Tutulan şəxsin ailə başçısının bacısının əri olduğu bildirilir
Cəlilabad şəhərində Nahidə Quliyeva və onun iki azyaşlı qızını - Mədinə və Nurayı qətlə yetirməkdə təqsirli bilinən şəxs tutulub.
Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisəni törətməkdə təqsirli bilinən Cəlilabad şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Mirzəkişi oğlu Quliyev hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıb.
Tutulan şəxsin Nahidə Quliyevanın həyat yoldaşı Məzahir Quliyevin bacısının əri olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi olub.
Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 24-ü saat 2.00 radələrində baş verib.
Cəlilabad şəhəri, 20 Yanvar küçəsi, 63 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Nahidə Mirzəbala qızı Quliyeva, onun iki azyaşlı qızı - 2009-cu il təvəllüdlü Mədinə Məzahir qızı Quliyeva və 2011-ci il təvəllüdlü Nuray Məzahir qızı Quliyeva naməlum şəxs və ya şəxslər tərəfindən iti alətlə boğaz nahiyələrindən xəsarət yetirilməklə öldürülüblər. Qətldən sonra ev yandırılıb.
Qoşular və yanğınsöndürənlər Nahidə Quliyeva və Nuray Quliyevanın meyitlərini evdən çıxara bilsələr də, Mədinənin meyiti yanaraq tanınmaz vəziyyətə düşüb.
Qeyd edək ki, N. Quliyevanın həyat yoldaşı, 1978-ci il təvəllüdlü Məzahir Səmədağa oğlu Quliyev internet-kafe işlədir və hadisə baş verən vaxt işdə olub.
Cəlilabad Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisənin Cəlilabad şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Mirzəkişi oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub. V. Quliyevin qətli Nahidə Quliyeva ilə aralarında olan şəxsi münaqişə zəminində çoxsaylı zərbələri ilə törətdiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (qətl) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
***
Cəlilabadda dəhşətli yanğın hadisəsi baş verib.
Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə Cəlilabad şəhəri, 20 Yanvar küçəsi, 63 ünvanında yaşayan, 1978-ci il təvəllüdlü Məzahir Səmədağa oğlu Quliyevə məxsus fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin səyləri nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 144 kv.m olan 3 otaqlı evin 1 otağı içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız hala düşüb.
Hadisə yerinin təhqiqatı zamanı ev sahibinin 2 yaşlı qızı Mədinə Quliyevanın yanmış cəsədi aşkarlanıb. Yanğının başvermə səbəbləri təhqiqatlardan sonra bəlli olacaq.
Faktla bağlı araşdırma aparılır.