“Polisi quldur adlandıranın özü quldurdur. Azərbaycan ictimaiyyəti Rəhim Qazıyevin müstəqilliyin ilk illərində torpaqlarımızın, xüsusən Şuşa və Laçının erməni silahlı birləşmələri tərəfindən işğalı ilə nəticələnmiş cinayətkar və xəyanətkar fəaliyyətini, onun hansı əxlaq və mənəvi dəyər sahibi olduğunu çox gözəl bilir. İndilikdə guya azadlıq və demokratiya aşiqi olan, xüsusi əməliyyat tədbiri keçirilərkən lazımi vaxtda və yerdə olmayan bu şəxsin polis əməkdaşlarının işgüzar imicinə və yüksək nüfuzuna kölgə salmağa hesablanmış ifadələri tamamilə qəbulolunmaz və yolverilməzdir”.
Bunu “Bizim yol” qəzetinə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə sabiq müdafiə naziri Rəhim Qazıyevin polisin ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq deyib.
Qeyd edək ki, R. Qazıyev bu günlərdə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması ilə bağlı prezident İlham Əliyevə müraciət edib. O, müraciətində polis orqanlarını ünvanına ittihamlar səsləndirib, onları “quldur” adlandırıb.
O.Mansurzadə qeyd edib ki, polis əməkdaşları şərəfli missiya daşıyırlar: “Onlar qanun keşikçiləridir və heç kəsin polisi aşağılamağa haqqı yoxdur. Bildiyiniz kimi, sözügedən hadisə zamanı Rəhim Qazıyev xüsusi əməliyyatın keçirilməsinə mane olub, saxlanılan zaman hay-küy salıb, polisə müqavimət göstərib. Saxlanıldıqdan az sonra isə sərbəst buraxılıb. Hesab edirəm ki, avantürist addımları, qalmaqallı çıxışları ilə tanınan Rəhim Qazıyevin sonuncu müraciəti də onun yenidən gündəmdə qalmağa hesablanmış uğursuz bir cəhdidir. Belə təhqiramiz açıqlamaları və təxribat xarakterli müraciətləri ilə ictimaiyyətin diqqətini çəkmək, özünü yenidən "qəhrəman" obrazında göstərmək istəyir. Halbuki, Azərbaycan cəmiyyəti kimin-kim olduğunu, o cümlədən Rəhim Qazıyevin xəyanətkar keçmişini unutmayıb və onun nimdaş personasına da kifayət qədər yaxşı bələddir”.