professor, fəlsəfə elmləri doktoru
Beynəlxalq aləmdə cərəyan edən son hadisələr dünyada öz vahid hegemonluğunu təsbit etməyə çalışan güclü ölkələr arasında baş verən siyasi və iqtisadi toqquşmalar çox ciddi fəsadların, regional müharibələrin yaranması üçün münasib şərait formalaşdırmaqdadır. Çox güman ki, bu müharibə ab-havası Ukraynada başlayaraq oradaca vətəndaş müharibəsini yetişdirən və onu qaçılmaz edən səbəblərdəndir.
Ukrayna uğrunda siyasi-diplomatik, iqtisadi-maddi çəkişmələr, onların xoşagəlməz nəticələri çoxlarını narahat edibdir. Həqiqətən güclü qarşıdurmanın iştirakçıları - ABŞ, Avropa İttifaqı və Rusiya Federasiyası dünyanın aparıcı ölkələri sırasında birinci beşlikdə olan ölkələrdir. Onların Ukraynaya nəzarət etmək iddiaları ilk növbədə 46 milyonluq ölkənin - Ukraynanın hər cəhətdən (iqtisadi, siyasi, maliyyə, hərbi) zəif olmasının, qeyri-sabit rəhbərliyin qüsurlarının nəticəsidir. SSRİ-nin süqutundan sonrakı 23 il ərzində müstəqil dövlət qismində quruculuq işləri ilə yox, hakimiyyət uğrunda mübarizə ilə məşğul olan ukraynalı siyasi zümrələr ölkə və xalq üçün, demək olar ki, yaşam tərzini təmin edəcək inkişaf yolu seçə bilməyiblər. Bir tərəfdən Qərbə yaxınlaşmaq arzusu, Avropa İttifaqına daxil olaraq NATO çətirinin altında özünə yer tutmaq niyyəti, digər tərəfdən əhalisi bir soykökdən ibarət olan Rusiyadan iqtisadi və maliyyə asılılığı bu ölkənin, necə deyərlər, "yerində saymasına" və infrastruktur, eləcə də iqtisadi sisteminin asanlıqla dağılmasına gətirib çıxarmışdır. Siyasi sahədə qeyri-peşəkarlıq isə narıncı inqilabın baş verməsi üçün Qərbin cəhdlərinin reallaşmasına yol açdı. Buna baxmayaraq, iqtisadi-siyasi gərginlik daha da dərinləşmiş, münasib inkişaf yolunun seçimi və bu yolda kimlərlə sıx əməkdaşlıq etmək məsələsinin Ukrayna üçün faydalı ola biləcək siyasi həllinin dalana dirənməsi böyük problemə çevrilmişdir. Nəticədə normal inkişafa mane olan və ölkəni uçurum kənarına sürükləyən şərait yaranmışdır.
Son nəticədə bir-birini əvəz edən siyasi sapıntılar, iqtisadi cəhətdən xeyli geridə qalmış, məngənə arasına girmiş hakimiyyətin siyasi zəifliyi, təcrübə azlığı, seçim etmək qabiliyyəti qarşısında yaranmış keçilməz sədd, Rusiya ilə düşmən münasibət, qərb və cənubi-şərq regionları arasında gedən və vətəndaş müharibəsinə çevrilə biləcək çəkişmələr, rusdilli cənubi-şərq zonasının Ukrayna millətçiliyi prizmasından qiymətləndirilməsi, rusdilli əhalinin artıq silah gücünə, tanklardan və aviasiyadan istifadə edilərək sıxışdırılması Ukraynada qatı millətçiliyin daha da radikallaşmasına, faşistləşməsinə gətirib çıxarmışdır. Hazırda bu hərəkat millətçi-faşizm xarakterini bütövlüklə mənimsəyib təcrübədən keçirir, hakimiyyət və dünya ictimaiyyəti, eləcə də sponsorları qarşısında bəraət qazanmağa çalışır və buna nail olurlar.
Ukrayna millətçiliyini şərtləndirən düşmən obrazının yaradılması o qədər də çətinliklə başa gəlməyib - Rusiya və rusdilli Ukrayna vətəndaşlarını özünə düşmən seçən radikal şovinist meyilləri artıq yeni mərhələyə - faşizm və terrorçuluq ideyalarına aludəçilik kimi çox qorxulu duruma gəlib çıxmış, nəzəriyyədən təcrübəyə keçmişdir. Artıq bu əməliyyatda ölənlərin sayı onlarla, bəlkə də yüzlərlədir. Bu, vətəndaş müharibəsinə birbaşa yol açır. Qərbin də istəyi elə budur desək, yanılmarıq.
Hazırda nasional-şovinizm ideyası tərəfdarlarının özləri alman nasional faşizm ideologiyasından əziyyət çəkmiş, "tarixi dərs" almış ABŞ və Avropa İttifaqı ölkələri Ukrayna millətçilərini maddi və siyasi cəhətdən açıq-aşkar dəstəkləyirlər. Bu millətçi toplumun məqsədi hansı yolla olursa olsun, Ukraynanı Avropa İttifaqına və NATO-ya çəkməkdir. Bu, Qərbə, xüsusilə Amerika və Avropa İttifaqına, Rusiyaya və Çinə qarşı qlobal mübarizədə qələbə gətirə biləcək qiymətli dayaq nöqtəsinə çevrilə bilərdi. Rusiyanın Qara və Azov dənizlərinə çıxışını əngəlləyər və onu yarımçıq da olsa NATO-nun hərbi bazaları ilə mühasirə etməyə imkan vermiş olardı. Bu, xeyli güclənmiş, müasir silahlara və siyasi imkanlara malik Rusiya üçün böyük təhlükə və təbii ki, müstəqil dövlət statusuna zərbələrlə nəticələnə biləcək ciddi amil rolunu oynayardı. Belə reallığı göz önünə gətirən Rusiyanın hakim dairələri, əlbəttə, bu cür sonluqla nəticələnə biləcək Qərb ideyaları, xülyaları ilə razılaşa bilməzdi. Buna qarşı onun hərbi, iqtisadi imkanlarının, siyasi iradəsinin, əks hücuma başlamaq və yaranmış təhlükəli şəraiti öz xeyrinə həll etmək istəyinin olması tamamilə təbii haldır. Buna görə Rusiyanı tənqid atəşinə tutmaq, ona qarşı sanksiyalar tətbiq etmək tamamilə əsassızdır. Ukrayna ətrafında gedən söz-söhbətlər, Rusiyanın guya imperiya yaratmaq, SSRİ-ni yeni formada bərpa etmək siyasəti ilə birbaşa bağlı olması haqda deyilənlər siyasi cəhətdən azsavadlı və ya ümumiyyətlə savadsız olanların odlu-alovlu çıxışları, "Rusiya gəldi, qoymayın!" harayları ən azı fikir, ideya kasadlığından xəbər verir. Onlar tarixi keçmişi unudanlardır. Azərbaycan heç vaxt heç bir ölkənin müstəmləkəsi olmayıb, bir ölkənin (İranın) tərkibindən digər ölkənin (Çar Rusiyası) tərkibinə keçib və orada mövcud olan ümumi qanunlar çərçivəsində yaşayıb yaradıblar, təhsil alıb, dünya mədəniyyətinə qovuşublar. Müqayisə üçün Almaniya, Fransa, İngiltərə, İtaliya kimi Avropa ölkələrinin keçmiş müstəmləkələrinin indiki vəziyyətinə baxsanız kifayətdir.
Ötən həftə saytlardan birində dərc olunan "Azərbaycanda Rusiyanın 5-ci koloniyası yuxudan ayılır" başlıqlı məqalə dərc olunmuşdu. Məqaləni oxuyub müəllifin heç bir dəlil-sübut olmadan kimlərinsə adlarını çəkməsinə təəccüb etdim.
Sual oluna bilər: belə gərgin şəraitdə Rusiyanın Azərbaycanda "5-ci koloniya" yaratmağa ehtiyacı varmı?.. Hazırda bu, ona nə vəd edə bilər? Axı bu köhnəlmiş üsullar öz yerini çoxdan güc amilinə təhvil verib. Azərbaycana pislik etmək istəyən Rusiyanın hansısa koloniyaya qətiyyən ehtiyacı yoxdur. Bunu bizim hakimiyyət də bildiyi üçün siyasətini balanslaşdırır, incə amillərə fikir verir və yaxın qonşularımız olan Rusiyanın, İranın rəğbətini qazana biləcək real addımlar atır, normal qonşuluq siyasəti yürüdür.
Başqa daha optimal münasibət yaratmaq imkanları çox azdır. Manevr üçün darısqallıq yarana bilər ki, bu da heç də bizim xeyrimizə olmaz.
Qonşularla xoş münasibət bizim inkişafımızın ən güclü zəmanətverici amilidir. Bu münasibəti nə pul, nə də silah gücünə qurmaq mümkün deyil. Güman edirəm ki, qonşularımız da bunu bilir və öz milli maraqlarını qoruyaraq bizim ölkəyə münasib təkliflər edir, qonşuluq münasibətlərini pozmağa can atmırlar. Onlar üçün Azərbaycan mühüm geosiyasi yük daşıyan vacib regiondur.
Yeni bir xəbər də bu səhər ABŞ-dan gəldi. Mayın 7-də Vaşinqtonda Ukrayna ilə bağlı danışıqlardan sonra keçirilmiş mətbuat konfransı zamanı media nümayəndələri qarşısında çıxış edən ABŞ-ın dövlət katibi Con Kerri və Avropa İttifaqının xarici işlər üzrə nümayəndəsi Ketrin Eşton Ukraynada hərbi hissələrin iştirakı ilə yerli əhaliyə qarşı aparılan "antiterror əməliyyatı"nı bəraətləndirərək bu əməliyyatda millətçi radikal-şovinistlərin qeyri-qanuni silahlılardan istifadə etməsini normal hal hesab etdiklərini dilə gətirdilər. "Ukrayna hakimiyyətinin öz ərazi bütövlüyünü qorumağa haqqı var və bu, beynəlxalq hüquq çərçivəsindədir", - deyə onlar bəyan etdilər. Ukraynanın hətta öz vətəndaşlarına qarşı hərbi qoşunlardan istifadəsini, yüzlərlə mülki şəxslərin qətlə yetirilməsini müdafiə edən böyük dövlətlərin yüksək vəzifəli dilmacları nədənsə ayrı-seçkiliyə yol verərək bizim bu hüququmuzu əlimizdən almaq üçün 23 ildir ki, çalışır və müdafiə etdikləri Ermənistanı işğalçı dövlət adlandırmırlar. Bəs görəsən, bu beynəlxalq hüquqdan biz istifadə etmək niyyətimizi ortaya qoyanda Avropa, Amerika və Rusiyadan xorla niyə qışqırırlar ki, "Qarabağ probleminin həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün yalnız sülh danışıqlarından istifadə etməlidir? Məsələnin hərbi yolu istisna olunur. Buna əməl etməsə, Azərbaycan cəzalandırılacaq". Qəribə və ağılasığmaz Qərb məntiqi...
Zənnimcə, "5-ci koloniya" elə Rusiyaya düşmən münasibət nümayiş etdirən KİV-dən yetərincə istifadə edənlərdir. Onlar bütün mövcud intellektlərini toplayıb gah Rusiyanın, gah Ukraynanın əleyhinə iri-iri məqalələr yazırlar. Hər bir dalanda rus casusu, hər bir tədbirdə Kremlin barmağını axtarırlar. Palazın qulağının kimlərin əlində olmasını öyrənmək çətin məsələ deyil. Sadəcə olaraq, belə yarımçıq "millət və vətənsevərlər"ə "çox xoflanmayın, düşməni kənarda yox, öz içərinizdə axtarın!" demək istəyirəm. Bu, həm asan, həm də faydalı olardı. "5-ci koloniya" xəstəliyindən qurtulmaq üçün sizin müalicəyə ehtiyacınız var! Fürsəti əldən verməyib həkimə müraciət edin.
P.S. Çoxlarını "narahat" edən bir suala da aydınlıq gətirirəm: Krımda, Sevastopolda ABŞ-ın NATO-nun hərbi bazalarını istəmədiyim üçün o regionun Rusiyanın nəzarətində olmasını mən normal, bu günün reallığı və bütövlüklə regionun xeyrinə olan addım kimi qiymətləndirirəm. Krımı Qarabağla müqayisə edənlər isə ciddi tarixi səhvə yol verirlər.