Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə tədbirlərinin davamı olaraq, 2017-ci ildə əvvəlki illə müqayisədə 209 nəfər və ya 5,6 faiz çox olmaqla, 3 911 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
Nazirlikdən verilən məlumata görə, həmin şəxslərdən 3 561 nəfər şəxs, o cümlədən, 82 nəfər əlilliyi olan vətəndaş üçün Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 350 nəfər gənc peşə təliminə qəbul edilib.
Ümumilikdə ötən il peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərdən 432 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub.
Kurslarda əməliyyatçı mühasib, inşaat rəngsazı, elektrik-qaz qaynaqçısı, dülgər-xarrat, kompyuter istifadəçisi, qənnadçı, dərzi, arıçı, xalçaçı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər və s. peşələr öyrədilib. Peşələrin daha asan və optimal şəkildə öyrədilməsi üçün tədris prosesində modul təlim proqramlarından istifadəyə də geniş yer verilib.
Gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə peşəyönümü tədbirləri ötən il də davam etdirilib. 2017-ci ildə Dövlət Məşğulluq Xidməti əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil etdiyi peşəyönümü tədbirlərdə 105,3 min nəfər gəncə əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətlər verilib.
CEYHUN