|
|
|
|

Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən, fevralın 20-də Ermənistan Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qondarma rejimdə qeyri-qanuni "konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum" keçirməyi planlaşdırır.
ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri isə həmişəki kimi məsələyə heç bir münasibət bildirmir. Bəs onda Azərbaycan nə üçün bu qurumun fəaliyyətinə ehtiyac duymalıdır?
Rəsmi Bakı hər dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı addım atanda, problemin həlli ətrafında irəliləyiş əldə edəndə, xüsusilə Ermənistan hakimiyyətini qorxuya salanda dərhal öz reaksiyasını ortaya qoyan həmsədr dövlətlər belə görünür ki, işğal faktını aradan qaldırmaqda heç də maraqlı deyillər. Əksinə, bu cür fəaliyyəti ilə Minsk qrupu açıq şəkildə ermənilərin maraqlarını müdafiə etdiyini biruzə verir.
Son olaraq həmsədr dövlətlərdən Fransa prezidenti Fransua Ollandın Parisdə erməni diaspora nümayəndələri ilə bir araya gəlməsi, iştirak etdiyi tədbirdə "Dağlıq Qarabağ xalqı" ifadəsini işlətməsi, problemin həllində xalqların öz müqəddəratını həlletmə prinsipini önə çəkməsi, habelə Ermənistan prezidenti Ser Sarkisyanı martın 8-də səfərə dəvət etməsi münaqişənin həllində vasitəçiliklə bağlı Fransanın öz üzərinə götürdüyü tərəfsizlik öhdəliyini pozduğunu açıq şəkildə sübut edir. Eləcə də həm Rusiya, həm də Fransa da ayrı-ayrı vaxtlarda ortaya qoyduqları mövqeləri ilə heç də rəsmi Parisdən geri qalmadıqlarını göstəriblər. Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın daxili işi hesab etməməsi də məhz bu reallıqlardan irəli gəlir. Yəni, hər üç həmsədr dövlət nəinki münaqişəni həll etmək istəmir, hətta məsələnin Ermənistanın xeyrinə bitməsi üçün dəridən-qabıqdan çıxırlar. Lakin Azərbaycan dövləti keçən ilin aprel ayında göstərdi ki, kimsə Dağlıq Qarabağa müstəqillik veriləcəyini gözləyirsə, əbəs yerə vaxt itirməsin.
İndi də ermənilər qanunsuz referendum təşəbbüsü ilə nəsə əldə edəcəklərini düşünürlər. Lakin bu, belə deyil. Çünki Ermənistan da daxil olmaqla, dünyanın heç bir dövləti Dağlıq Qarabağda yaradılan qondarma rejimi tanımır. Ona görə də erməni separatçıları tərəfindən qəbul olunan istənilən cəfəng qərarın heç bir hüquqi əsası yoxdur və bundan sonra da olmayacaq.
Rəsmi Bakı məsələyə artıq öz reaksiyasını verib. Azərbaycan Xarici İşlər Nazirliyinin işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni "referendum"la bağlı yaydığı bəyanatda qeyd olunub ki, Xarici İşlər Nazirliyi Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni rejimin təcavüz və işğalın mütləq nəticəsi olduğunu bir daha bəyan edir: "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015 tarixli qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.
Bu təxribatçı addım, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdləri Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir. Bunun müqabilində Ermənistan gərginliyin artırılması xəttini yürüdür, öz işğalçı siyasətinin nəticələrini, qəbuledilməz və qeyri-davamlı olan status-kvonu möhkəmləndirmək üçün davamlı addımlar atır, substantiv danışıqlar vasitəsilə münaqişənin dinc yolla həlli istiqamətində olan cəhdləri pozur, işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişdirir, "fait accompli" vəziyyəti tətbiq etmək məqsədilə işğal edilmiş ərazilərə erməni əhalisinin köçürülməsi də daxil olmaqla, iqtisadi və digər fəaliyyətləri həyata keçirir. Bu kimi fəaliyyətlərlə Ermənistan həmçinin regional və beynəlxalq sülhə və təhlükəsizliyə xələl gətirir və onu təhlükə altına qoyur".
Bəyanatda o da qeyd edilib ki, münaqişənin həlli üçün prinsipial baza olan BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri və BMT Baş Məclisinin 62/243 (2008) saylı qətnaməsi Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını pisləyir və Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir: "Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Qeyri-qanuni "referendum" Azərbaycan Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Bu qondarma "referendum" həmçinin işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilir.
Biz beynəlxalq ictimaiyyəti qondarma qeyri-qanuni "referendum"u rədd etməyə və Ermənistanın öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməsi, işğalçılıq və ilhaqçılıq siyasətinə son qoyması, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməsi və beynəlxalq öhdəliklərinə əməl etməsi üçün Ermənistana siyasi və diplomatik təzyiq göstərməyə çağırırıq".
Məsələ ilə bağlı "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli "525"ə bildirib ki, ATƏT-in Minsk qrupu, eləcə də digər beynəlxalq təsisatlar öz missiyasını layiqli şəkildə yerinə yetirsəydilər bu gün BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı fəaliyyəti ilə bağlı qəbul etdiyi 4 qətnamə yerinə yetirilər, Azərbaycan torpaqları erməni əsaritindən azad olunardı: "Təəssüflər olsun ki, biz bunun tam əksinin şahidi oluruq. Beynəlxalq birlik oxşar münaqişələrə fərqli prizmadan yanaşır, ikili standartlar siyasəti ilə ayrı-ayrı dövlətlərə qeyri-bərabər münasibət ortaya qoyur".
E.Həsənlinin sözlərinə görə, erməni separatçıları qeyri-qanuni "referendum" təşəbbüsü ilə özlərini gülünc vəziyyətə salırlar: "İşğalçı Ermənistanın özünün belə tanımadığı separatçı rejimi dünya birliyi qəbul etmir. Heç bir dövlət Dağlıq Qarabağda yaradılan qondarma qurumun "müstəqilliyini" tanımır".
Hərbi ekspert qeyd edib ki, Azərbaycan sərhədlərini pozan, qanunsuz yolla Dağlıq Qarabağa səfər edən, qondarma rejimin təbliğatını aparan bloger Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası bir daha göstərir ki, Azərbaycan dövləti dünyanın harasında olmasından asılı olmayaraq, ərazi bütövlüyünə qəsb edən cinayətkarları cəzalandıracaq. Gec-tez Serj Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan başda olmaqla qondarma rejimi yaradan cinayətkarlar öz cəzalarını alacaqlar. Onlar da Lapşin kimi Bakıya gətiriləcək, Azərbaycan məhkəməsi tərəfindən mühakimə olunacaqlar".
Artıq hərbi xuntanın öz əhalisini də aldada bilmədiyini deyən E.Həsənli vurğulayıb ki, aprel döyüşləri ermənilərə sağalmaz yara vurub: "Bütün mifləri alt-üst olan Ermənistan hakimiyyəti dalana dirənib. Sarkisyan rejiminin Dağlıq Qarabağda təşkil etmək istədiyi qeyri-qanuni "referendum"un da heç bir hüquqi, siyasi, hərbi əsası yoxdur".
QHT sədri deyib ki, Azərbaycan dünyada böyük nüfuz sahibinə çevrilib: "Dünya dövlətləri Azərbaycana böyük hörmətlə yanaşır. Dövlətimizin BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv seçilməsi də məhz bu etimadın göstəricisi idi. Əlbəttə ki, bütün bunlar Azərbaycan bir nömrəli probleminin həlli məsələsində özünü göstərir. Günü-gündən biz münaqişənin həlli istiqamətində atılan addımların məntiqi nəticələrini görürük. Aprel döyüşləri isə sübut etdi ki, Azərbaycan işğal olunmuş torpaqlarını müharibə variantı ilə hər an azad etməyə qadirdir. Bunun üçün dövlətimizin kifayət qədər hərbi potensialı, qüdrətli ordusu, güclü iqtisadi dayaqları var. Əgər Ermənistan müharibə istəmirsə, bu reallıqları dərk etməli, işğal siyasətinə son qoymalıdır. Çünki Azərbaycan hazırkı "status-kvo" ilə heç vaxt barışan deyil. Əksinə, mütləq şəkildə münaqişə hazırkı "status-kvo"dan çıxarılacaq. Azərbaycan prezidenti və dövləti, Azərbaycan xalqı və gəncliyi bu ədalətsizliklə heç vaxt barışmayacaq".
Ceyhun ABASOV



