|
|
|
|

Ermənistan Azərbaycana qarşı növbəti təxribat cəhdlərini həyata keçirməyə davam edir.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlara məhəl qoymayan, müxtəlif bəhanələrlə problemin həllini yubatmağa çalışan işğalçı ölkə rəhbərliyi təmas xəttində atəşkəsi pozaraq vəziyyəti gərginləşdirməklə yanaşı, zəbt olunmuş torpaqlarda yaradılan qondarma rejimin adını dəyişərək "Artsax" elan etmək istəyir. Bu məqsədlə erməni separatçıları "konstitusiya" dəyişikliyi etməyi planlaşdırırlar. Artıq bu barədə qərar qəbul edib. Separatçılar "konstitusiya" dəyişiklikləri ilə bağlı ictimai müzakirələri noyabrın 20-də bitirmək niyyətindədirlər. Daha sonra separatçı rejim rəhbəri Bako Saakyan yeni "konstitusiya" layihəsini təsdiq edəcək. Yeni layihədə qondarma rejimin adının "Artsax Respublikasına" dəyişdirilməsi də nəzərdə tutulur.
İşğalçı Ermənistanın bu təxribatı Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanıb. Hesab olunur ki, bununla Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlardan yayınmağa çalışır.
Məsələ ilə bağlı amerikalı həmsədrlər Ceyms Uorlik də təmsil etdiyi qurum və ölkənin mövqeyini açıqlayıb. O APA-ya bildirib ki, ABŞ, o cümlədən, Ermənistan da daxil olmaqla, dünyada heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır: "Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməməyi özündə əks etdirən Helsinki prinsipləri əsasında bütün tərəflər üçün danışıqlar yolu ilə həllə nail olmaq istiqamətində işləmək çox vacibdir".
"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə bildirib ki, bu Ermənistan rəhbərliyinin növbəti provakasiya cəhdidir: "İşğalçı ölkə rəhbərliyi, Qarabağdakı separatçı rejim növbəti dəfə öz xalqını aldatmaq üçün bu addımı atıblar. Ermənilər qondarma rejimin adını dəyişməklə tarixi dəyişə bilməyəcəklər. Bu torpaqlar bizim dədə-baba yurdumuzdur".
B.Səfərov vurğulayıb ki, Ermənistanın danışıqlardan yayınması, torpaqları 25 ildir işğal altında saxlaması azmış kimi hərbi və siyasi təxribatlara əl atmasına qarşı ciddi tədbirlər görülməlidir: "Azərbaycan ordusu öz sözünü deməlidir. Sülhsevər dövlətimiz torpaqların işğal olunduğu vaxtdan bəri münaqişənin danışıqlar yolu ilə nizama salınması istiqamətində səy göstərir. Biz hamımız istəyirik ki, münaqişə dinc yolla öz həllini tapsın, artıq qan axıdılmasın, heç bir ananın gözü yaşlı qalmasın. Ancaq hər şeyin öz həddi-hüdudu var. Ona görə də, hansı yolla olursa olsun torpaqlarımız işğalçılardan təmizlənməli, qaçqınlar öz yurd-yuvalarına qayıtmalıdırlar. Biz bu qədər vaxt gözləmişik, işğalçılarla danışıqlar aparmağa üstünlük vermişik. Artıq Ermənistan bizə seçim yeri qoymur ".
İcma sədri hesab edir ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər münaqişənin ədalətli həlli üçün bizə kömək etmirlər: "Ona görə də, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımız işğaldan azad olunmalıdır. Bu bizim suveren hüququmuzdur. Beynəlxalq hüququn norma və prinsipləri də bizə öz torpaqlarımızı işğalçılardan təmizləməyə imkan verir. Axı necə ola bilər ki, dünya gücləri Yaxın və Orta Şərq, eləcə də digər regionlarda terrora qarşı mübarizə aparır, bölgələri quldur dəstələrindən təmizləmə əməliyyatları həyata keçirir, lakin Dağlıq Qarabağda buna imkan vermir? Dağlıq Qarabağdakı qondarma rejim rəhbərlərinin terrorçulardan nə fərqi var? Əksinə onlar daha təhlükəlidirlər".
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, ad dəyişmək nə tarixi, nə də mövcud beynəlxalq hüququ dəyişəcək: "Azərbaycanın hərbi-diplomatik həmlələri işğalçı Ermənistanı küncə sıxışdırıb. Düşmən artan təzyiqdən panikaya düşərək özünümüdafiə instinkti ilə hərəkət edir. Çünki Azərbaycanın real hərbi-siyasi üstünlüyünü soyuqqanlı məntiqlə qiymətləndirərkən vəziyyətin ermənilər üçün nə qədər acınacaqlı olduğu ortaya çıxır. Ona görə də düşünürlər ki, işğal etdikləri ərazilərimizdə, xüsusilə də Dağlıq Qarabağda Azərbaycanın izlərini nə qədər tez silsələr bir o qədər yaxşıdır. Axı bir gün ermənilərdən soruşulacaq ki, yaxşı, əgər Dağlıq Qarabağ sizindirsə, niyə onun adı azərbaycancadır? Əgər bu torpaq sizindirsə, niyə "vətən"inizə öz dilinizdə ad qoymamısınız? Bu suala cavab vermək çox çətin olduğu üçün adını dəyişib "Artsax" qoymaq istəyirlər. Amma unudurlar ki, "Atrsax" sözü də türkcədir. Bu söz "Ər-saq" etnonimindən əmələ gəlib və mənası "Saq döyüşçüsü" deməkdir. Saqlarla bağlı etnotoponimlər isə Azərbaycanda olduqca çoxdur. Məsələn, Şəki - Saki , Zaqatala - Saqa-tala, Balakən - Bala-saq-an, Gəncə - Xan-saq, Saqqarsu - Saq-ər-sü (Saqqarsu Ordubad rayonunda çay adıdır). Ona görə də, nə etsələr də, nəyi necə dəyişsələr də, nəticə dəyişməyəcək. O torpaqlar bizimdir, gec-tez bizim də olacaq. Ad dəyişmək nə tarixi, nə də mövcud beynəlxalq hüququ dəyişməyəcək. Azərbaycan isə elə beynəlxalq hüquqa və öz hərbi -siyasi gücünə söykənərək ən yaxın zamanlarda münaqişə ətrafında yaranmış status-kvonu dəyişəcək, öz ərazi bütövlüyünü bərpa edəcək".
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Ceyhun ABASOV



