Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.
Mərkəzdən verilən xəbərə görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 6 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.
Qeyd olunan imtahanda iştirak etmək üçün online qeydiyyat 29 noyabrda başlayıb və 6 dekabr saat 9:00-da başa çatacaq.
Məlumatda bildirilib ki, qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
S.QARAYEVA