Moskvada öldürülən və bu sui-qəsddə azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin də adının çəkildiyi “Aslan Usoyan işi” ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. “Aznews”un məlumatına görə, bu barədə Rusiyanın kriminal xəbərləri ilə məşhur “Prestupnaya Rossiya” saytı eksklüziv sənəd yayıb
Sənədin hüquq-mühafizə orqanlarına da göndərildiyi bildirilir. Söhbət “qanuni oğru” Camal Mikeladzenin yazdığı məktubdan gedir. Hazırda istintaq təcridxanasında olan Mikeladze 2013-cü ilin fevralında həbs edilib.
Həbs edildikdən sonra Aslan Usoyanın ölümü ilə bağlı qeyri-rəsmi dindirilən Mikeladze kriminal aləmin xaç atası ilə münasibətinin yaxşı olmadığını bildirmişdi. Ancaq bununla belə bu münasibətlərin Usoyanın ölümünü sifariş verəcək qədər pis olmadığını bildirmişdi.
Sayt xəbər verir ki, hazırda Cemonun vəziyyəti heç də yaxşı deyil və sözügedən məktub bunun sübutudur.
Mikeladze məktubunda bildirib ki, hazırda hüquq-mühafizə orqanları onun həyat yoldaşından külli miqdarda pul qoparmağa çalışır. Əvvəllər də bəzi məsələləri “ört basdır” etmək üçün az vəsait ödəmədiklərin deyən Mikeladze hətta rüşvət alan bəzi şəxslərin soyadlarını da çəkir.
Mikeladze məktubunda iddia edib ki, polislərə pul həm də Ded Xasanın qatillərinin paytaxta heç bir maneə olmadan gələ bilmələrinə şərait yaradılması üçün verilib. Bu zaman isə daha çox Ded Xasanın düşmənləri olan Rövşən Lənkəranski və Merab Cvanqveladzenin adları hallandırılır: “Rövşən Lənkəranskinin Ded Xasanla münasibəti gərgin idi. Mən, Rövşən Caniyev, Merab və Levan Cvanqveladze bütün problemləri həll etmək üçün Romada görüşdük. İlqar Əliyev Ded tərəfdarlarının azərbaycanlılarla əlaqələrinə cavabdeh idi və bu, Rövşəni qəzəbləndirirdi. Ona görə də İlqar Əliyevi öldürmək qərara alındı. Bu hamımız üçün əlverişli idi”.
Mikeladze daha sonra Ded Xasanın öldürülməsi ilə bağlı məqamlardan söz açıb. Bildirib ki, “Priçal” restoranında görüş keçirilib və bu görüşdə Levan Cvanqveladzeyə “Val” tüfəngi verilib: “Daha sonra biz Rövşən Caniyevin də iştirakı ilə daha bir dəfə görüşdük. Həmzət və Rafo Dedə hardan atış açmağın mümkünlüyünü dedilər”. Məktubda bu yeri onlara göstərən şəxsin adı qeyd olunsa da sayt həmin məlumatın gizliliyini təmin etmək üçün soyadı açıqlamayıb.
Mikeladze yazıb ki, Ded Xasan öldürüldüyü gün Rafo və Rüfət onun evinin qarşısında dayanıblar. Onlar qətli həyata keçirəni məlumatlandırırdılar. Ded Xasan öldürüldükdən sonra icraçılar Belorusdan keçməklə Rusiyanı tərk ediblər...
Mikeladzenin məktubunda ötən illərdə baş verən səs-küylü qətl hadisələri ilə bağlı da məqamlar var. Bunların arasında Yaponçik və Skifin ölümünü də xüsusi yer tutur. Ancaq bu məqamlarla bağlı da məktubdakı bəzi adlar hələlik üzəri boyanmaqla sayt tərəfindən açıqlanmayıb.