Qəzənfər Paşayev adı, soyadı heç bir titulsuz, elmi dərəcələri sadalamadan da geniş oxucu auditoriyasına yaxşı tanışdır. Bu adı, soyadı çəkən kimi hamının gözü önünə müasir Azərbaycan humanitar elminin ən məşhur simalarından biri gəlir.
Qəzənfər Paşayev Azərbaycan filologiyasında öz sözü, bənzərsiz elmi yolu olan əvəzedilməz şəxsiyyət, tanınmış alimdir. Belə bir mərtəbəyə yüksəlmək üçün fitri istedad sahibi olmaq, ağır yaradıcılıq zəhmətinə qatlaşmaq, şərəfli həyat yolu keçmək lazımdır. Məhz bu cəhətlər Qəzənfər Paşayev şəxsiyyətində vəhdət halında cəmləşib. Filologiya elmləri doktoru, professor, uzun illər Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Slavyan Universiteti) və Bakı Dövlət Universitetində mühüm vəzifələrdə çalışan, hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda bir çox elmi qurumların üzvü olan alimin cildlərə sığmayan monoqrafiyalardan, elmi-nəzəri, ədəbi-tənqidi, bədii-publisistik məqalələrdən ibarət yaradıcılıq məhsulu onu elə bir yüksək mərtəbəyə qaldırmış, elə bir miqyasda tanıtmışdır ki, Qəzənfər müəllim hətta dünyanın ən sayılıb-tanınan elmi qurumlarının təşkil etdiyi konfrans və simpoziumların da fəxri qonaqları sırasına seçilib. Elmi kadrların hazırlanmasında böyük xidmətləri olan Qəzənfər Paşayevin rəhbərliyi ilə onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib. O, həmçinin bir çox monoqrafiyaların redaktoru və ya rəyçisi olub.
Qəzənfər Paşayev Azərbaycan Yazıçılar Birliyinin və respublika Ağsaqqallar Şurasının üzvüdür.
Bütün bu yaradıcı və insani keyfiyyətləri - istedadı, işgüzarlığı, sadəliyi, təvazökarlığı, qayğıkeşliklə yoğurulmuş tələbkarlığı ona həm çalışdığı kollektivlərdə, həm də ədəbi ictimaiyyətdə böyük hörmət, nüfuzla yanaşı, çoxlarına qismət olmayan, səmimiyyətlə yoğurulmuş məhəbbət və sevgi qazandırıb. Onu tanıyanlar üçün Qəzənfər Paşayev yaxşı İnsan və əsl Dostdur!
“Təhsil Nəşriyyat-Poliqrafiya” müəssisəsinin kollektivi üçün də Qəzənfər Paşayev, sözün həqiqi mənasında, həm yaxşı İnsan, həm də əsl Dostdur. Nəsillərə ərməğan etdiyi dəyərli əsərlərinin çoxu məhz “Təhsil”də işıq üzü görən, təkrarsız şəxsiyyəti ilə hər kəsə örnək olan Qəzənfər müəllimi kollektivimizdə böyükdən-kiçiyə hamı çox sevir. Biz onun kimi ziyalını tanıdığımıza görə çox şanslıyıq. Bu kiçik yazını ona ünvanlamaqla böyük Dostumuzu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. İti qələmlə kəsərli sözlər yazdığı kitabları nəşr etməklə bundan sonra da yüzlərlə oxucunu sevindirmək istərdik.
Hörmətli Qəzənfər müəllim!
Azərbaycan humanitar elminin mogikan, patriarx varisliyinə halal haqqı çatan, milli şüur oyadan alim kimi Sizi həmişə elmimizin ön cərgələrində görür və inanırıq ki, 90-da, 100-də də belə olacaq!
“Təhsil Nəşriyyat-Poliqrafiya” müəssisəsinin kollektivi