|
|
|
|

20 ildən çoxdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirməsinə baxmayaraq, heç bir irəliləyişə nail ola bilməyən ATƏT-in Minsk Qrupu 2016-cı ilə yalnız həmsədr dəyişiklikləri ilə yekun vurdu.
İlk olaraq münaqişənin həlli ilə bağlı fəaliyyəti dövründə heç bir ciddi təşəbbüslə yadda qalmayan fransalı diplomat Pyer Endryunun həmsədrlik institutunda işinə xitam verildi. Onu həmyerlisi Stefan Viskonti əvəzlədi. Yeni həmsədr həmkarları ilə birlikdə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin dekabrın əvvəlində Hamburqda keçirilən görüşünə qatıldı. ATƏT ölkələri xarici işlər nazirləri Şurasının Hamburq toplantısında həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş planlaşdırsalar da, S.Viskontinin iştirakı ilə ilk danışıqlar baş tutmadı. Çünki Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Hamburq danışıqlarından yayınmağa müvəffəq oldu.
İkinci dəyişiklik isə ABŞ-ın həmsədri ilə bağlıdır. Amerikalı diplomat Ceyms Uorlik vəzifəsini dekabrın 31-də tərk etdi. Bununla o, 30 illik diplomatik karyerasına yekun vurdu. C.Uorlik Rusiyanın ən böyük və nüfuzlu hüquq firmalarından olan “Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları” şirkətinin ortağı kimi fəaliyyətini davam etdirir. Onun həmsdərlik institunda boş qalan yerini isə müvəqqəti olaraq Riçard Hoqland doldurmağa çalışacaq. O, 30 illik diplomatik təcrübəyə malikdir. Amerikalı diplomat ABŞ-ın Tacikistan və Qazaxıstanda səfiri, Pakistanda isə səfirin müavini vəzifələrində çalışıb. O, Suriyada zorakılığın dayandırılması ilə bağlı Rusiya-ABŞ danışıqlarının hərbi koordinasiyasına rəhbərlik edib. Həmçinin, ABŞ dövlət katibinin müavinin birinci müavini vəzifəsini icra edib. Riçard Hoqland daha öncə ABŞ Dövlət Departamentinin Avropa və Mərkəzi Asiya bürosunun Qafqaz və Mərkəzi Asiya məsələləri ofisinə rəhbərlik edib.
Yeni təyinatla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Hoqlandın geniş diplomatik təcrübəsi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həlli istiqamətində apardığı işdə çox vacibdir. ABŞ tərəfləri atəşkəs öhdəliyinə əməl etməyi davam etdirməyə, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaları həyata keçirməyə, bütün tərəflərə faydalı ola biləcək nizamlanma üzrə danışıqlara qayıtmağa çağırır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə SİA-ya bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mütəmadi olaraq dəyişməsi rotasiya qaydasına uyğun olaraq baş tutur: “Yəni hər bir ölkə özünün qaydalarına uyğun olaraq müəyyən bir dövrdə həmsədrlik fəaliyyəti üçün konkret şəxsi təyin edir və bu müddət başa çatdıqdan sonra həmin şəxsin yeni birisi ilə əvəz edilməsi həyata keçirilir. Bu, ratasiya qaydasında həyata keçirilən bir prosesdir”.
Onun sözlərinə görə, burada müxtəlif fərdlər ATƏT-in Minsk Qrupunun həmsədri qismində və statusunda xidmət ediblər: “Amma bizim əsas gözləntilərimiz ATƏT-in Minsk qrupunun həmsədrlik institutunadır. Bu institutda bildiyiniz kimi üç dövlət - ABŞ, Rusiya və Fransa təmsil olunur. Həmçinin, yeni mexanizm kimi də həmsədrlər öz mandatına uyğun olaraq BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlum 4 qətnaməsini, Helsinki Yekun aktını və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmaqla münaqişənin həll etməsini təmin etməlidir. Münaqişə həll edildikdə isə bu status-kvonun dəyişdirilməsi, yəni işğal və təcavüz faktının aradan qaldırılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsidir. Nəticə etibarilə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunmalıdır”.
Daimi həmsədrin adı isə yaxın vaxtlarda məlum olacaq.
Ümumilikdə isə görünən odur ki, bu dəyişikliklərlə hazırda Qərb Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbüsü Rusiyadan almağa çalışır. Çünki aprel döyüşlərindən sonra rəsmi Moskva problemi öz əlində saxlamaq üçün bir sıra addımlar atmağa başladı. Prezidentlərin Sankt-Peterburq görüşündən bu yana Kreml rəsmiləri vaxtaşırı olaraq regiona səfər edir, problemin həli ilə bağlı tərəflərlə müzakirələr aparırdılar. Lakin daha sonra Rusiya ilə Ermənistan arasında hərbi sahədə əldə olunan bir sıra razılaşmalar bu təşəbbüsü kölgədə saxlaya bildi. Əvvəlcə Moskva Ermənistana “İsgəndər” raketləri verərək erməni cəmiyyətində yaranmış sarsıntı, xofu aradan qaldırmağa çalışdı. Daha sonra isə Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında birgə qoşun birləşməsinin yaradılması haqqında sazişi təsdiqləyərəq Azərbaycanın narazılığını daha da artırdı. Çünki bütün bunlar münaqişənin həllinə deyil, status-kvonun qorunub saxlanılmasına xidmət edir. Ona görə də, bu cür şəraitdə xüsusilə rusiyalı həmsədrin fəaliyyətindən müsbətə doğru nəsə gözləmək absurddur.
Mövzu ilə bağlı “525”ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Riçard Hoqlandın Minsk Qrupuna müvəqqəti həmsədr təyin olunması ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində mövqeyinin dəyişdiyini göstərir: “İstər Dağlıq Qarabağ məsələsi, istərsə də digər yubanmış münaqişələrin həllində ABŞ-ın mövqeyi dəyişib”.
Politoloq hesab edir ki, ABŞ elə bir diplomatı həmsədr təyin edib ki, o, hökmən danışıqlara aktivlik gətirməlidir: “Ermənilərin Riçard Hoqlandla ciddi problemləri var. Bir neçə il bundan əvvəl amerikalı diplomatı Ermənistana səfir təyin etmək istəyirdilər. O zaman ermənipərəst konqresmen və senatorlar Metyu Brayzanın başına gətirdiklərini bunun da başına gətirdilər. Çünki Hoqland “erməni soyqırımı” ifadəsini işlətməkdən imtina edib. O, təmsil etdiyi ABŞ administirasiyanın 1915-ci il hadisələri ilə bağlı mövqeyinə istinad edə biləcəyini deyib. Ona görə də, ABŞ Senatı Hoqlandın Ermənistana səfir təyinat almasına qarşı çıxdı, müvafiq qərar verilmədi”.
M.Əhmədoğlunun sözlərinə görə, Riçard Hoqland qondarma erməni soyqırımı məsələsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın arxiv sənədlərinin açılması, türk və erməni tarixçilərinin təmsilçiliyi ilə birgə tarix komissiyası yaradılması barədə təklifini dəstəkləyib: “Üstəgəl, Hoqland bu komissiyaya ABŞ və digər ölkələrdən tarixçi ekspertlərin qoşulmasını da təklif edib. Lakin bu təklif birmənalı olaraq ermənilərin tərəfindən mənfi qarşılanıb”.
Mərkəz sədri bildirib ki, əgər Barak Obama administirasiyası ermənilərin acığı gələn bir diplomatı həmsədr təyin edirlərsə, bu o deməkdir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin yubanmasının səbəbkarı kimi Ermənistanı görür: “Ermənistan prezidenti Serj Sarkisyanın Hamburqda ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirlərinin toplantısının getdiyi bir vaxtda işğal olunmuş torpaqları səfəri, orada hərbçilərin iştirakı ilə müşavirə keçirməsi, xarici işlər naziri Eduard Nalbandyanın isə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən yayınması düşmən ölkənin danışıqlardan yayındığını göstərir. Ona görə də, rəsmi Vaşinqton Ermənistana təzyiq etməyə çalışır”.
M.Əhmədoğlunun fikrincə, ABŞ-ın yubanmış münaqişələrin həlli ilə bağlı mövqeyinin dəyişdiyini göstərən bir çox faktlara rast gəlmək olar: “Son olaraq ABŞ BMT Təhlükəsizlik Şurasında Fələstin münaqişəsi ilə bağlı qətnamənin əleyhinə getmədi. Birləşmiş Ştatların veto hüququndan istifadə etməməsinə görə, BMT Təhlükəsizlik Şurası tarixdə ilk dəfə anti-İsrail qətnamə qəbul etdi. Rəsmi Vaşinqton bu addımı ona görə atdı ki, artıq dünyanın super gücü yubanmış münaqişələrin həll olunmasını istəyir”.
Politoloq əlavə edib ki, ABŞ yaxın müddət ərzində mümkün qədər çalışacaq ki, Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik yaransın: “Bu da Azərbaycanın xeyrinədir. Ümumiyyətlə, münaqişənin tənzimlənməsi prosesində istənilən aktivlik dövlətimiz üçün müsbət xarakterizə olunmalıdır”.
Siyasi şərhçi Aruz Nağıyev isə hesab edir ki, ABŞ xarici siyasətində müəyyən korrektələr edəcək. O “Azadinform”a bildirib ki, yeni dövlət katibinin təyin edilməsi gözlənilir: “ATƏT-in Minsk Qrupunun dəyişdirilməsi məsələsi elədir ki, ilk növbədə yeni həmsədrin regionla tanışlıq məsələsi həll ediləcək. Hesab edirəm ki, sonra yeni həmsədr hər hansı qərarın qəbul edilməsi prosesində müsbət rol oynaya bilər”.
Politoloqun fikrincə, yeni dövlət katibindən çox şey asılıdır: “ABŞ və Fransanın həmsədrləri dəyişib, rusiyalı həmsədr isə dəyişdirilməyib. Hesab edirəm ki, bu prosedur Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etmir. Hər gələn yeni həmsədrin regionla tanışlığı məsələsi var, həmsədr münaqişənin dərinliyinə varmağa çalışır, kimsə humanistliyi siyasətdən üstün tutur, kimsə siyasəti daha üstün tutur, kimsə insan haqları, hər bir millətin öz müqəddəratını təyin etməsi məsələsini qabardır”.
A.Nağıyev əlavə edib ki, yeni həmsədrin təyin edilməsi o demək deyil ki, o münaqişənin Azərbaycanın xeyrinə həll edilməsi üçün müvafiq addım atacaq. Politoloq sonda vurğulayıb ki, diplomatik danışıqlardan sonra müəyyən qərara gələ bilərik.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Ceyhun ABASOV



