Ən kədərli səhər
Dünyanın ən kədərli səhəri
Yeni ilin ertəsi
Dünən dəfn olunan il
Bu gün doğulan körpə
Baş ağrısı ilə açılan səhər
Mürgülü gözlər
Dumanlı beynlər
İçki gücünə çəkilən qəhqəhələr
Bir də süni,
səbəbsiz və qorxulu, kədərli təbriklər
Bu il necə olacaq bilinmir?
Bu körpə böyüyüb necə olacaq bilinmir?
Sevinc gətirəcək, kədər gətirəcək, o da bilinmir
Amma nəsə gətirəcək
Üzdə bildirməsək də, elə ondan qorxuruq biz
Keçən il sevinclə öldü, tarixə qovuşdu
Hafizələrə qayıdacaq hərdən
Özü isə bir də dönməyəcək geri...
Sehrli axşamlar, şirin gecələr
Səhərlər kədər gətirir özü ilə
Bütöv bir günü zülmlə bitirmək əzabını...
Necə başlanacaq, necə bitəcək
Bəlkə heç bitməyəcək
Yarıda bitəcək
Hardaydı məndə o bəxt
Zəhərli səhərlər, acı səhərlər
Sehrli axşamlar, şirin gecələr
Bir də qorxulu yuxular, qarabasmalar
Həyatın sonunu duymaq, gözləmək
Qoy bitsin səhərlər, gəlsin axşamlar
Gecələr aldadır, səhər ayıldır,
Aldanmaq gözəldir, ayılmaq çətin.