|
|
|
|

“Cəmiyyətdə, xüsusilə, gənclər sırasında milli təəssübkeşliyin, tarixi yaddaşın möhkəmləndirilməsi, milli vətənpərvərliyin tərbiyəsi səhəsində səylərimiz daha intensiv olmalı, bu istiqamətdə işlər sistemli şəkildə həyata keçirilməli, güclü milli vətənpərvərlik strategiyası hazırlanmalıdır”.
525.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova dilə gətirib.
Bir sıra mətbu yazılarında, o cümlədən, MM-in mayın 14-də keçirilən növbəti plenar iclasında bu məsələyə geniş şəkildə toxunduğunu qeyd edən komitə sədrinin sözlərinə görə, 20 ildən artıq müddət ərzində ərazilərinin 20 faizi hələ də işğal altında inləyən, 1 milyondan artıq insanı qaçqın-köçkün vəziyyətində ömür sürən, ən əsası müharibə vəziyyətində olan bir ölkə, ələlxüsus, onun böyüməkdə olan yeni nəsli, gəncliyi üçün belə bir milli vətənpərvərlik strategiyasına böyük və zəruri ehtiyac var:
“Ancaq dünənki çıxışımda da qeyd etdiyim ki, əslində nə baş verir? O baş verir ki, yetişməkdə, böyüməkdə olan yeni nəslimiz, gəncliyimiz heç də milli vətənpərvərlik, Qarabağ ruhunda böyümürlər. Onlar daha çox çalıb-oynamaq, əylənmək, şou ruhunda böyüyürlər, böyüdülürlər. Bu məsələdə də telekanallarımızın “rolu”, “əməyi” daha çoxdur.
Axı, nə qədər musiqi, çalıb-oynamaq yarışması, müsabiqəsi keçirmək olar? Bununla biz hara gedirik və ya gedə bilərik? Odur ki, bunlara təcili son qoyulmalı, yeni gələn nəslimizin, gəncliyimizin milli-hərbi vətənpərvərlik, Qarabağ ruhunda böyüməsi, böyüdülməsi üçün daha konkret və məqsədyönlü addımlar atılmalıdır. Hər kəs peşəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, bu işə öz əməli töhfəsini verməyə çalışmalıdır”.
R.Aslanova qeyd edib ki, gənclərdə ehtimal olunan hər cür cəhdlərə qarşı sarsılmaz mənəvi müqavimət hissi formalaşmalı, formalaşdırılmalıdır:
“Eyni zamanda, bu istiqamətdə diqqət mərkəzində olan əsas məsələlərdən biri də cəmiyyətdə “vətəndaş olmaq nə deməkdir” sualına dair aydın təsəvvürlərin formalaşmasıdır. Dövlət və vətən vahid tam təşkil edən anlayışlardır. Vətəndaş olmaq böyük hüquq və nemətdir. Vətəni sevmək- birmənalı olaraq dövləti sevmək deməkdir. Vətənini sevən vətəndaş-güclü dövlətin hər şeyə qadir olan qüvvəsidir.
Tarixdən məlum olan həqiqətdir ki, vətəni, məmləkəti “dövlət” zirvəsinə ucalda bilmək vətənini sevən insanların-vətəndaşların missiyasıdır. Vətənlərinin adını dünyanın siyasi tarixinə yaza bilən və qüdrətli ölkəyə çevirənlər, həm də dövlətin əbədi olaraq ən ali vətəndaş örnəyinə çevriliblər. Bu həmişə belə olub və belə olacaq.
Vətəndaş da, vətəndaşlıq mədəniyyəti də olduqca dinamik məzmunlu anlayışdır. Bu sahədə hər hansı problemlərin mövcudluğunun səbəblərini təhlil etmək istəsək-“obyektiv, yoxsa, subyektiv səbəblərdir”- sualına cavabı görəcəyik. Hesab edirəm ki, başlıca məsələ subyektiv müstəvidədir. Dövlət obyektiv olaraq vətəndaşını bütün siyasətinin mərkəzində yerləşdirib. Onun maraqlarına, yaşadığı vətənin mənafeyinə xidmətdədir. Bəs vətəndaş necə, öz öhdəliklərini dərk edə bilirmi?
Bu torpağın üzərində gəzmək, mənəvi haqqı qazanmaq üçün nə edir? Ümumiyyətlə, vətəndaşlıq mədəniyyəti və vətənpərvərlik tərbiyəsi –əvvəllər necə idi, indi nə vəziyyətdədir və gələcək perspektivləri necə olacaq?”
Komitə sədrinin bildirdiyinə görə, vətənpərvərlik tərbiyəsi hər zaman konkret-tarixi xarakter daşıyır və olduqca dinamik anlayışdır:
“Vətəndaşlıq tərbiyəsi müasir dövrdə xüsusilə, vacib əhəmiyyət kəsb edir. Belə ki, gənclərin dünyagörüşü hazırda bir tərəfdən manipulyasiya obyektinə çevrilib, digər tərəfdən isə qloballlaşan və liberal dəyərlərin üstünlük etdiyi dünyada maddiyyat amilinin önə çıxması da reallıqda müşahidə edilən meyllərdən biridir.
Müasir elmə görə “vətənpərvərlik” -vətənin tarixinə, keçmişinə və gələcəyinə, rəğbət və bağlılıqda ifadə olunan hissdir. “Vətənpərvərlik” hər bir dövlətin milli ideyasının mahiyyətidir. Əgər bu sahədə müəyyən problemlər olarsa bu o deməkdir ki, milli ideyanın mühüm bir tərkibinin reallaşması ləngiyə bilər.
Bu yerdə “müqəddəs yer boş qalmır” deyimini də yada salsaq bu sahədə hər gün, hər saat tədbirlərin ardıcıl olaraq görülməsi zəruridir. Bu istiqamətli tədbirlərin həyata keçirilməsi zamanı kəmiyyət deyil, keyfiyyət meyarları üstünlük təşkil etməlidir. Vətəndaşlıq mədəniyyətinin, tərbiyəsinin dövlətçiliyin qorunması üçün həyati vacib resursa çevrilməsini istəyiriksə onun mənası və mahiyyətinə dair təsəvvürlər aydın olmalıdır. Həm də hədəf yalnız gənclər deyil, bütün cəmiyyət, sosial təbəqələr olmalıdır, dünyadakı kimi, tutduğu mövqe və statusdan asılı olmayaraq.
Bəzən vətən və dövlət anlayışlarını ayırmaq cəhdlərini də görürük. Gerçəklikdə isə bu anlayışların bir-birindən təcrid edilməsi mümkün deyil, yaxud da söz oyunudur. Üstəlik də əgər əməllərdə təzahür edirsə-onun adı vətənə xəyanətdir. Ümumən qəbul edilmiş elmi qənaətə görə, vətəndaşlıq- insan və dövlətin qarşılıqlı öhdəliklərində ifadə olunan davamlı siyasi-hüquqi münasibətləri, bağlılığı deməkdir. Vətəndaşlıq bu cür imkanları olmayan digər insanlarla müqayisədə müəyyən hüquqlara və vəzifələrə malik olmaq deməkdir.
Məhz buna görədir ki, hüquqi statusuna görə vətəndaş bu ölkənin ərazisində yaşayan digər ölkə vətəndaşlarından və ya vətəndaşlığı olmayan şəxslərdən fərqlənir. Vətəndaşlıq, vətənpərvərlik- ilk növbədə mədəniyyətdir. Ancaq heç bir qanun özlüyündə cəmiyyətə hazır vətəndaş bəxş edə bilməz, bu gərəkli şərtlərdən yalnız biridir”.
R.Aslanova eyni zamanda xatırladıb ki, hazırda ölkədə 4 minə yaxın Qeyri-Hökumət Təşkilatı (QHT), 20-yə yaxın QHT koalisiyası, eləcə də, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir. Bütün bunlar alqışlanmalı olan çox böyük nailiyyətlərdir:
“Sözünün kökündə “vətəndaş” sözü olan bu təsisatlarda çoxsaylı “vətəndaş hüquqları cəmiyyətləri” olduğu kimi, vətəndaş öhdəlikləri cəmiyyətlərinin də olması gözləniləndir. Vətəndaş cəmiyyətinin 4 minə yaxın təsisatı arasında bu ideyaya xidmət edənlər çoxdur. İstər Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə, istər Milli Qəhrəmanlarımızın cəmiyyətə tanıdılması yönündə gərəkli işlər görülür.
Bu da çox təbiidir. Belə ki, sözünün kökündə vətəndaş olan bir cəmiyyəti məhz vətəndaşlıq mədəniyyəti olan insanlarla qurmaq mümkündür. Çünki, vətəndaşsız, dövlətini sevməyən fərdlərdən “vətəndaş cəmiyyəti” qurmaq mümkünsüzdür...”
Kamil Həmzəoğlu



