"Dəmir Ledi", Marqaret Tetçerin xatirəsi əbədiləşdiriləcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis etdiyi Beynəlxalq Mükafatın sonuncu sahibi olan Böyük Britaniya Krallığının sabiq baş naziri, Baronessa Marqaret Tetçerin vəfatı ilə bağlı idarə heyətinin üzvləri tərəfindən başsağlığı göndərilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən anspress-ə verilən məlumata görə, başsağlığında, Ledi Marqaret Tetçerin həm ölkəsinin inkişafı və xalqının rifahının yüksəlməsi, həm də dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər gördüyü qeyd edilib.
"İnanırıq ki, onun əziz xatirəsi Böyük Britaniya xalqının yaddaşında və bəşər tarixində əbədi qalacaq. Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə və bütün Böyük Britaniya Krallığı xalqına dərin hüznlə başsağlığı veririk".
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının may ayında Azərbaycanda keçiriləcək ali toplantısı zamanı Ledi Marqaret Tetçerin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi tədbirin də keçirilməsi qərara alınıb.