"Azərbaycanda fəaliyyət göstərən psixoloji mərkəzlərin lisenziyası qeyri-qanunidir".
Bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov adıçəkilən komitənin iclasında deyib.
Onun sözlərinə görə, psixoloji mərkəzlərin fəaliyyəti üçün lisenziyanı Səhiyyə və təhsil nazirlikləri verməlidir. "Ancaq bu gün fəaliyyət göstərən psixoloji mərkəzlərin lisenziyası kim tərəfindən və hansı məqsədlər üçün verilib, bu, bəlli deyil. Bunlar qeyri-qanunidir və bunlara qarşı mübarizə aparılmalıdır. Hesab edirəm ki, bu sahədə ciddi nizam-intizam yaradılmalıdır. Çünki bu gün heç də hamının psixoloji yardım almaq imkanı yoxdur və bunun üçün şərait yaradılmalıdır"- deyə, komitə sədri vurğulayıb.
Komitə sədri onu da əlavə edib ki, bu gün Azərbaycanda elə insanlar var ki, xaricə gedir və böyük məbləğdə vəsait xərcləyib psixoloji yardımlar alırlar, ancaq nəticəsi olmur. "Onlar yenidən Azərbaycanda psixoloji yardım alaraq sağalırlar. Bu sahədə də ciddi problemlər mövcuddur. Ona görə ki, burada bir çoxları xaricdə heç də keyfiyyətli tibbi xidmət göstərməyən klinikaların reklamı ilə məşğuldurlar.
Nəticədə insanlar aldanıb gedirlər xaricə və müalicələri üçün böyük məbləğdə vəsait xərcləyirlər, ancaq xeyrini görmürlər. Belə hallara qarşı mübarizə aprılmalıdır"- deyə, Ə.Əmiraslanov bildirib. Komitə sədri bu məsələdə həkimləri də qınayıb: "Bu məsələdə biz həkimlərin və mütəxəssislərin də günahı böyükdür. Çünki qeyd etdiyimiz müalicə metodlarını yetərincə cəmiyyətə çatdıra bilmirik. O baxımdan da bəzi dırnaqarası həkimlər bu ada ləkə gətirir. Odur ki, gördüyümüz işləri cəmiyyətdə təbliğ etməyi bacarmalıyıq".
"Psixoloji mərkəz adı altında yerlər açılıb ki, onlar insanları soymaqla məşğuldur". Bunu isə deputat Kamilə Əliyeva deyib.
Millət vəkili bildirib ki, həmin yerlərdə işləyənlərin çoxu müəyyən sertifikat almaqla insanların, xüsusilə də uşaqların gələcək taleyi ilə məşğul olurlar: "Bu da qanunazidd hərəkətlərdir. Bu cür "psixoloqlar" var. Bu, əgər psixoloji mərkəzdirsə, psixoloji yardım göstərməlidir. Həmin yer müalicə məsələlərinə aid olmalı deyil. Bəziləri autizm, daun sindromu və sair bu kimi irsi xəstəliklər müalicə olunur sözü altında fəaliyyət göstərir.
Buna görə əlbəttə ki, onların rəhbərləri məsuliyyət daşımalıdır. Bunlar soyğunçuluqla məşğuldular. Bununla bağlı valideynlər bizə şikayət edirlər". K. Əliyeva müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsini təklif edib: "Müəllimlərin özləri də psixoloji testlərdən keçməlidir. Mətbuatda rast gəlirik ki, şagird ilə müəllim arasında xoşagəlməz hallar olur. Bir neçə dəfə olub ki, şagirdlər döyülüb. Bu baxımdan, müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsi yaxşı olardı".
Kamil HƏMZƏOĞLU