Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin Naxçıvan şəhərindəki ev-muzeyində orijinal bir fotoşəkil var. Bu tarixi fotoşəkli ilk dəfə 2004-cü ildə "Şərq qapısı" qəzetində çap etdirmişik.
Elə həmin yazıda bildirmişdik ki, bu fotoşəkillə bağlı araşdırmalara başlamışıq. İndiyədək bir çox kitablarda, jurnallarda və muzeylərdə maraqla qarşılanan bu fotoşəkildəki şəxsiyyətlərin bir neçəsi dəqiqləşsə də, axtarışlara, araşdırmalara son nöqtə qoyulmamışdı. Biz istəyirdik, şəxsiyyətlərin kimliyi dəqiq müəyyənləşdirilsin. Çünki hiss edirdik ki, müəyyənləşdirmədə ehtimallar da var. Artıq bir ay olar ki, araşdırmalarımıza nöqtə qoyulub desək, səhv etmərik. 2004-cü ilədək çox az adamların gördüyü bu fotoşəkildəki şəxsiyyətlərin kimliyi və fəaliyyəti haqqında öyrəndiklərimizi oxucularla da bölüşmək arzusundayıq.
Qeyd edək ki, axtarışlarımızın uğurlu nəticələnməsinə "Avrasiya Gündəliyi" portalındakı müsahibə səbəb oldu. Bu ilin iyun ayında Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Qurultaya gələn nümayəndələrdən biri də İrəvan xanlarının qürbətdə yaşayan varislərindən olan Turhan Turqut idi. Onun "Avrasiya Gündəliyi" portalında müsahibəsi çox maraqla qarşılanmışdı.
Turhan Turqutun müsahibəsi, bir növ, ümumi xarakter daşıyırdı. Yəni o, İrəvan xanlarının şəcərəsinin dərinliyinə getməyərək bəzi maraqlı, vacib məqamlardan söhbət açmışdı. Necə deyərlər, maraq mənə də güc gəldi. Çünki Naxçıvan xanlığının tarixini araşdırarkən İrəvan xanlığı ilə bağlı bir çox məsələlər də mənim üçün aydınlaşmışdı.
Turhan Turqutla elektron poçt vasitəsilə tanışlıqdan sonra bir müddət hər gün məktublaşdıq. Onun haqqında bir az sonra.
Məqalədə bəzi məsələlərə daha ətraflı aydınlıq gətirmək üçün İrəvan xanlığının tarixinə azacıq da olsa, ekskurs edək.
Bir çox arxiv mənbələrindən və İrəvan xanlığına aid yazılmış kitablardan məlum olur ki, Həsənəli xan Qacar 1755-1759-cu illərdə İrəvan xanlığını idarə etmişdir. "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" monoqrafiyasında öz əksini tapan Həsənəli xanın İrəvanın yerli Qacarlarından olduğu haqda məlumatı bir çox mənbələr təsdiqləyir. Və oradaca qeyd edilmişdir ki, Həsənəli xan Qacar hələ Nadir şah dövründə İrəvan hakimi olmuş və şah tərəfindən cəzalandırılaraq hər iki gözü çıxarılmışdı. 1759-1760-cı illərdə onu qardaşı Hüseynəli xan Qacar əvəz etmişdir.
Buradaca bir haşiyə çıxmaq maraqlı olardı. Şəcərəşünas alim Ənvər Fərəcov "İrəvan xanları, onların mənşəyi, nəsilləri" adlı məqaləsində yazır: "Həsənəli xan İrəvanı yenidən qurmuş, iqtisadiyyatını dirçəltmiş, əhalisini yaxşı yaşamla təmin etmişdi. Həsənəli xanın Məhəmməd xan, Məhəmmədəli xan adlı oğulları vardı".
Ənvər Fərəcov məqaləsini farsdilli sənədlər əsasında hazırladığından buradakı məlumatlar yenidir. Onun yazdığından məlum olur ki, 1827-ci ilin iyununda Naxçıvandakı Abbasabad qalasında gedən döyüşlərdə 4 min bəxtiyarı və azərbaycanlı sərbazlara Məhəmməd xan başçılıq edirmiş. Rusiya qoşunları qalanı tutandan sonra onu da Tiflisə əsir aparmışdılar.
Tədqiqatçı-alim Həsənəli xanın və Hüseynəli xanın atasının Xəlil xan olduğunu da qeyd etmişdir. Bu, həmin Xəlil xandır ki, 1751-1755-ci illərdə İrəvana xanlıq etmişdir.
İrəvan şəhərində anadan olan Hüseynəli xan mükəmməl mədrəsə təhsili almışdı. O, qurucu, səxavətli bir xan olmuşdur. Hətta o, İrəvan şəhərini yenidən qurmaq üçün Xoy xanlığının baş memarı Mirzə Cəfəri İrəvana dəvət etmişdi. Bu haqda "İrəvan xanlarının diplomatik məktubları" külliyyatında ətraflı məlumat vardır. Görkəmli Azərbaycan memarı Mirzə Cəfər Xoylu məşhur Yeni Xan Sarayını tikmişdir.
Azərbaycan memarlığının nadir incilərindən olan Göy məscidi Hüseynəli xan tikdirdiyi üçün onun şərəfinə hələ sağlığında və sonralar da bu məscid Hüseynəli xan məscidi adlanırdı. Həmin məscidi 1988-ci ildə erməni vandalları yandırmışlar.
1783-cü il noyabrın 9-da qiyamçılar Hüseynəli xanı öldürmüşlər.
Hüseynəli xan Naxçıvan xanı I Kalbalı xanın və Xoy xanı Əhməd xanın qayınatası idi. Hüseynəli xanın Qulaməli xan və Məhəmməd xan, Məhəmmədqulu xan adlı oğulları, Tükəzban xanım və Səltənət xanım adlı qızları olmuşdur. Digər övladları da ola bilər, hələlikdə kameral siyahılarda yuxarıda qeyd etdiklərimizin adlarına rast gəlmişik.
Qulaməli xanın 15 yaşı vardı. Atasının ölümündən sonra onu xanlıq taxtına əyləşdirmişlər. Və o, cəmi 8 ay hakimiyyətdə qala bilmişdir. 1783-cü ildə hakimiyyətə gəlsə də, 1784-cü ilin yayında saray çevrilişi zamanı qətl edilmişdir. Onun yerinə 12 yaşlı Məhəmməd xan (bəzi mənbələrdə Məhəmmədhüseyn yazılıb - müəllif) təyin olunmuşdur. Məhəmməd xan da atası Hüseynəli xan kimi qurucu və xeyirxah bir xan olmuşdur. O, kürəkənləri naxçıvanlı I Kalbalı xanla çox vaxt eyni diplomatiya apardığından Fətəli şahın qəzəbinə gəlmiş və 1806-cı ildə tutulub Tehran həbsxanasına aparılmışdı. Qeyd edək ki, o, hələ Ağa Məhəmməd şah Qacarın da hakimiyyəti dövründə həbs edilmişdi. Sənədlərin dili ilə desək, Məhəmməd xan 1784-cü ildən 1805-ci ilin iyununa qədər İrəvana xanlıq etmişdir (1797-ci ildə üçaylıq fasilə olub).
Məhəmməd xanın Rzaqulu xan, Həsənəli xan, Hüseynəli xan və Məhəmmədhüseyn xan adlı oğulları olmuşdur.
Ənvər Fərəcovun yazdığına görə, onların üçü şair olub. Qeyd edək ki, Xəlil xanın 3-cü oğlu Məhəmmədhəsən xanı 1783-cü ildə qardaşı Hüseynəli xanla birlikdə öldürmüşlər.
Ənvər Fərəcovun araşdırmalarında İrəvan Qacarlarının bu qolu Ziyadlılar kimi qeyd olunmuşdur. Bəzi kitablarda onlar Dəvəli Qacarlar kimi yazılmışdır. Xarici ölkələrdə yaşayan varislər isə Turqutlar olduqlarını yazırlar. Bizcə, irəvanlı Hüseynəli xan Dəvəli Qacarlardandır. Hər halda bunun ciddi araşdırmaya ehtiyacı var. Çünki İrəvan xanlığında Dəvəli şəhəri olub və Sovet hakimiyyəti illərində bu şəhəri Ararat adlandırıblar.
1806-cı ilin dekabrından 1827-ci il oktyabrın 13-dək İrəvana xanlıq edən Hüseynqulu xan Qacarın və qardaşı Sarı Aslanın (Həsən xanın) Hüseynəli xanla qohumluğu haqda hələ ki, baxdığımız sənədlərdə məlumata rast gəlmirik. Gürcüstan Milli Arxivində İrəvan xanı Məhəmməd xanın qardaşı Məmmədqulu xana məxsus olan bir arxiv qovluğunda onun hərbçi olması haqda məlumat vardır. Həmin sənəddən məlum olur ki, hərbi rütbəsi kapitandır. İrəvan xanlığı Rusiya tərəfindən işğal ediləndən sonra da İrəvanda yaşamış və xanlıq titulunu ondan almamışlar. Qeyd edək ki, ona məxsus arxiv işinin üzərində "Kapitan Məmmədqulu xan" yazılmışdır.
Məmmədqulu xanın oğlanlarından biri Mehbalı xan olub. Bəzən sənədlərdə Möhbalı, Möhübəli xan kimi də qeydlərə rast gəlinir.
Naxçıvan tarixinin XIX yüzilliyin ikinci yarısından üzübəri açılmamış səhifələrini araşdırarkən İrəvan xanlarının varislərindən olan Abbasqulu xan İrəvanskinin adına tez-tez rast gəlirik. Bizim araşdırdığımız fotoşəkildə Abbasqulu xan İrəvanski ortada əyləşmişdir.
Abbasqulu xan Mehbalı xan oğlu, təxminən, 1830-cu ildə İrəvan şəhərində doğulmuşdur. Babası Məmmədqulu xan 1846-cı ildə vəfat edəndə Abbasqulu xanın 16 yaşı vardı. Abbasqulu xan gənc yaşlarından İrəvan quberniyasında nüfuzlu şəxsiyyətlərdən biri olmuşdur. Onun İrəvan şəhərində 1860-cı ildən gördüyü işlər haqqında o dövrün mətbuatı da ətraflı məlumat verir. Abbasqulu xan dövrünün ziyalısı kimi tanınmış, İrəvan Şəhər Dumasına üzv seçilmişdir (1882-1899). O, maarifçilik işlərində də öz maddi köməyini əsirgəməmişdir. Abbasqulu xan İrəvan rus-türk məktəblərinin fəxri nəzarətçisi vəzifəsini daşımaqla bərabər, xeyriyyəçilik də etmişdir. Onun haqqında "Qafqaz təqvimi"ndə və "Qafqaz" qəzetində belə materiallara daha çox rast gəlirik. Abbasqulu xan Naxçıvanla çox bağlı olmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, İrəvanın Dəvəli Qacarlarını Naxçıvanın Kəngərli xanları ilə qohumluq telləri bağlayır. Abbasqulu xanın da həyat yoldaşlarından ikisi Naxçıvandan olmuşdur: general İsmayıl xanın qızı Tərlan xanım və general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı Zərrintac bəyim. Abbasqulu xanın ikinci həyat yoldaşı Tərlan xanımdan 7 övladı olub: Kərim xan, Əli xan, Həsən xan, Xanlar xan, Fəxrəntac xanım, Gövhərtac xanım və Tacı xanım...
(Ardı var)
Musa Rəhimoğlu (QULİYEV)
tarix üzrə fəlsəfə doktoru