Qalmaqalları ilə daha çox məşhur olan müğənni Rəqsanə İsmayılova MDB məkanında beynəlxalq axtarışa verilib.
Lent.az-ın Vesti.az saytına istinadən verdiyi məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 1979-cu ildə Goranboyda anadan olmuş Rəqsanə İsmayılovanı dələduzluqla bağlı axtarışa verib.
Bu gün isə müğənni MDB məkanında beynəlxalq axtarışa verilib.
Rəqsanə İsmayılova bir neçə nəfərin etimadından sui-istifadə edərək külli miqdarda pul mənimsəməkdə günahlandırılır.
O, hələ 2012-ci ilin payızından bu ittihamla üz-üzədir.
İstintaq materiallarına əsasən, müğənni 2010-cu ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətlərini “mənimsəyib”. Rəqsanə İsmayılova Binəqədi rayon sakini Samirə Ələsgərovaya qızının Tibb Kollecinə qəbuluna kömək edəcəyini vəd edib. Bunun müqabilində o, Samirə Ələsgərovadan 5 min manat alıb. Lakin Samirə Ələsgərovanın qızı 2010-cu ildə Tibb Kollecinə qəbul olunmayıb, müğənni isə Samirə Ələsgərovanın telefonlarına cavab verməməyə başlayıb. Samirə Ələsgərova müğənninin anası Adilə İsmayılova ilə əlaqə saxlayıb. Uzun danışıqlardan sonra 2012-ci ilin ortalarında Samirə Ələsgərovaya bu məbləğin cəmi 200 manatı qaytarılıb. Samirə Ələsgərova yenidən Rəqsanə İsmayılovadan pulun qalanını qaytarmağı tələb edəndə isə müğənni pulunun olmadığını, həmin pulu qaytarmağa hazırlaşmadığını və zərərçəkənə hara istəyir şikayət edə biləcəyini söyləyib.
Rəqsanə İsmayılovadan şikayətçi olanlar arasında keçmiş prodüseri Təranə Səmədova da var. Müğənni Suraxanı rayonunda özünə məxsus torpaq sahəsini Təranə Səmədovaya satacağını vəd edib və 2010-cu il oktyabrın 26-da ondan 27 min manat alıb. Lakin müğənni torpağın alqı-satqısını rəsmiləşdirməkdən yayınıb. Daha sonra isə pulu geri qaytarmaqdan imtina edib.
Müğənni 2011-ci ilin martında Faiq Azayevdən də “Mercedes” markalı avtomobil alarkən onu aldadıb, vəd etdiyi pulu sonradan verməyib.
Rəqsanə İsmayılova zavoda işə düzəltmək adı ilə Səbuhi Veysovdan da 8 min manat alıb. Səbuhi Veysov aldadıldığını başa düşəndə isə gec olub.
Müğənni 2012-ci ilin oktyabrında Suraxanı rayonundakı 6 sot torpaq sahəsini Surxay Əliyev adlı şəxsə satacağına söz verib, ondan 4 min manat alıb. Lakin o, torpağın sənədini Surxay Əliyevə təhvil verməyib.
Rəqsanə İsmayılovanı axtaranlardan biri də Bakı aeroportunun əməkdaşı Babayeva Rəna Həbib qızıdır. 2008-ci ildə Rəqsanə İsmayılova Zamiq Vəliyev, qızı Aişə Namazlı və prodüseri Nigar Babayeva ilə Bakıdan Moskvaya uçub. Rəqsanə pulu olmadığını deyib və Nigar Babayeva ona bilet alıb. Müğənni Moskvadan geri dönəndə pulu qaytaracağını vəd etsə də, vədinə sadiq qalmayıb...
Suraxanı Prokurorluğu keçən il sentyabrın 5-də müğənninin əməlləri ilə bağlı cinayət işi başlayıb.
Rəqsanə İsmayılova ilə bağlı şübhələr doğrulsa, onu 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Polisdən onu da qeyd ediblər ki, müğənni dəfələrlə ifadə verilmək üçün çağırılsa da, gəlməyib.
O, 2013-cü il yanvarın 31-də Azərbaycanı tərk edərək ailəsi ilə Moskvada yaşamağa başlayıb.