Sabah -11 aprel növbədənkənar prezident seçkiləri günüdür.
Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var. Qeyd edək ki, səsvermə hüququna olan seçicilərin böyük əksəriyyətinin ayın 11-də seçki məntəqələrinə gələrək, istədikləri namizdə səs vermələri gözlənilir.
Bəs görəsən, ölkənin tanınmış, məşhur simaları, rəsmi şəxsləri və ən əsası prezidentliyə namizədlər harada və hansı seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcəklər?
Hazırkı dövlət başçısı, prezidentliyə namizəd İlham Əliyev bu günə kimi, eləcə də, sonuncu 26 sentyabr 2016-cı il referendumunda Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib.
Ölkə başçısının ailə üzvləri ilə birlikdə yenə həmin seçki məntəqəsində səs verəcəkləri gözlənilir.
Baş nazir Artur Rasi-zadə qeydiyyatda olduğu 16 saylı Yasamal ikinci Seçki Dairəsinin 29 saylı məntəqəsində səsvermə hüququndan istifadə edəcək. Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin bu dəfə də 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edəcəyi bildirilir. Milli Məclisin (MM) sədri Oqtay Əsədov Bakının 7 saylı məktəbində yerləşən 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək.
"Aprelin 11-də 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı məntəqəsində ailə üzvlərim və yaxınlarımla birgə səs verəcəyəm". Bunu isə qəzetimizə açıqlamasında müstəqil millət vəkili, prezidentliyə namizəd Zahid Oruc bildirib. O qeyd edib ki, yaxın qohumlarından bir neçəsi məxsusi olaraq, yaşadıqları ərazinin seçki məntəqəsindən qeydiyyatdan çıxaraq, onlarla birgə səs verəcəklər.
Prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğlu Z. Oruc kimi, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin nəzdindəki seçki məntəqəsində səs verəcək. Ancaq 18 saylı yox, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasında yerləşən 15 saylı seçki məntəqəsində. Onu səsvermədə xanımı müşayiət edəcək.
Prezidentliyə digər namizəd, Milli Dirçəliş İttifaqı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də hər iki rəqibi kimi, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi tərkibindəki seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək. O, 25 saylı seçki məntəqəsində öz hüququnu reallaşdıracaq-oğlanları ilə birlikdə.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ayın 11-də 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 31 saylı seçki məntəqəsinə səs verməyə gedəcək.
Azərbaycan Sosial-Demokrat Partiyasından prezidentliyə namizəd Araz Əlizadə isə 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin-paytaxtın Bəsti Bağırova küçəsində yerləşən 11 saylı seçki məntəqəsində səs verəcək. O, nəvəsi və adaşı Araz Əlizadə ilə birgə seçki məntəqəsinə gedəcək.
Kamil HƏMZƏOĞLU