İclası giriş sözü ilə açan "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov 2016-cı ildə ölkəmizdə mühüm sosial-iqtisadi tədbirlərin həyata keçirildiyini, makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atıldığını bildirib.
Q.Hüseynov qeyd edib ki, qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq sosial və infrastruktur layihələrinin icrası davam etdirilib, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılıb. 2016-cı ildə "Azərsu" ASC tərəfindən 1 milyon 413 min abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilib, il ərzində istehlakçılara 639 milyon kubmetr su satılıb. Hesabat dövründə 745 km içməli su, 435 km kanalizasiya xətləri çəkilib, 15 ədəd su anbarı tikilib, 26 subartezian quyusu qazılıb, 116 min sayğac quraşdırılıb. Görülən işlər nəticəsində 143 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 134 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,6 faizə, ölkə üzrə 65,6 faizə yüksəlib. Hazırda Gədəbəy, Daşkəsən, Xaçmaz, Qobustan, Şamaxı, Ağdaş şəhərlərində su və kanalizasiya şəbəkələrinin inşasının yekunlaşma ərəfəsində olduğunu deyən Q. Hüseynov 2016-cı ildə daha bir şəhərdə - Ağcabədidə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin, Şəki şəhərində həyata keçirilən layihənin növbəti mərhələsinin icrasına başlanıldığını da diqqətə çatdırıb. Hesabat dövründə 23 kənd və qəsəbədə görülən işlər nəticəsində 30 minədək sakinin içməli su problemi həll edilib.
Bakı şəhəri və Abşeron yarımadasında həyata keçirilən layihələr barədə məlumat verən Q. Hüseynov Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin dünyada ilin 4 böyük və önəmli su layihəsindən biri seçilməsini qürurverici hadisə adlandırıb. Hesabat dövründə Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilib, Nizami rayonunda 25 km şəbəkə və məhəllədaxili xətt yenidən qurulub, 16,6 min sayğac quraşdırılıb. Nərimanov rayonunda isə 54 nasosxananın fəaliyyəti dayandırılıb, 23 min nəfər fasiləsiz su ilə təmin edilib.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq qarşıda duran vəzifələr barədə tapşırıqlar verib. Qeyd olunub ki, 2017-ci ildə Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılacaq. Gəncə, Şəki, Beyləqan, Ağcabədi, Tərtər, Gədəbəy, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində tullantı sutəmizləyici qurğuları tikiləcəkdir. Q. Hüseynov məcburi köçkünlərə şamil olunan güzəştlərin vahid müavinətlə əvəzlənməsindən irəli gələn məsələlərin qısa müddətdə həll edilməsi, debitor borcların azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması sahəsində ciddi tədbirlərin görülməsi barədə tapşırıqlar verib.
SAMİRƏ