|
|
|
|

"2015-ci ilin sonunda "Atlas" Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda respondentlərin əksəriyyəti müharibənin başlaması ehtimalını yüksək qiymətləndirmişdilər. Mərkəz də müharibə ehtimalının yüksək olmasıyla bağlı proqnozlarında bu soruğunun nəticələrinə, aparılan effektsiz danışıqlara və cəbhə bölgəsindəki gərgin vəziyyətə əsaslanırdı. Digər tərəfdən ATƏT-in Minsk Qrupu çərçivəsindəki nəticəsiz danışıqlar aprel toqquşmalarını yaxınlaşdırırdı".
Bu sözləri adıçəkilən təşkilatın sədri, politoloq Elxan Şahinoğlu 2016-ci ilin yekunları ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri ölkəsinin 2016-cı il üçün xarici siyasət gündəliyini açıqlayarkən deyib ki, dondurulmuş münaqişələrin nizamlanmasına ehtiyac var: "Biz dondurulmuş münaqişələrin həlli istiqamətində nə qədər çox irəliləyiş əldə etsək, o zaman İŞİD-ə qarşı daha effektiv və dayanıqlı mübarizə aparmaq olarıq". Buna baxmayaraq, Barak Obama administrasiyası il ərzində dondurulmuş münaqişələrin həlli üçün aktiv fəaliyyət göstərmədi. Ümumiyyətlə, Barak Obama prezident olduğu 8 ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmədi. Halbuki, digər iki həmsədr dövlət - Rusiya və Fransa prezidentləri bir neçə dəfə münaqişənin həlli ilə bağlı açıqlama verdilər, vasitəçilik mexanizmlərini işə saldılar və bölgəyə səfərlər etdilər".
AŞ PA-nın yanvarın 26-da keçirdiyi sessiyada Azərbaycanın işğal olunmuş topraqları ilə bağlı iki qətnaməsinin müzakirəyə çıxarıldığını xatırladan politoloq bildirib ki, birinci qətnamə "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması", ikinci qətnamə isə "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlanırdı: "Birinci qətnamənin qəbulu üçün Azərbaycana cəmi 4 səs çatmadı. İkinci qətnamə isə səs çoxluğu ilə qəbul olundu. Buna baxmayaraq, ikinci qətnamə də AŞPA-nın münaqişənin həlliylə bağlı əvvəlki illərdə qəbul etdiyi qətnamələr kimi kağız üzərində qaldı. 2016-cı ilin yanvar ayında Avropa İttifaqı məsələləri üzrə ixtisaslaşmış nüfuzlu Avropa Siyasəti Dağlıq Qarabağ münaqişəsinə dair hesabat yaydı. Hesabatda vurğulanırdı ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından narahatdır. Hesabatda Azərbaycanın və Ermənistanın Avropa İttifaqının tərəfdaşları olmasına baxmayaraq, Brüsselin Dağlıq Qarabağ münaqişəsinin kənarında qalması tənqid olundu. Həmin ərəfədə Bakıda olan Avropa İttifaqının xarici məsələlər üzrə komissarı Federika Mogerini Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliyini dəstəklədiyini bildirdi. Ancaq 2016-ci ildə AŞ PA kimi Avropa İttifaqı da Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilmədi".
Azərbaycan Xarici İşlər Nazirliyinin fevralın 23-də Rusiyaya nota göndərdiyini deyən E.Şahinoğlu qeyd edib ki, notada Rusiyanın Ermənistana silah və hərbi texnikanın alınması üçün 200 milyon dollar kredit verməsindən Azərbaycanın narahatlığı ifadə olunub: "Bundan bir həftə sonra Rusiya baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Dmitri Roqozin Azərbaycana səfər edərək prezident İlham Əliyevlə görüşüb. Əslində Roqozinin səfəri əvvəlcədən planlaşdırılmamışdı. Roqozin il ərzində bir neçə dəfə Bakıya səfər edib. Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığın inkişafında Roqozin başlıca fiqurdur. Məhz onun sayəsində Azərbaycan Rusiyadan təxminən 4 milyard dollar civarında silah alıb. Ancaq 2016-cı il ərzində Azərbaycan Rusiyadan silahı pulla alarkən, Moskva həmin silahları Ermənistana pulsuz verib. Rusiyanın il ərzində Ermənistana ötürdüyü "İsgəndər" raketləri də rəsmi Bakını ciddi narahat edib. Roqozin ilin sonunda yenə Bakıya gəldi, ancaq rəsmi Bakının "Rusiya Azərbaycana "İsgəndər" raketlərini satmağa hazırdırmı" sualına rusiyalı rəsmi konkret cavab verə bilmədi. Çünki Rusiya hakimiyyəti Azərbaycana "İsgəndər" raketlərini satmaq istəmir".
2016-cı ildə prezident İlham Əliyevin 13 ildən sonra Vaşinqtona səfər etdiyini xatırladan politoloq deyib ki, İlham Əliyev aprel ayının əvvəlində nüvə təhlükəsizliyi konfransı ilə əlaqədar Vaşinqtonda olub: "ABŞ-ın vitse-prezidenti Cozef Bayden İlham Əliyevlə görüşdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini deyib. Ancaq bu sözlər sadəcə, diplomatik ifadələr olaraq qaldı. Vaşinqton 2016-cı ildə münaqişənin həlli üçün aktivlik nümayiş etdirmədi. İlham Əliyev Vaşinqtonda səfərdə ikən cəbhə bölgəsində vəziyyət gərginləşdi. 4 günlük döyüşlərdən sonra İlham Əliyev Kremlin istəyi ilə aprelin 6-da atəşkəsə razılaşdı. Azərbaycanın və Ermənistanın baş qərargah rəisləri Moskvaya dəvət olundular və Rusiya paytaxtında atəşkəs razılaşdırıldı. Bunun özü bölgədəki nəzarətin Rusiyanın əlində olduğunu göstərdi. Bu baxımdan həmin günlərdə və elə indinin özündə bu sual aktualdır: Azərbaycan ordusu döyüşləri hələ bir müddət də davam etdirib işğal altındakı daha geniş əraziləri azad edə bilərdimi?
Əlbəttə, Azərbaycan ordusu cəbhə bölgəsində xeyli irəli getsəydi və bir neçə rayonun azad olunması prosesini sürətləndirsəydi, rəsmi Bakı Kremlin təzyiqinə baxmayaraq, müharibəni bir neçə gün də davam etdirəcəkdi. Ancaq cəbhədəki vəziyyəti İlham Əliyev və müdafiə naziri Zakir Həsənovdan yaxşı bilən yox idi. Ona görə də əgər prezident atəşkəsə razılaşdısa, o, bu qərarı həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə verdi. Buna baxmayaraq, Azərbaycanın cəbhə bölgəsindəki uğuru rəsmi Bakıya bir neçə istiqamətdə üstünlük qazandırdı. Birincisi, 22 ildən sonra Azərbaycan ordusu öz gücünü göstərdi. Azərbaycan ordusu ilə Ermənistan ordusu arasındakı fərqi hamı gördü. Əgər Azərbaycan ordusunun arsenalında modern silahlar və ağır hərbi texnika varsa, Ermənistan ordusunun 1980-ci illərin silahları ilə savaşdığı bəlli oldu. Bunu Ermənistan prezidenti Serj Sarkisyan aprelin 6-də Berlindəki çıxışı zamanı da etiraf etdi. İkincisi, Azərbaycan ordusunun hücuma keçməsi cəmiyyətdə ruh yüksəkliyi yaratdı. 22 ildən sonra Azərbaycan məğlub sindromundan qurtuldu, insanların ruh yüksəkliyi artdı, Azərbaycan bayrağı evlərdə, küçələrdə, maşınlarda dalğalanırdı. Üçüncüsü, beynəlxalq aləmə ciddi mesaj verildi. Mesajın əhəmiyyəti onda idi ki, Azərbaycan uzun müddət işğal faktına dözməyəcək. Bu hadisəyə qədər beynəlxalq aləmdə Dağlıq Qarabağ ətrafındakı rayonlar mövzusu aktual deyildi. Cəbhə bölgəsindəki toqquşmalardan sonra beynəlxalq aləmin Dağlıq Qarabağ ətrafındakı rayonlara marağı artdı, hətta Qərbdə "bu rayonlar azad olunmalıdır" fikirləri eşidilməyə başladı. Buna baxmayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin il ərzində əvvəlcə Vyanada, sonra isə Sankt-Peterburqda görüşləri nəticə vermədi. Böyük dövlətlər növbəti hərbi toqquşmanın qarşısını almaq və ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə Ermənistan hakimiyyətinə təzyiq etmədilər. Əksinə, böyük dövlətlər münaqişənin həllini sürətləndirmək əvəzinə atəşkəsin ömrünü uzatmaq üçün cəbhə xəttindəki monitorinq xidmətinin gücləndirilməsini istədilər. Bu Azərbaycanın maraqlarına cavab vermirdi. Çünki monitorinqin gücləndirilməsi və təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması o demək olacaqdı ki, Ermənistan bu vasitə ilə Dağlıq Qarabağ ətrafındakı rayonların işğalını uzatmaq istəyir. Ona görə də monitorinqin gücləndirilməsi məqsədilə cəbhə bölgəsində ATƏT müşahidəçilərinin sayının artırılması təşəbbüsü 2016-cı ildə reallaşmadı".
Aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirildiyini deyən politoloqun sözlərinə görə, forumda BMT baş katibi Pan Gi Munun iştirakı gözlənilirdi: "Ancaq o Bakıya gəlmədi, bunun əvəzinə forumda onun video müraciəti yayımlandı. BMT katibliyi Pan Gi Munun bölgəyə səfərinin təxirə salınmasını baş katibin "təcili işləri" ilə əlaqələndirdilər. Ancaq bu səbəb inandırıcı səslənmədi. Çünki Pan Gi Mun Bakıdakı forumda iştirakını 2015-ci ildən təsdiqləmişdi. Görünür, Pan Gi Munun Cənubi Qafqaza səfərinin təxirə salınması cəbhə bölgəsində dördgünlük müharibə ilə əlaqəli idi. Aydındır ki, Bakıda BMT baş katibinə ciddi suallar veriləcəkdi ki, təşkilatın Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 20 il əvvəl qəbul etdiyi 4 qətnamə niyə yerinə yetirilmir? BMT baş katibi isə Bakıda bu çətin suala cavab vermək məcburiyyətində qalacaqdı".
İlham Əliyevin iyunun 7-də Almaniyaya rəsmi səfərindən danışan ekspert qeyd edib ki, bu səfər ona görə əhəmiyyətli idi ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrlik edirdi və Qarabağla məşğul olmalı idi: "Ancaq aydın oldu ki, keçmişdəki digər ATƏT sədrləri kimi Almaniya da Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xüsusi fəallıq nümayiş etdirmək istəmir. Birgə mətbuat konfransında Almaniya kansleri Angella Merkel dedi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində açar rolunu oynayır. Merkel faktiki bununla demək istəyirdi ki, münaqişənin həlli Almaniyanın imkanı xaricindədir. İl ərzində Almaniyanın xarici işlər naziri Valter Ştaynmayerin Azərbaycana və Ermənistana səfəri də heç bir nəticə vermədi. Halbuki, aprel döyüşlərindən dərhal sonra Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Berlinin 7 maddəlik təkliflər paketinin olduğunu açıqlamışdı. Həmin təkliflərin nədən ibarət olduğu aydınlaşmadı, Valter Ştaynmayer Bakıya və İrəvana səfərləri zamanı bu məsələyə aydınlıq gətirmədi. Böyük ehtimalla bu təkliflər münaqişənin həlli ilə deyil, atəşkəsin qorunmasıyla bağlı idi".
ABŞ dövlət katibi Con Kerrinin "Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələdə həlli mümkün deyil" açıqlamasının Azərbaycanda tənqid olunduğunu deyən E.Şahinoğlu bildirib ki, bundan bir neçə gün sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təxminən eyni fikri söylədi: "Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur". Bu o demək idi ki, Suriya, Ukrayna və digər beynəlxalq mövzularda fərqli yanaşma ortaya qoyan Vaşinqtonun və Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışları eynidir. Hər ikisi münaqişənin həllinin sürətləndirilməsi məqsədilə Ermənistan hakimiyyətinə təzyiq etmək istəmir".
Ceyhun ABASOV



