
Beynəlxalq Muğam Mərkəzində “Oxu tar” konsert proqramı təqdim edilib.
Tar ifaçısı Humay Qədimovanın təqdim etdiyi konsertdə gənc musiqiçini “Naz-nazı” instrumental ansamblı müşayiət edib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək bildirib ki, tar ifaçılığı və sənətkarlığının UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi bu sənətin böyüklüyündən, bəşəriliyindən xəbər verir.
Bildirilmişdir ki, Beynəlxalq Muğam Mərkəzində sayca üçüncü dəfə konsert verən gənc ifaçı qısa müddətdə böyük tamaşaçı sevgisi qazanıb.
Humay Qədimovanın Azərbaycan Milli Konservatoriyasında təhsil aldığı illərdə öz istedadı ilə digər tələbələrdən fərqləndiyini söyləyən Siyavuş Kərimi bildirib ki, yorulmaz fəaliyyəti və sənətinə sonsuz sevgisi onu qısa müddətdə nəinki Azərbaycanda, ölkəmizdən uzaqlarda da tanıdıb.
Gecədə gənc ifaçının təqdim etdiyi xalq və bəstəkar musiqiləri alqışlarla qarşılanıb.
GÜNEL



