|
|
|
|
Prezident İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ili"nin yekunlarına həsr olunan konfransda ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlara toxundu, eyni zamanda problemləri qeyd edərək, tapşırıq və tövsiyələrini verdi.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycanda həyata keçirilən siyasətin məqsədi ölkəni gücləndirmək, müstəqilliyi möhkəmləndirmək və dayanıqlı inkişafa nail olmaqdır.
Ölkə rəhbəri 2016-cı ilə də qiymət verərək, ümumilikdə iqtisadiyyatın inkişaf etdiyini, bütün əsas vəzifələrin yerinə yetirildiyini söylədi: "Dünyada neftin qiyməti üç-dörd dəfə aşağı düşüb, iqtisadi böhran daha da dərinləşib. Amma əvvəlki illərdə görülmüş işlər və islahatlar nəticəsində 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, bütün əsas vəzifələr icra olunmuşdur".
Prezident diqqət mərkəzində olan sahələrdən biri kimi ərzaq təhlükəsizliyini vurğulayıb. Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın ərzaq təhlükəsizliyi böyük dərəcədə təmin edilib: "Əlavə tədbirlər nəticəsində bu il 150-160 min hektar yeni suvarılacaq əkin sahələrinin hesabına böyük ixrac imkanı yaranacaq. 2017-ci ildə 100-120 min hektarda pambıq əkiləcək və 200 min ton pambığın yığılması gözlənilir.
Baramaçılıq 37 rayonda inkişaf etdirilir. Fındıqçılıq 13 rayonda inkişaf etdirilir və fındıq bağlarının sahəsi 80 min hektara çatdırılacaq. Abşeron və Bakıətrafı qəsəbələrdə badam bağlarının salınması nəzərdə tutulur. Zeytunçuluğun inkişafı üçün əlavə tədbirlər görülür, yeni bağlar salınacaq. Tütünün istehsalı üç dəfə artmalı, 10 min tona çatdırılmalıdır.
Üzümçülük və şərabçılıqla bağlı tədbirlər nəzərdə tutulur. Bu sahədə ixrac həcmi 10-20 dəfə artmalıdır. Azərbaycanda soyaya olan daxili tələbat 1-2 il ərzində tam ödənilə bilər. Bu istiqamətdə müvafiq tədbirlər görülür".
Həmçinin, yun tədarükü, gübrə istehsalı, çayçılığın inkişafı, aqroparkların sayının artırılması ilə bağlı da məsələlər vurğulanıb.
Konfransda səsləndirilən məsələlərlə bağlı fikirlərini açıqlayan iqtisadçı Ruslan Atakişiyev deyib ki, dövlət başçısı çox mühüm sahələrə toxundu və öz tapşırıqlarını, tövsiyələrini verdi: "Bunlardan biri də ərzaq təhlükəsizliyi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, müxtəlif ölkələrdə ərzaq təhlükəsizliyi məsələsi fərqli yanaşmalarla həyata keçirilir. Məsələn, Rusiya təcrübəsində ərzaq təhlükəsizliyi ilə bağlı ərzaq ehtiyatları formalaşır. Mülki müdafiə xarakterli və müxtəlif vəziyyətlərə uyğun olaraq ərzaq ehtiyatları toplanır və müxtəlif şəraitdə saxlanılır. Belə yerlərdən biri də Sibirdir. Rusiya növbəti 100 ili əhatə edən ərzaq ehtiyatı yaradıb".
İqtisadçının sözlərinə görə, ərzaq təhlükəsizliyi ölkənin iqtisadi sanksiyalar zamanı az ziyan çəkməsində həyati əhəmiyyətlidir: "Regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramının icrasına həsr olumuş konfransda qeyd edilən əsas məsələlərdən biri də ixracın artırılması, idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması idi. Bilirsiniz ki, 2017-ci il yanvarın 1-dən vergi sistemində dəyişikliklər həyata keçirilib ki, həmin dəyişikliklərdən biri də 500 mindən çox əməliyyatlar aparılan vəsaitlərin transfer qiymətləndirilməsinin həyata keçirilməsidir. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının, regionlararası inkişaf da diqqətdə idi. Məlumdur ki, regionların arasında inkişafa görə qeyri-bərabərlik var. Bu il ilk dəfə olaraq 30-a yaxın rayon dövlət büdcəsindən deyil, öz daxili büdcəsindən maliyyələşməyə keçib. Bu da regonların özünü saxlaması, öz iqtisadiyyatını formalaşdırması və kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılmasının təmin edilməsi deməkdir. Vacib məqamlardan biri də turizmlə bağlı işlərin görülməsidir. Bölgələrdə turizm infrastrukturunun yaradılmasına paralel olaraq turizm mədəniyyətinin, kadrların formalaşması, qonaqpərvərlik ənənələrinin daha da inkişaf etdirilməsi kimi məsələlər önə çıxır".
Ekspert deyib ki, Azərbaycanda post neft dövründə bir sıra sahələrin inkişafı aktuallıq kəsb edir ki, bunlar kənd təsərrüfatı, turizm, sənaye istehsalı və digər sahələrdir: "Taxılçılığın inkişafı ərzaq təhlükəsizliyinin təmini kimi ön plana çıxır. Xüsusilə də, dövlət başçısı taxıl ehtiyatlarının daxili istehsal hesabına formalaşdırılmasının zəruriliyini vurğuladı. Ümumiyyətlə, son dövrlər ixracın artırılması, 54-ə yaxın kənd təsərrüfatı məhsulunun dünyada brendləşməsi, təbliği üçün işlər başlayıb. Bütün bunlar onu göstərir ki, xarici ixracda məhsulların üzərindən çıxış etmək daha prioritetdir. Konfransda regionlarda yaradılan sənaye parkları, toxuculuğun, baramaçılığın, ipək istehsalının inkişaf etdirilməsi, ipək brendinin formalaşması və s məsələlərə diqqət çəkildi. Bütün bunlar isə Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün atılan ciddi addımları göstərir".
Millət vəkili Musa Quliyev isə hesab edir ki, prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söylədiyi fikirlər, yekun nitqi bir daha onu göstərdi ki, Azərbaycan bir sabitlik adasıdır. O bildirib ki, dünyada gedən mənfi proseslərin təsirlərinə baxmayaraq, Azərbaycanda inkişaf var: "Bu inkişafın artıq yeni meyilləri ortaya çıxmaqdadır. Sosial müdafiə təmin olunur, əhalinin güzəranı daim dövlətin diqqət mərkəzindədir. Əhali ilə dövlət başçısı arasında sıx birlik var".
M.Quliyev əlavə edib ki, prezident 2014-cü ildən bu yana regionların sosial- iqtisadi inkişafına dair üç dövlət proqramının nəticələri barədə fikirlərini söylədi və onların nə qədər böyük əhəmiyyəti olduğunu vurğuladı: "Birinci proqramın Azərbaycanda infrastrukturun yaradılmasında çox mühüm əhəmiyyəti olduğunu söylədi. İknci proqramda Azərbaycanın regionlarında emal sənayelərinin, yeni iş yerlərinin, qeyri-neft sektorunun inkişafına təkan verə biləcək layihələrin həyata keçirilməsinin uğurlu nəticələrini qeyd etdi. Üçüncü mərhələdə əhalinin məşğulluğunun təmin edilməsi, qeyri-neft sektorunun gəlirləri hesabına büdcənin formalaşması, ixrac sənayesinin artırılması imkanlarını vurğuladı. Dövlət başçısı bir daha qeyd etdi ki, artıq Azərbaycan öz inkişafının yeni mərhələsinə, post-neft dövrünə qədəm qoyub. Amma bundan sonra da on illərlə neft və qaz Azərbaycan xalqına xidmət edəcək. Lakin buna baxmayaraq, biz ümummilli gəlirlərimizi və dövlət büdcəmizi qeyri-neft gəlirləri hesabına formalaşdırmalıyıq. Prezident kənd təsərrüfarında görülmüş çox böyük işlər barədə danışdı, müsbət fikirlərini söylədi, qarşıya qoyulan məsələlərin həllini tapdığını dedi. Kənd təsərrüfarında pambıqçılıq kimi ənənəvi sahələrlə yanaşı, fındıqçılıq, badam əkini və digər sahələrin inkişafına önəm verdi və dövlət dəstəyindən danışdı".
M.Quliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq iqtisadi reytinqində də yüksəliş olub: "Baxmayaraq ki, ötən il ağır il oldu, həm neftin qiyməti aşağı düşdü, həm dünyada böhran dərinləşdi. Azərbaycan öz iqtisadi reytinq səviyyəsini bir az da artırdı. Həm biznesin inkişafı, həm sahibkarlıq mühitinin yaxşılaşdırılması, o cümlədən sosail müdafiənin təmin olunması baxımından da bizim reytinqlərimiz yüksəlib. Bu ilin dövlət büdcəsi nisbətən yığcam olmasına baxmayaraq, 40 faizi sosial sahənin maliyyələşməsinə həsr olunub".
M.Quliyev deyib ki, bütövlükdə prezident qarşıya qoyulan məsələləri şərh etdi və problemlərin həlli yollarını da göstərdi: "Daxili istehsalın genişləndirilməsinin, idxal məhsullarından asılılığın aşağı salınmasının, Azərbaycan brendi altında məhsulların daha çox xarici bazarlara çıxarılmasının vacib olduğunu vurğuladı. Göstərdi ki, bütün bunlar Azərbaycanın həm iqtisadi əlaqələrinin möhkəmlənməsinə, həm də dövlət büdcəsinin, milli gəlirin artmasına səbəb olan fakrorlardır. Cənab prezident məmurlara öz ciddi tapşırıqlarını və tövsiyələrini verdi, əhali ilə, vətəndaşla münasibətdə nümunə olmağı göstərdi. Rüşvət, korrupsiya, monopoliya hallarına qarşı mübarizənin daha da sərtləşəcəyi mesajlarını verdi, eyni zamanda rəftarın daha sivil, mədəni, yumşaq formada aparılması, bürokratik əngəllərin aradan qaldırılması məsələlərinə də toxundu. Bir daha vurğuladı ki, məmur xalqın xidmətçisidir, məmur xalqın xidmətçisi olanda vətəndaş dövlət münasibətləri də səmimi və sıx müstəvidə qurulur. Bütövlükdə bu müşavirə bir daha göstərdi ki, Azərbaycanın sosial iqtisadi inkişafı möhkəm təməllər üzərində qurulub. Ölkəmiz yeni çağırışlara vaxtında düzgün rekasiya verir. Ümumdünya böhranının ölkəmizdə hiss olunmayacaq dərəcədə yumşaq keçməsi də bizim strateji xəttimizin düzgün müəyyən edildiyini təsdiqləyir".
PƏRVANƏ