|
|
|
|

ATƏT-in Minsk Qrupunda baş verən ardıcıl həmsədr dəyişiklikləri ölkə ictimaiyyətinin diqqət mərkəzindədir.
İlk olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyəti dövründə heç bir ciddi təşəbbüslə yadda qalmayan fransalı diplomat Pyer Endryunun həmsədrlik institutunda işinə xitam verilib. Onu həmyerlisi Stefan Viskonti əvəzləyib. Yeni həmsədr artıq vəzifəsinin icrasına başlayıb.
Bu barədə Fransa Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Stefan Viskonti digər həmkarları ilə birlikdə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin dekabrın əvvəlində Hamburqda keçiriləcək görüşünə qatılacaq. ATƏT ölkələri xarici işlər nazirləri Şurasının Hamburq toplantısında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri planlaşdırılır. Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi də nəzərdə tuturlar. Görüşlərdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili əsas müzakirə mövzusu olacaq.
İkinci dəyişiklik isə ABŞ-ın həmsədri ilə bağlıdır. Hazırkı həmsədr Ceyms Uorlik vəzifəsini dekabrın 31-də tərk edəcək. Artıq onun istefası qəbul olunub. Bununla C.Uorlik 30 illik diplomatik karyerasına yekun vurub. O, Rusiyanın ən böyük və nüfuzlu hüquq firmalarından olan "Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları" şirkətinin ortağı kimi fəaliyyətini davam etdirəcək.
Hələlik adı məlum olmayan yeni amerikalı həmsədrin isə ABŞ-ın yeni prezidenti ilə təxminən eyni vaxtda fəaliyyətə başlaması Azərbaycan ictiamiyyətində danışıqlar prosesinə ümidlə baxmağa bir az da olsa, inam yaradır. Çünki bu dəyişiklik Birləşmiş Ştatların yeni rəhbərliyinin xarici siyasətdə qarşıya yeni hədəflər qoyması ilə bağlı ola bilər. Digər tərəfdən isə həmsədrlərin bir-birinin ardınca əvəzlənməsini onların nəticəsiz fəaliyyətlərinə yaranmış inamsızlıqla da əlaqələndirmək olar. Ümumilikdə isə görünən odur ki, bu dəyişikliklərlə hazırda Qərb Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbüsü Rusiyadan almağa çalışır. Çünki aprel döyüşlərindən sonra rəsmi Moskva problemi öz əlində saxlamaq üçün bir sıra addımlar atmağa başladı. Prezidentlərin Sankt-Peterburq görüşündən bu yana Kreml rəsmiləri vaxtaşırı olaraq regiona səfər edir, problemin həli ilə bağlı tərəflərlə müzakirələr aparırdılar. Lakin daha sonra Rusiya ilə Ermənistan arasında hərbi sahədə əldə olunan bir sıra razılaşmalar bu təşəbbüsü kölgədə saxlaya bildi. Əvvəlcə Moskva Ermənistana "İsgəndər" raketləri verərək erməni cəmiyyətində yaranmış sarsıntı, xofu aradan qaldırmağa çalışdı. Daha sonra isə Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında birgə qoşun birləşməsinin yaradılması haqqında sazişi təsdiqləyərəq Azərbaycanın narazılığını daha da artırdı. Çünki bütün bunlar münaqişənin həllinə deyil, status-kvonun qorunub saxlanılmasına xidmət edir. Ona görə də, bu cür şəraitdə xüsusilə rusiyalı həmsədrin fəaliyyətindən müsbətə doğru nəsə gözləmək inandırıcı görünmür. Digər tərəfdən artıq 20 ildir müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, münaqişənin həlli ilə bağlı təşəbbüskarlar yalnız məsələni öz geosiyasi maraqları çərçivəsində nəzarətdə saxlamağa çalışırlar.
Məsələ ilə bağlı Konstitusiya Araşdırmalar Mərkəzinin sədri, politoloq Əliməmməd Nuriyev "525"ə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda hansı dövlətin təşəbbüsü öz əlinə almasının heç bir əhəmiyyəti yoxdur: "Çünki hər üç həmsədr dövlət danışıqlarda demək olar ki, eyni mövqedən çıxış edirlər". O hesab edir ki, həmsədrlərin fərqli mövqeləri yoxdur: "Vasitəçilər status-kvonun dəyişməsi üçün çalışdıqlarını desələr də, 20 ildən artıqdır ki, danışıqlarda heç bir irəliləyiş müşahidə olunmur. Biz onlara deyirik ki, işğalçı ilə təcavüzə məruz qalanı ayırmaq, Ermənistanı yürütdüyü bu siyasətə görə cəzalandırmaq lazımdır. Lakin onlar yenə də münaqişəni sülh yolu ilə həll etməyi təklif edirlər. Təbii ki, danışıqlar prosesində müxtəlif instrumentlərdən istifadə edərək real nəticə əldə etmək olar. Ancaq həmsədr dövlətlər bu vasitələri işə salmaqda maraqlı deyil. Belə bir şəraitdə rəsmi Bakı məsələnin hərbi variantdan başqa yolu qalmadığını deyəndə isə böyük dövlətlər buna qarşı çıxır. Biz də istəyirik ki, münaqişə dinc yolla tənzimlənsin. Ancaq bu mümkün olmadıqda hərbi vasitələri də işə salmaq zərurəti yaranır".
Ə.Nuriyev qeyd edib ki, həmsədrlərin rotasiyası məsələnin mahiyyətində əhəmiyyətli dəyişikliklər etməyəcək: "Çünki kimin həmsədr kimi təmsil olunmasından asılı olmayaraq vastiəçi dövlətlərin öz daimi maraqları var. Məlum olan odur ki, nə Rusiya, nə Fransa, nə də ABŞ münaqişənin həllində dönüş yaratmaq istəmirlər. Bu cür vəziyyət onları qane edir. 20 ildən artıq müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, həmsədr dövlətlər münaqişənin həllindənsə, uzanmasının tərəfdarıdır. Ona görə də, həmsədrlərin dəyişməsi məsələnin həllinə, yeni yanaşmalar gətirilməsinə çıxarmayacaq".
Politoloqun sözlərinə görə, arzuolunandır ki, ABŞ-ın Qarabağla bağlı siyasətində dəyişikliklər olsun: "Ancaq reallıq bundan əhəmiyyətli dərəcədə fərqlənir. Bu baxımdan düşünmürəm ki, Birləşmiş Ştatlarda Donald Trampın prezident seçilməsindən sonra münaqişənin həllində ciddi bir dəyişiklik olsun. Çünki artıq formalaşmış, bərkiyərək daşlaşmış mövqelər var. Ona görə də ABŞ-da kimin prezident təyin olunmasından asılı olmayaraq mövcud sistem xarici siyasətdə köklü dəyişikliklərə imkan verməyəcək. Lakin yaxın gələcəkdə ölkə başçısı İlham Əliyevlə yeni ABŞ prezidenti Donald Tramp arasında baş tuta biləcək görüşlərdə hər hansı bir irəliləyişin əldə oluna biləcəyini istisna etmirəm".
"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə bildirib ki, vaxtilə ATƏT-in Minsk Qrupu yarananda bu hadisə Azərbaycan ictimaiyyəti tərəfindən sevinclə qarşılandı. Onun sözlərinə görə, o vaxtlar ABŞ, Fransa və Rusiyanın həmsədrlik institutunda təmsil olunması münaqişənin tezliklə həll olunacağına dair insanlarda ümid yaratmışdı: "Çünki bu dövlətlər dünyada böyük güc və nüfuz sahibi olmaqla bərabər BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Hər üç dövlət Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrin icrasının həyata keçirilməsində mühüm rol oynaya bilər. Lakin təəssüflər olsun ki, bu illər ərzində həmsədr dövlətlər münaqişəni sülh yolu ilə həll etmək əvəzinə status-kvonun qorunub saxlanılması istiqamətində fəaliyyət aparıblar. Zaman keçdikcə isə biz gördük ki, həmsədr dövlətlər işğalçını dəstəkləməkdən də çəkinmirlər. Hər üç dövlət Ermənistan və o cümlədən, separatçı rejimə də yardımlar edir".
ATƏT-in Ermənistanı işğalçı dövlət kimi tanımadığını deyən hərbi ekspert bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 fazini işğal etməsinə dair BMT, Avropa İttifaqı, İslah Əməkdaşlıq Təşkilatının qərarları var: "ATƏT isə fəaliyyətsiz quruma çevrilib. Haqlı olaraq ekspertlər həmsədrlərin regiona səfərini turist səfərlərinə bənzədirlər. Minsk Qrupunun üzvləri hər dəfə regiona səfər edəndə ümumi sözlərlə kifayətlənib, yeyib-içib öz ölkələrinə qayıdırlar".
E.Həsənli vurğulayıb ki, artıq Azərbaycan xalqının səbri tükənmək üzrədir: "Biz gözləyirik ki, Minsk Qrupu münaqişənin nizama salınmasında konkret işlər görüb konkret nəticə əldə etsin. Əks halda, Azərbaycan danışıqları dayandırıb, hərbi yola əl atacaq. Ordumuz torpaqlarımızı qısa müddət ərzində azad etmək iqtidarındadır. Aprel döyüşləri də sübut etdi ki, Azərbaycan torpaqların işğal altında qalması ilə barışan deyil. Yetişən yeni nəsildə də böyük vətənpərvərlik ruhu var. Xalqımız haqlı olaraq torpaqlarımızın azad olunmasını tələb edir, buna tam haqqımız var. Bəzi beynəlxalq təşkilatların isə bu məsələdə tutduğu ikili standartların mövqeyi təəssüf hissi doğurur".
Hərbi ekspert hesab edir ki, sözügedən qurumların Ermənistanı müdafiə etməsinin əsas səbəblərindən biri xristian həmrəylidir: "Bu gün Avropada böyük islamafobiya dalğası hökm sürür. Qərb məsələlərə xristian təəssübkeşliyi prizmasından yanaşır, məsələlərə bu kontekstdə qiymət verir".
Emin Həsənli bildirib ki, Azərbaycan Ermənistana kifayət qədər güzəşt edib: "Azərbaycanın işğalçı ölkəyə ən böyük güzəşti danışıqlar masasına oturmasıdır. Biz hətta ATƏT-in yarıtmaz fəaliyyətinə də səbrlə yanaşırıq. Onların fəaliyyəti beynəlxalq hüquq və tarixi ədalətə əsaslanmır. Ona görə də, həmsədrlər münaqişənin həlli ilə bağlı konkret addımlar atmalı, Ermənistanı işğalı dayandırmağa çağırmalıdırlar. Əks halda, Azərbaycan danışıqları dayandırıb hərbi yolla məsələni həll edəcək".
Ceyhun ABASOV



