|
|
|
|

“Azərbaycan Yazıçılar Birliyinin binasında işləyən yazıçılardan bir qrupu Birliyin sədri Anara və Katibliyə ünvanladığı məktubu qonşu otağa verməkdənsə, Kult.az vasitəsiylə göndərməyi məqsədlərinə uğyun hesab etmişlər.
Yazıçılar Birliyinə qarşı daima düşmənçilik mövqeyində duran köşə yazarı isə dərhal fürsəti fövtə verməyib, təşkilatımızın ünvanına növbəti böhtan, iftira və təhqirlər yağdırmışdır”.
AYB.az saytı məsələyə münasibətini öyrənmək üçün AYB sədrinin müavini Nazim İbrahimova müraciət edib: “Hələ ortada bina yoxdur, indidən bölüşdürməyə çalışırlar. Bir neçə il əvvəl Anar müəllim yazıçıların mənzil probleminin həlli üçün cənab Prezidentə müraciət etmişdi.
Müraciətdən sonra Prezident Aparatı bizə torpaq ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq verdi. Bakı şəhər İcra Hakimiyyəti də Xətai rayonu ərazisində bizə torpaq ayırdı. Biz danışıqlar apardıq və kooperativ mənzillərin tikintisi üçün hazır idik. Bizim torpağımız Müdafiə Nazirliyi üçün ayrılmış torpağın yanında idi. Və nazirlik hərbçi ailələr üçün binanın tikintisinə başlamışdı. Aprel hadisələrindən sonra bu iş daha da sürətləndirildi və tikinti yekunlaşdı. Cənab Prezidentin binanın açılışında iştirakı zamanı hərbçilər daha bir binanın tikintisi üçün xahiş etdilər. İkinci bina üçün bizə ayrılmış torpaq əlverişli sayıldı. Hörmətli Prezidentimizin qəhrəman hərbçilərə bu növbəti qayğısını yazıçılar anlayışla qarşıladılar. Bizə isə başqa bir sahə ayrıldı. Müxtəlif qurumlarla sənədləşdirmə məsələlərinə yenidən baxmalı olduq. Bu məsələlərlə bağlı Anar müəllim və mən Prezident Aparatının məsul işçiləriylə dəfələrlə görüşməli olduq və bu işlərin qaydaya salınmasında bizə çox yardım olundu. Xətai rayonu ərazisində bizə yeni ayrılmış torpaq sahədə mənzillərin tikilməsi üçün bir neçə şirkətlərlə danışıqlar apardıq. Bizə ən uyğun variantla məsələni həll etdik. Yaxın müddət ərzində binanın tikintisinə başlanacaq.
Düşünürəm ki, ən gec iki ilə bina təhvil verilə bilər. Mənzillərin kimə və hansı şərtlərlə verilməsinə gəlincə, sədr müavini komissiya sədri deyil. Komissiya yaratmağa gərək duymuruq. Birliyin rəhbərliyi və Ağsaqqallar Şurası var və o Şuraya da ölkənin ən nüfuzlu yazıçıları, alimləri daxildir. Elə ona görə də bu məsələdə ədalətli bölgü edəcəyinə şübhə yoxdur. AYB-nin 1500-dən çox üzvü var. Biz hər kəsə mənzil vermək iqtidarında deyilik. Yazıçılar Birliyinin verəcəyi mənzillər əsasən öz əməkdaşlarının, redaksiya işçilərinin problemlərini həll etməlidir. Geri qalan mənzillər isə arzulayanlara güzəştli şərtlərlə verilə bilər. Müraciət edən şəxslərin arasında mənzili olan, hətta ötən dəfə mənzil bölgüsündən yararlanan da var. Qaldı o köşə yazarına və mənim kimliyimə, yaxşı olar ki, həmin köşə yazarı baş redaktorundan Nazim İbrahimovun kim olduğunu soruşsun.
Əminəm ki, dostumuz olan baş redaktor onunla mənim haqqımda uzun-uzun danışa biləcək xoş xatirələrə malikdir”.
AYB.az



