Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Autist Uşaqların Reabilitasiyasına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən “Eyni səma altında bərabər imkanlar” layihəsinə start verilib.
Təşkilatın ictimaiyyətlə əlaqələr departamentindən 525.az-a verilən məlumata görə, 3 ay ərzində icra ediləcək layihə çərçivəsində autizmli uşaqların olduğu gənc ailələr müəyyən ediləcək.
Onlar arasında 3 günlük maarifləndirici təlimlər keçiriləcək.
Həmin ailələrin də könüllü fəaliyyəti nəticəsində Bakı şəhəri üzrə autizm sindromlu uşaqlar siyahılaşdırılacaq və onlar arasında yaradıcılıq müsabiqəsi elan olunacaq. Bu müsabiqəyə onlar əl işlərini, yaradıcılıqlarını təqdim etməklə cəmiyyətə adaptasiya olma imkanı qazanacaqlar.
Qeyd edək ki, layihənin əsas məqsədi autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.