Vətəndaşların ali təhsil müəssisələrinə qanunsuz qəbulunu təşkil edən müəssisələr barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a daxil olan məlumatda bildirilir ki, müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən “İNFO-RTM” MMC və “İnnovasiya” MMC-nin vəzifəli şəxsləri qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq 2009-2010-cu illərdə Rusiya Federasiyasının İnformasiya Texnologiyaları İnstitutunun vasitəçiliyi ilə 400-ə yaxın ölkə vətəndaşlarının müxtəlif ixtisaslar üzrə Rusiya Dövlət Maşınqayırma İnstitutuna, 500-ə yaxın vətəndaşın isə Rusiya Federasiyasının Humanitar Akademiyasına qanunsuz qəbulunu təşkil etməklə vətəndaşların və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.