Rusiyanın İjevsk şəhərində polis polkovnikinin iki azərbaycanlını güllələməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. APA-nın Rusiya bürosunun xəbərinə görə, hadisə aprelin 13-də gecə saatlarında baş verib.
Udmurtiya Daxili İşlər Nazirliyinin Kriminalistika Ekspert Mərkəzinin rəis müavini, 48 yaşlı Qluxov Andrey Leonidoviç qonşuluqda yaşayan azərbaycanlı, 1967-ci il təvəllüdlü Aslanov Qaflan Əbülfəz oğluna pnevmatik silahdan altı dəfə atəş açıb. Soydaşımız hadisə yerində keçinib, iki güllə yarası alan 1976-cı il təvəllüdlü Qasımov Etiram Əlibala oğlu isə ağır yaralanıb.
Hadisəyə səbəb Qaflan Aslanovun evindən gələn yüksək müsiqi səsi olub. Həmin gecə Q. Aslanovun ailəsində yeni evə köçmələri münasibətilə qonaqlıq mərasimi keçirilib. Bu zaman evin qapısı döyülüb. Qapını döyən, bir mərtəbə yuxarıda yaşayan polkovnik Andrey Qluxov Qaflan Aslanovu təhqir etməyə başlayıb. Qafqazlıların onu bezdirdiyini söyləyən polkovnik səs-küyü dayandırmağı tələb edib. Q. Aslanov qonşusundan üzr istəyərək səs-küyün olmayacağını söyləyib. Yarım saat sonra Andrey Qluxov bir də qapını döyüb. Bu zaman qapını Qaflan Aslanovun həyat yoldaşı açıb. Əlində silah olan polkovnik qadını itələyib və səs-küyə gələn Qaflan Aslanova tapançadan altı dəfə atəş açıb. Soydaşımızın bədəninə dörd, ağzına bir güllə vuran polis polkovniki daha sonra onun öldüyünə əmin olmaq üçün başına bir güllə də vurub. Qaflan Aslanov hadisə yerində, 8 yaşlı qızının gözü qabağında keçinib. Polkovnik daha sonra Aslanovun qohumu olan Ehtiram Qasımova da atəş açıb. İki güllə yarası alan Ehtiram Qasımov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qətlə yetirilən Q. Aslanovun qohumlarının APA-ya verdiyi məlumata görə, Rusiya hüquq-mühafizə orqanları hadisənin motivi barədə bilərəkdən yalnış məlumat yayıblar. Qohumların sözlərinə görə, yerli hüquq-mühafizə orqanları hadisənin Q. Aslanov və E. Qasımovun günahından baş verdiyi barədə rəy formalaşdırmaq istəyirlər: “Onlar cinayəti törədən polkovnik Andrey Qluxovu məsuliyyətdən yayındırmaq üçün belə edirlər”.
Qeyd edək ki, dünən Rusiya hüquq-mühafizə orqanları hadisə barədə başqa məlumat yayıb. Məlumata görə, nazirliyin kriminalistika ekspert mərkəzinin rəis müavini qonşuların qışqraraq danışdığını eşidib və onlardan özlərini sakit aparmağı tələb edib. Mübahisə edənlər Azərbaycan vətəndaşları olub. Polis polkovnikinin hadisəyə müdaxiləsi mübahisə edənlərin ona hücumu ilə nəticələnib. Polis əməkdaşı bu zaman silaha əl atıb, atəş açaraq onları güllələyib. Bir nəfər həlak olub, digəri isə yaralanıb.