Salam, Səid Faiq!
Bu məktubu sənin adını daşıyan muzeyin üçüncü mərtəbəsindəki “Məktub Otağı”ndan yazıram. Səndən geriyə şeirlər, hekayələr, romanlarla yanaşı çox sayda məktublar qaldı bizə. Məktub yazmağı çox sevirsənmiş...
Burada olmağımın bir səbəbi var. Bu gün sənin 110 yaşın tamam olur. Burgaz adasındakı “Dəniz Klubu”nda sənin doğum günün münasibətiylə tədbir hazırlayıblar. Sabah tezdən durub adaya getmək üçün Eminönünə gəlsəm də gəmiyə üç-dörd dəqiqə gecikirəm. Növbəti gəmi iki saat sonra gələcəyindən Qalata körpüsündən keçib Karaköyə gedirəm. Çay içirəm, dəniz kənarıyla gəzirəm, balıqçılara baxıram... və gəmidəyəm!
Gecikirəm. Sənin haqqında olan söhbətlərin sonuna çatıram. Oxucularından yaşlı bir qadın ayağa qalxıb sənin haqqında danışır, xahiş edir ki, sənin hekayəndən dünyanı necə görmək istədiyini yazdığın abzası oxusunlar. Oxuyurlar. Alqışlayırıq. Bir kişi ayağa qalxıb deyir ki, 110 il keçib, amma hələ də Səid Faiqin dediyi dünyaya gəlib çata bilməmişik. Düzünə qalsa, 110 ildən az vaxt keçib. Axı sən bunu doğulan kimi yazmamısan. Ancaq sən istəyən dünyanın nə vaxtsa qurulacağına əmin deyiləm. 220 yaşında da bir qadın o abzası oxumalarını xahiş edəcək. Bir başqa Ramil alqışlayacaq. Bir kişi də ayağa durub deyəcək ki, 220 il keçib, amma hələ də Səid Faiqin dediyi dünyaya gəlib çata bilməmişik...
Sonra kiçik musiqi nömrələrini dinlədik.Bir oxucun rəqs etdi. Yetmişdən çox yaşı olan bu xanımın rəqsi ilə bütün zal müsbət auraya büründü. Daha sonra sənin doğum günün üçün hazırlanan tortu kəsdilər. Darıxırdım. Aşağıya düşüb dostlarımı gözlədim. Planımız uzun zamandır muzeyə çevrilən bir zamanlar yaşadığın evinə gəlmək idi.
lll
Muzeyin “Məktub Otağı”nda bir masa var. Divardakı lövhədə beləcə də yazılıb: “Səid Faiqə məktub yazarsınız?”. Bir qutu dolusu məktubun vardı, Səid Faiq. Gecələri gizlicə gəlib bu məktubları oxuyursanmı? Mən oxumaq istərdim. İstərdim bilim ki, sənə yazılan məktublar nədən bəhs edir. Sənə olan sevgilərindənmi yazırlar, ya biraz rahatlamaq üçün problemlərindənmi? İstərdim bilim ki, məndən öncəki qonaqların evin barəsində nələr yazıblar.
Bəlkə də, ən birinci Burgaz adasından yazmalıyam. Adanın hər yerində ayaq izlərinin olduğunu hiss edirəm. Kim bilir, sən də mənim kimi bu sakitlikdən nə qədər zövq almısan. Ada sakinlərinin az olduğundan, buradakı evlərin çoxunun yay tətili üçün nəzərdə tutulduğundan hələ bir çox kafelər açılmayıb, ətrafda daha çox ustalar, bağbanlar, tacirlər gözə dəyir. Yayda buranın turistlərdən, insan izdihamından, səs-küydən dözülməz olduğunu dedilər mənə. Bir başqa dostum İstanbulda ilk dəfə atı burada gördüyünü dedi. Mən isə heç bir maşının olmadığı (zibil maşını istisna) adada itlərin, pişiklərin və qağayıların dostluğunu sevdim. İlk dəfə burada insan görəndə qorxub qaçmayan, pişik kimi sanki əzizlənmək istəyən qağayıları gördüm.Lütfən, yazdıqlarımı uzunçuluq kimi qəbul etmə. Bilmirəm, bu məktubumu oxumağa vaxt tapacaqsan, ya yox. Yenə də yazıram. Yazmaq! Bir zamanlar yazmağın ehtirasdan başqa bir şey olmadığını yazmısan. Yazmayacağını, oturub ölümü gözlədiyini demisən, amma bacarmamısan. “Son quşlar”da adanın tənha yollarında gəzərkən cibindən bıçağı çıxarıb karandaşı yontmağa başladığını, onu öpdüyünü danışmısan bizə. Yenə həmin hekayəndə bu gün poçt kartlarının üzərində, şəkillərinin altında gördüyümüz, məşhur bir cümlən var: “Yazmasam, dəli olacaqdım”.
Yazmaq, yazıçılıq nədir, Səid Faiq? Bu sualın cavabını sən çox yaxşı bilirdin. Bir müddət əvvəl Ara Gülərin sənin haqqında qısa xatirə yazısını dilimizə uyğunlaşdırmışdım. O xatirədə deyilir ki, ölümündən bir il əvvəl sən müalicə üçün Fransaya getmək istəyirdin və bunun üçün də pasport almalıydın. Məmur səndən işini soruşanda “yazıçıyam” demisən. O da yazıçı olduğuna dair səndən bir sənəd istəyib. Bir dərnəyə ödədiyin qəbzləri aparmısan, yenə də xeyri olmayıb, iş sütununa “Yox” yazıblar... İndi o pasportunu da qoyublar muzeyə. Bəlkə də, sənəti xanasının qabağına yox yazan o məmur da gəlib muzeyinə... Bəlkə də, həyatında o “yox” qədər heç nə utandırmayıb onu...
lll
Burgaz ada deyirlər bura. Mən Səid Faiq adası deyirəm. Gəmidən düşən kimi adanın pişiklərindən sonra səliqəli geyimdə, bir əlin çənəndə düşüncəli gözlərinlə çinar ağacının kölgəsində ayaq üstə dayanan heykəlin salamlayır sərnişinləri...
Salam, Səid Faiq!
Adanı gəzib geri qayıdanları da sənin heykəlin yola salır...
Hələlik, Səid Faiq!
lll
Biz bu gün “Səid Faiq Muzeyi” deyirik. Bir zamanlar sən bura “evim” deyirdin. Hə, İstanbulu gəzib-gəzib qayıtdığın, dostlarını dəvət etdiyin, kitablarını yazdığın evin! Girişdə, yenə bizi heykəlin salamlayır. Amma bu dəfə ayaq üstə deyilsən, sol ayağını sağın üstünə aşırıb oturmusan, rahatsan, evindəsən. Çayır küçəsi nömrə 15-də yerləşən, 1938-ci ildən ananla birgə köçdüyün, 1954-ə qədər yaşadığın evin...
Bilmirəm, evinin dəyişdirilməsi, bu qədər çox adamın gəlib getməsi səni narahat edir ya, yox, amma sənin evində qonaq olmaq bizi sevindirir. Burada sənin məktublarını, əlyazmalarını, kitablarını,ayaqqabılarını, nərdtaxtanı, çarpayını, güzgünü, şkafını görür, xəyal qururuq. Sənin ölümündən beş il sonra, 1959-cu ildə anan Məqbulə xanımın təşəbbüsüylə eviniz muzeyə çevrildi. Beləcə, bir zamanlar yazarların, rəssamların qonaq olduğu evinə, indi oxucuların da tez-tez gəlməyə başladı.
Yazıçılardan həmişə kimdən təsirləndiyi, ən çox hansı kitabları sevdikləri soruşulur. Mən sənin kitablar, yazarlar barəsində olan müsahibələrini, yazılarını oxumamışam. Amma muzeyinin “Kitab Otağı” bölümündə yazı masanın üstündə, rəflərdə dayanan kitablara baxaraq kimləri oxuduğunu görürəm. Rəflərdə və yazı masanın üzərindəki fransızca və türkcə kitablar “Ən çox sevdiyiniz yazıçı, şair kimdir?”, “Kimləri oxuyursunuz?” sualına cavab verir. Yazı masan deyir ki, hazırda oxuduğum kitablar bunlardır: Andre Gide “Si le grain ne meurt”, Bodler “Les fleurs du mal”, Somerset Moem “Yağış”, Kafkanın “Metamarfoz”u, Heminqueyin “Əcəl zəngi”, “Qoca və dəniz”i... Kitab rəflərinin verdiyi cavab isə çox uzundur, qısaca belə deyək - Şekspirdən Prusta qədər!
Otağın sağ tərəfində isə Tanpınarın, Orxan Vəlinin və başqa dostlarının sənin üçün imzaladığı kitabları dayanır. Kitablardan başqa ən yaxın dostlarından biri olan Bedri Rahmi Eyyuboğlunun sənin “Gün ola harman ola” hekayənin obrazı Mərcan Ustanı canlandırdığı tablo, qırxa yaxın hekayəni fransızcaya çevirən Sabri Əsəd Siyavuşgilin çəkdiyi portret də muzey də sərgilənir...
Könül istərdi ki, muzeyin haqqında uzun-uzun danışım, sənə yazacaq hələ nə qədər sözüm var. Ancaq sonuncu gəminin vaxtı yaxınlaşır, getməliyəm.
Hələlik, Səid Faiq!