|
|
|
|
Qəzetləri oxuya bilmirəm. Yox, çox maraqla oxuyuram. Sadəcə, məcazi mənada dedim. Mövzu rəngarəngliyi yoxdur. Hansını açırsan Elşad Abdullayev, Mahir Abdullayev, Gülər Əhmədova, Sevinc Babayeva, Rüstəm İbrahimbəyovdan başqa bir şey oxumursan. Sanki Azərbaycanın mətbuat məkanında başqa bir sensasion şey yoxdur.
Azərbaycan televiziyalarını açırsan. Ona da peşman olursan. Özəl tibb klinikaları zəbt edib efiri. Belə çıxır ki, Azərbaycan impotent, sonsuz, dişi, saçı tökülən, kosmetik əməliyyatlara ehtiyacı olan bir ölkəymiş, xəbərimiz yoxmuş.
Reklama keçirik: Evin ən populyar yeri tualeti necə təmizləməyi, havanı təravətləndirməyi, paltarları təmiz yumağı. Nə yaxşı ki, bu malları respublikaya gətirdilər, yoxsa çirk içində batacaqdıq.
Yenə türk televiziyaları yaxşıdır. Kanalı çevirirəm. Bəh-bəh “Möhtəşəm yüzillik” serialı. Çox həvəslə baxıram. Onu da korladılar. Sultan Süleyman öz vəziri, dostu, qardaşı, yeznəsi İbrahim Paşanın ölümünə fərman verir. Çox mütəəssirlənirəm. Boğanlar da onun ətrafıdır. Sultanın beynini dolduranlar da saray əhli. Xüsusilə də Xürrəm Sultan, hərəm, hətta Xacə Sünbül ağa. (Xacələrin saraydakı mövqeyinə bax e?..) Nəsə pis oldum. Adam da vəzirin aradan götürər?
Kanalı çevirirəm. 20 noyabr – vertolyot hadisəsindən verilişin təkrarı. Ayaz Mütəllibovun ətrafındakı başbilənlərin, xüsusilə də dövlət katibi Tofiq İsmayılovun bir gündə, bir yerdə həlak olması. Yaxud da öldürülməsi və ya sifarişli qətl. 2-3 aydan sonra isə Ayaz Mütəllibovun hakimiyyətinin sonu. Yanmış cəsədlər, qəbiristanlıq, insan seli. Qanım bir az da qaralır.
Normal bir şeyə baxmaq ümidilə əlimi televizor pultuna atıram. “İdman Azərbaycan” kanalında dünya şöhrətli şahmatçımız Şəhriyar Məmmədyarovla müsahibə gedir. Nəsə maraqlı gəldi. Onu şahmat stolu arxasında xarüqələr yaradan görmüşdük. Görəsən zəka sahibi danışığında, müstəqil həyatda, ünsiyyətdə necə adamdır? Kanalı dəyişmədim. Deməli maraqlı veriliş idi.
Artistlərə sual verirlər ki, hansı rolu oynamaq istəyərdin? Şair, yazıçılara sual verirlər ki, hansı əsəri yazmaq istəyərdin? Amma şahmatçıya bu cür “dejurnı” sualı gözləməzdim: “Şəhriyar, şahmat taxtasında hansı fiqur olmaq istərdin?” Cavab qısa oldu: “Vəzir”.
Az-maz şahmatdan başım çıxır. Atların, zabitlərin, topların, hətta bəzən peşkaların at oynatdığı, hətta vəzirə çevrilə biləcəyi bir məkanda “Vəzir olmaq istəyərdim” cavabı həm qəribə, həm də tutarlı idi. Bir anlığa oyunu fikrimdən keçirdim. Top 90 dərəcə bucaq altında sağa-sola gedir. Fil 45 dərəcə bucaq altında sağa-sola gedir. At 2 addım qabağa, 1 addım ya sağa, ya sola. Qorxu hiss edəndə dala da qaçır. Peşkalar ancaq irəli, bir-birinin qanı o birinin üstünə çilənə-çilənə. Şah da ki həm sağa, həm sola, həm irəli – o da addım-addım. Qaldı yerdə vəzir. Hara istəsə ora da gedir. Hansı fiquru istəyir aradan götürür. Əlbəttə ki, həmin fiqur başqa fiqur tərəfindən mühafizə olunmursa. Ən əsası isə öz komandasını, şahını müdafiə edir. Bu oyuna şah başçılıq etmir, vəzir edir. Əks tərəf də əsasən onu aradan götürmək istəyir. Vəzir düşmən arxasına da keçir, düşmən şaha mat da verir. Yoxlayır ki, görüm onun müdafiəsinə kim qalxacaq? Geri qayıdır və sonradan həmin müdafiəni aradan götürür. Vəzirin yolunu açmaq və ya ona qələbəsində kömək etmək üçün neçə-neçə at, fil, top, peşka da qurban gedir. Amma bəzən də onun yolunda bir maneəyə çevrilir. Vəzir öləndən sonra onlar da axırda məhv olurlar. Vəzir nə mat, nə də pat olur. Vəzir aradan götürülür. Amma bu onun komandası və şahı üçün xoşbəxtlik gətirmir. Onları da bir-bir dənləyirlər. Şah isə sonda mat olur. Ya ağıllı şahmatçı heç onu da gözləmir, məğlub olur. Şah üçün mat və ya məğlubiyyət xoşbəxtlikdir. Vay onda ki, pat olasan. Heç yana qaça bilməyəsən. Və ya pat vəziyyətində 4 ətrafından ikisində öz rəngindən olan fiqurlar olar.
Müxbirin 2-ci sualı da ürəyimdən oldu. Hansı fiqurlarla oynamaq istərdin? “Qara fiqurlarla. Çünki qələbələrimin çoxunu qara fiqurlarla qazanıram. Teymur Rəcəbov da isə ağ fiqurlarla oynamaq uğurlu alınır”. Bəli, ağlar birinci hücum edir, qaralar isə müdafiə olunur. Ağ fiqurlarda şah vəzirin sağ əlidir, qara günündə, müdafiədə olanda isə vəzir şahın sağ əlinə çevrilir. Qaralarla müdafiədən hücuma keçmək və sonda qalib gəlmək çox çətindir. Şəhriyar Məmmədyarov isə bunu bacarır. Eşq olsun onun şahmat taxtasındakı vəzirə. Müdafiəyə çəkilib sonda qələbə çalan vəzir təqdirəlayiqdir.
Müharibənin şərtləri də belədir : “Hücum edən tərəf daha çox itki verər”.