
Son günlər sosial medianın Azərbaycan və Türkiyə seqmentlərində “Azərbaycan dünyanın ən dinsiz ölkələri sırasındadır”, “ölkə əhalisinin 64 faizi heç bir dini ritual yerinə yetirmir” kimi iddialar yenidən dövriyyəyə buraxılıb. İlk baxışda statistik məlumat təsiri bağışlayan bu paylaşımlar əslində həm metodoloji, həm də sosioloji baxımdan ciddi suallar doğurur. Çünki burada əsas məsələ təkcə rəqəmin özü ilə məhdudlaşmır; həmin rəqəmin hansı sualdan, hansı seçmə əsasında, hansı anlayışlarla və hansı məqsədlə təqdim edildiyi də ayrıca əhəmiyyət daşıyır.
Azərbaycanın “dinsiz ölkə” kimi təqdim edilməsində əsas istinad mənbələrindən biri ABŞ-da yerləşən Pew Araşdırma Mərkəzinin müxtəlif illərdə apardığı sorğular kimi göstərilir. Lakin problem tədqiqatların özündən daha çox, həmin nəticələrin mediada necə oxunması ilə bağlıdır. Çünki bu məlumatlar çox vaxt kontekstdən çıxarılır; “dindar sayılmır”, “özünü çox dindar hesab etmir”, “dini praktikaya müntəzəm qatılmır” kimi bir-birindən fərqli göstəricilər birbaşa “dinsizlik” kimi şərh edilir. Halbuki din sosiologiyasında bu kateqoriyalar ayrı-ayrı məna sahələrinə aiddir. Bir insanın özünü “çox dindar” adlandırmaması onun dinsiz və ya ateist olması anlamına gəlmir.
Bu baxımdan Pew Araşdırma Mərkəzinin 2026-cı ildə yayımladığı “Religious Diversity Around the World” (“Dünyada dini müxtəliflik”) adlı araşdırmaya da diqqətlə yanaşmaq lazımdır. Həmin araşdırma dindarlıq və ya dinsizlik səviyyəsini ölçmək məqsədi daşımır; ölkələrdə dini qrupların nə qədər müxtəlif və bərabər paylandığını göstərən Dini Müxtəliflik İndeksini təqdim edir. Azərbaycan bu göstəricidə 2020-ci il üzrə 201 ölkə arasında 157-ci yerdə, “aşağı dini müxtəliflik” kateqoriyasında göstərilir. Bu nəticə Azərbaycanın “dinsiz” olduğunu yox, ölkə əhalisinin dini-mədəni tərkib baxımından nisbətən vahid xarakter daşıdığını göstərir.
Burada tez-tez qarışdırılan əsas məqamlardan biri də 64 faiz göstəricisidir. Pew-in 2012-ci il tədqiqatında Azərbaycanla bağlı qeyd olunan bu rəqəm “azərbaycanlı müsəlmanların 64 faizi məscidə getmir” mənasını daşıyır. Yəni burada söhbət “dini ritual yerinə yetirməməkdən” çox, konkret olaraq məscidə getmə tezliyindən gedir.
Din, dövlət və cəmiyyət münasibətlərinə dair dünyanın geniş istifadə olunan akademik məlumat bazalarından biri olan ARDA – “Association of Religion Data Archives” (“Din Məlumatları Arxivi Assosiasiyası”) – müxtəlif beynəlxalq mənbələrdən toplanmış statistik və analitik göstəriciləri bir araya gətirir. ARDA-nın Azərbaycan üzrə təqdim etdiyi profil də bu mənzərəni təsdiqləyir. World Religion Database 2025 məlumatına əsaslanan həmin profildə ateist kimi göstərilənlərin payının cəmi 0,06 faiz təşkil etdiyi qeyd olunur.
Azərbaycan kimi sovet modernləşməsi, dünyəvi dövlətçilik, ailə-mərasim dini və gündəlik mənəvi dilin iç-içə keçdiyi cəmiyyətlərdə məscidə və ya başqa ibadətgaha getmə göstəricisini birbaşa “dinsizlik” kimi oxumaq ciddi metodoloji xətadır. Azərbaycan insanının dini münasibəti yalnız institusional ibadət davranışı ilə məhdudlaşmır; bu münasibət ailə bağlarında, yas və toy mərasimlərində, bayram ənənələrində, dua və alqışlarda, gündəlik danışıq dilində, xeyir-dua və mərhəmət anlayışlarında da özünü göstərir.
Ötəri müşahidə belə göstərir ki, insanların gündəlik məişətdə Allahla bağlı istifadə etdikləri sözlər, alqışlar və dualar Azərbaycan insanının dinsizlikdən çox, ilahi istinadlarla zəngin mənəvi leksikona sahib olduğunu ortaya qoyur.
Əlbəttə, buradan Azərbaycan cəmiyyətinin klassik mənada yüksək ritual dindarlığa sahib olduğu nəticəsi də çıxarılmamalıdır. Azərbaycan cəmiyyətində dini praktika bir çox ölkələrlə müqayisədə daha dünyəvi, daha mədəni, daha ailə və mərasim yönümlü xarakter daşıyır. Amma bu vəziyyəti “dinsizlik” kimi xarakterizə etmək sosioloji baxımdan yetərli izah sayıla bilməz. Daha doğru ifadə budur: Azərbaycanda din çox vaxt sərt ritual formalarından daha çox mədəni aidiyyət, ailə ənənəsi, mənəvi yaddaş və sosial davranış kodları şəklində yaşayır.
Bu mənada əsas məsələ anlayışların düzgün qurulmasıdır. Bir ölkə haqqında “dünyanın ən dinsiz ölkələrindən biridir” kimi ağır və ümumiləşdirici hökm bir sualın, bir davranış göstəricisinin və ya tək bir indeksin üzərində qurula bilməz. Belə iddialarda seçmənin necə aparıldığı, sualın hansı dildə verildiyi, “dindar”, “dindar sayılmayan”, “ateist”, “dini praktika” kimi anlayışların respondent tərəfindən necə başa düşüldüyü ayrıca izah edilməlidir.
Əgər respondentə “Dindarsınızmı?” sualı verilirsə, o, bu anlayışı gündəlik namaz qılan, oruc tutan, məscidə və ya mənsub olduğu dinin ibadətgahına gedən, dini qaydalara ciddi şəkildə əməl edən insan obrazı ilə əlaqələndirə bilər. Bu halda “xeyr” cavabı onun Allaha inanmadığı və ya dini-mənəvi aidiyyətdən uzaq olduğu anlamına gəlməz. Amma həmin cavab sonradan “dinsiz” kateqoriyasına çevrilirsə, burada artıq elmi ölçmə öz yerini anlayış manipulyasiyasına buraxır.
Bu statistikanın hər il təkrar-təkrar dövriyyəyə buraxılması da ayrıca düşündürücüdür. Bəzən köhnə məlumat yeni nəticə kimi təqdim edilir, bəzən məscidə və ya başqa ibadətgaha getmə göstəricisi ümumi dini ritual göstəricisi kimi yozulur, bəzən də “dindar sayılmır” cavabı “dinsizdir” formasında tirajlanır. Belə təqdimat elmi ehtiyat prinsipinə uyğun gəlmir və istər-istəməz qərəzli oxunuş təsiri bağışlayır.
Azərbaycan cəmiyyətini anlamaq üçün təkcə ibadətgah ziyarəti statistikalarına bağlanmaq yetərli deyil; gündəlik həyatın mənəvi dilinə, ailə mərasimlərinə, dua və alqış mədəniyyətinə, dini bayramların sosial funksiyasına, yas mərasimlərinin kollektiv yaddaşdakı yerinə, insanların Allah, tale, rəhmət, bərəkət, xeyir və savab kimi anlayışlarla qurduğu mənəvi münasibətə də baxmaq lazımdır. Bu sahələr nəzərə alınmadan verilən “dinsiz ölkə” hökmü Azərbaycan cəmiyyətinin real mənəvi xəritəsini əks etdirmir.
Ona görə də bu cür paylaşımlara emosional reaksiyadan çox, metodoloji və sosioloji diqqətlə yanaşmaq lazımdır. Azərbaycanı “dünyanın ən dinsiz ölkələrindən biri” kimi təqdim etmək cəmiyyətin dini-mənəvi strukturunu sadələşdirir, dini kimliklə dini praktika arasındakı fərqi görməzdən gəlir və rəqəmi kontekstdən qopararaq yanlış ictimai təsəvvür yaradır. Rəqəm dəyərlidir, amma rəqəm düzgün oxunanda elmə xidmət edir; qərəzli şəkildə tirajlananda isə həqiqəti aydınlatmaq əvəzinə, yanlış təsəvvürü gücləndirir.



