər hansı bir irəliləyişin əldə olunacağına, torpaqların bir hissəsinin geri qaytarılacağına az da olsa, ümid yaratmışdı.
Türkiyənin xarici işlər naziri Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı bildirib ki, Rusiya Türkiyə ilə bu ideyanı paylaşıb, onlar isə dəstəkləyiblər: "Bunu Azərbaycan tərəfi ilə də müzakirə etmişik. Biz Qarabağ probleminin həlli üçün çox çalışmışıq. Ermənistanla münasibətin normallaşması üçün də xeyli iş görmüşük. Hətta İsveçrədə saziş də bağlamışıq, lakin bu, nəticə verməyib".
Türkiyəli nazir əlavə edib ki, hazırda Minsk Qrupunun həmsədrləri bəzi konstruktiv təkliflər irəli sürüblər: "Gündəmdə işğal olunmuş ən azı beş rayonun Azərbaycana qaytarılması məsələsi durur. Əgər bu cür addımlar atılsa, biz Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyik. Biz Ermənistanla da münasibətlərin normallaşmasını istəyirik. Güman edirik ki, Azərbaycan da bunu istəyəcək. Nəyə görə Cənubi Qafqazda bu cür təhlükə, bu cür problem olmalıdır? Niyə o, həll olunmur? Bunun üçün Minsk Qrupu da səy göstərməlidir".
M.Çavuşoğlunun açıqlamasının üzərində bir neçə saat keçməmiş Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təkzib xarakterli bəyanat verib.
O bildirib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyini düşünmür, amma mübahisənin sona çatdırılması üçün səylərini əsirgəməyəcək: "Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyi məsələsində böyük nikbinlik olduğunu deməzdim. Ancaq biz tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və İrəvanla işləməyə davam edəcəyik".
Y.Uşakovun bu açıqlaması Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Məsələyə dərhal münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlaması təəccüb və təəssüf doğurur: "Yuri Uşakov tərəfindən səsləndirilən bu açıqlama prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlara ziddiyyət təşkil edir: "Həmçinin bu açıqlama Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir".
XİN rəsmisinin sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır: "Substantiv danışıqlar qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir".
H.Hacıyev bildirib ki, Azərbaycan suveren ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir: "Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək".
Rəsmi Bakının narahatlığını görən Kreml yenidən fikirlərində korrektə etmək məcburiyyəti duyub. Bu dəfə isə açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya biləcəyini deyib.
Lakin görəsən, Yuri Uşakovun fikirlərinə Sergey Lavrovun düzəlişləri Azərbaycan cəmiyyətində ATƏT-in Minsk Qrupunun üzvü kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirakına inamı geri qaytara biləcəkmi?
Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Uşakovun açıqlaması Kerrinin açıqlamasından fərqlənmir: "Bu o deməkdir ki, nə Vaşinqtonun, nə də Moskvanın Dağlıq Qarabağ münaqişəsinin qısa müddətlə həllinə ümidləri yoxdur".
Politoloq bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin oktyabrın 7-dəki toplantısında Qarabağ münaqişəsi ilə bağlı belə bir cümlə işlədib: "Qapalı görüşlərdə bizi Qarabağı tanımağa məcbur etmək istəyirlər". Prezidentin bu cümləsi o demək deyil ki, həmsədrlər həqiqətən rəsmi Bakıdan Dağlıq Qarabağın "müstəqilliyinin" tanınmasını tələb edirlər. Görünür, həmsədrlər qapalı danışıqlarda rəsmi Bakıdan bunu tələb edirlər: "Siz Dağlıq Qarabağda referenduma razılaşmalısınız ki, bunun müqabilində torpaqlarınız azad olunsun". Ancaq elə bu ifadənin özünün də prezidentin dediyi kimi "müstəqilliyin" tanınması tələbindən fərqi yoxdur. Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir. Dağlıq Qarabağda əhalinin nisbəti ermənilərin xeyrinədir və onlar referendumda "müstəqilliyə" səs verəcəklər".
E.Şahinoğlu qeyd edib ki, rəsmi Bakı hazırkı mərhələdə referendum təklifini qəbul etmir: "Əsas tələb Dağlıq Qarabağ ətrafındakı rayonların qeyd-şərtsiz boşaldılmasıdır. Ermənistan hakimiyyəti isə referendum qarantiyası almadan bu addımı atmaq istəmir".
Mərkəz sədri hesab edir ki, Amerika Birləşmiş Ştatları və Rusiya indiki şəraitdə Dağlıq Qarabağ münaqişəsini həll etməyəcək: "İki dövlətin Ukrayna və Suriyaya görə bir-birləri ilə münasibətləri gərgindir. Hətta iki dövlətin hərbi qüvvələrinin Suriyada üz-üzə gəlməsi təhlükəsi var. ABŞ hərbçiləri deyirlər ki, hərbi təyyarələrimiz Bəşər Əsəd ordusunun mövqelərini vura bilər, rusiyalı hərbçilər isə buna cavab olaraq deyirlər ki, Amerika təyyarələri Əsəd ordusunu hədəf alsa, Rusiya Suriyada yerləşdirdiyi C-300 raketləri ilə Amerika təyyarələrini vuracaq. Belə şəraitdə ATƏT-in Minsk Qrupunun iki həmsədri olan ABŞ və Rusiyadan Qarabağ münaqişəsinin həlli məqsədilə ortaq fəaliyyət gözləmək problematikdir.
Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi. Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığını göstərir. Əksinə rəsmi Bakıya təzyiq var. Ermənistana təzyiq yoxdursa, bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər".
Politoloq deyib ki, Rusiyanın Ermənistanı "İsgəndər" raketləri ilə təchiz etməsi rəsmi Bakını narahat edib və buna uyğun addımlar atılıb: "Birincisi, prezident İlham Əliyev Rusiyanın adını çəkmədən Ermənistanı silahlandıranları tənqid edib. Ermənistanı silahla yalnız bir ölkə təchiz edir. Ona görə də tənqidin ünvanı bəlli idi. İkincisi, son günlər Azərbaycan ordusunda hərbi təlimlərin sayı xeyli artıb. Müxtəlif növ təlimlər və artilleriya atəşləri həyata keçirilir. Bu da Ermənistanın "İsgəndər" raketlərinə yiyələnməsi ilə bağlıdır. Üçüncüsü, Azərbaycan Ermənistan ordusunun "İsgəndər" raketlərini neytrallaşdırmaq üçün həm xaricdən müasir raket kompleksləri almağı planlaşdırır, həm də yerli hərbi-sənaye kompleksi raket komplekslərinin istehsalına başlayır. Dördüncüsü, müdafiə naziri Zakir Həsənovun son açıqlamaları diqqəti çəkir".
E.Şahinoğlunun sözlərinə görə, Zakir Həsənov Azərbaycanın Ermənistanın "İsgəndər" raketlərini məhv edəcək müasir silahları olduğunu bildirib: "Yəni, bu bir növ Azərbaycan cəmiyyətinə mesaj idi ki, Azərbaycan ordusunun əlində "İsgəndər" raketlərindən də güclü silahı var. Bu, həm də Ermənistan cəmiyyətinə mesajdır".
Politoloq bildirib ki, bölgədə silahlanmanın miqyası getdikcə genişlənir: "Bununla növbəti hərbi qarşıdurmanın qarşısını almaq çətin olacaq. "Biz müharibə istəmirik" ifadəsini hamı işlədir, ancaq bunun baş verməməsi üçün münbit zəmin yoxdur.
Cəbhə bölgəsində gərginlik getdikcə artır. Budəfəki müharibə apreldəkinə bənzəməyəcək. Növbəti müharibə lokal deyil, total xarakter daşıya bilər. Total müharibə yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda cərəyan etməyəcək, müharibə Ermənistanla Azərbaycanın digər bütün ərazilərini əhatə edə bilər. Əlbəttə, bu halda Naxçıvan üzərində də müəyyən təhlükə yaranacaq. Belə olarsa, Naxçıvanın təhlükəsizlik qarantörü kimi prosesə Türkiyə də qoşulmaq məcburiyyətində qalacaq. Rusiya Ermənistanı müdafiə etsə belə, Azərbaycana qarşı "İsgəndər" raketlərindən istifadə ediləcəksə, bu cavabsız qalmayacaq, Azərbaycan da Ermənistan ərazisindəki obyektləri vuracaq. Bu andan başlayaraq Rusiya ilə Türkiyə arasındakı münasibətlər yenidən gərginləşəcək. Bu bölgə üçün fəlakət ssenarisidir. Bu fəlakətin qarşısını almaq üçün münaqişənin həllinə başlanılmalıdır. Ancaq bu, yoxdursa, dəhşətli ssenarinin reallaşması ehtimalı getdikcə artacaq".
Hərbi ekspert Üzeyir Cəfərov isə qeyd edib ki, son vaxtlar ölkəmiz və xüsusən də Qarabağla bağlı baş verən proseslər, özlərini dünyanın söz sahibi hesab edən güclərin atdıqları addımlar, sərgilədikləri münasibət olduqca narahatedicidir: "Məncə xırdalamağa ehtiyac yoxdur ki, böyük güclər nəhayət ki, öz iç üzlərini açıb ortalığa qoyublar. İstər Amerika dövlət katibi Con Kerri olsun, istərsə də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov faktiki açıq şəkildə bəyan ediblər ki, Azərbaycan xalqı Qarabağ məsələsində yaxın zamanlarda nəyinsə dəyişəcəyinə çox da ümid etməsin. Ardınca da, Azərbaycan rəsmilərinin, həmçinin cəmiyyətin, mətbuatın sərt münasibətini görüb, bir qədər mövqelərini düzəltməyə, fikirlərini korrektə etməyə başlayıblar. Artıq gecdir və necə deyərlər "qatar yola düşüb və onu geri qaytarmaq faktiki mümkün deyil". Deyilən deyilib, söylənilənlər də, hansısa küçə uşağının dedikləri deyil, dünyanın aparıcı dövlətlərinin rəsmi şəxslərinin sözləridir ki, onu da mətbuat ictimailəşdirib. Bir sözlə, bizə ölkə daxilində gələcək addımlarımızla bağlı, beynəlxalq güclərə - BMT, ATƏT və digər qurumlara nə deyə biləcəyimizi götür-qoy etmək qalır. Hər halda yaxın perspektivdə düşünürəm ki, hörmətli güc sahibi olan dövlətlərin nümayəndələri, diplomatları bir çox məsələlərə aydınlıq gətirməli olacaqlar".
Ekspertin sözlərinə görə, görünən odur ki, böyük dövlətlər çox mürəkkəb və son dərəcə təhlükəli oyunlara baş vurub.
Ceyhun ABASOV



