
Son günlər Azərbaycan sosial media məkanında müxtəlif ictimai problemlər ətrafında yaranan müzakirələr bir daha göstərdi ki, bu məkan informasiya paylaşımı ilə məhdudlaşmır. O, eyni zamanda cəmiyyətin emosional vəziyyətini, narahatlıqlarını, gərginliklərini və ünsiyyət mədəniyyətini əks etdirən mühüm ictimai göstərici kimi çıxış edir. Burada gündəmə gələn hər problem təkcə konkret bir hadisə kimi yox, həm də cəmiyyətin həmin hadisəyə necə reaksiya verdiyini göstərən sosial göstərici kimi oxunmalıdır. Bəzən sosial mediada bir hadisənin özü qədər, həmin hadisəyə verilən reaksiyalar da cəmiyyət haqqında çox şey deyir.
Əlbəttə, ictimai problemlər haqqında danışmaq vacibdir. Bu, həmin problemləri dərhal həll etmir, amma ən azı onları görünən, haqqında düşünülən və müzakirə olunan məsələyə çevirir. Cəmiyyətin öz problemlərinə biganə qalmaması, reaksiya verməsi, haqsızlıq, laqeydlik və ya yanlışlıq gördükdə münasibət bildirməsi sağlam ictimai şüurun əlamətidir. Ancaq əsas məsələ təkcə danışmaqla məhdudlaşmır; necə danışdığımız da eyni dərəcədə önəmlidir. Çünki ictimai müzakirənin dəyəri qaldırdığı mövzu ilə yanaşı, istifadə etdiyi dil, üslub və məsuliyyət səviyyəsi ilə də ölçülür.
Təəssüf ki, bir çox hallarda ictimai problem ətrafında başlayan müzakirə qısa müddətdə fikir mübadiləsindən çıxaraq şəxsi ittihama, təhqirə, kinayəyə və ağız dalaşına çevrilir. Bu zaman mövzunun mahiyyəti arxa plana keçir, əsas məsələ kimin daha əsaslı fikir söylədiyi ətrafında deyil, kimin daha sərt, daha kəskin və daha alçaldıcı danışdığı üzərində qurulur. Bu zaman arqument zəifləyir, emosiya güclənir; düşüncə geri çəkilir, reaksiya önə çıxır. Nəticədə müzakirə həqiqəti axtaran meydandan çox, emosiyaların toqquşduğu səhnəyə çevrilir.
Bu baxımdan sosial mediada təhqirə varan mübahisələrin ictimai fayda yaratmaq imkanı xeyli məhdudlaşır. Çünki belə hallar cəmiyyətə yeni fikir, həll yolu və ya sağlam düşüncə qazandırmaqdan çox, mövcud gərginliyi artırır. İnsanlar məsələni anlamaqdan daha çox tərəf seçməyə, qarşı tərəfi dinləməkdən daha çox onu susdurmağa meyil göstərirlər. Beləcə, rəqəmsal məkan ictimai ağlın formalaşdığı sahə olmaq əvəzinə, bəzən kollektiv əsəbin boşaldıldığı bir mühitə çevrilir.
Burada məşhur alman sosioloqu və filosofu Yurgen Habermasın “ictimai sfera” anlayışını xatırlamaq yerinə düşər. Habermasa görə sağlam ictimai sfera vətəndaşların ortaq məsələləri ağıl, arqument və məsuliyyət əsasında müzakirə edə bildiyi məkandır. Sosial media bu imkanı genişləndirir, çünki daha çox insana söz haqqı verir. Amma eyni zamanda bu imkanı zəiflədir, çünki sürət, anonimlik, emosional reaksiya və bəyənilmə arzusu çox zaman məsuliyyətli düşüncəni üstələyir.
Sosial media müzakirələrində xüsusilə diqqət çəkən məqamlardan biri də şərhlər bölməsində ortaya çıxan qütbləşmədir. Bir hadisə baş verən kimi insanlar çox zaman faktları tam öyrənmədən, məsələnin bütün tərəflərini dinləmədən iki və ya daha çox düşərgəyə bölünürlər. Diqqət çəkən məqam odur ki, bu qütbləşmə bəzən insanların bir-birinə qarşı daha anlayışlı, təmkinli və mehriban davranmasının gözləndiyi bayram günlərində belə özünü göstərir.
Şərhlərdə “biz” və “onlar” dili sürətlə güclənir. Fərqli düşünən insan rəqib kimi deyil, az qala düşmən kimi təqdim olunur. Beləcə, ictimai problem haqqında danışmaq əvəzinə, həmin problem üzərindən yeni sosial qütbləşmələr meydana gəlir. Şərhlər bölməsində bəzən ictimai məsələ müzakirə olunmur, sanki cəmiyyətin kiçik bir modeli qurulur: tərəflər ayrılır, mövqelər sərtləşir, ortaq dil isə getdikcə zəifləyir.
Bu qütbləşməni sadəcə fikir ayrılığı kimi qiymətləndirmək doğru olmaz. Fikir ayrılığı müasir cəmiyyət üçün təbiidir. Problem odur ki, fikir ayrılığı qarşılıqlı anlaşma imkanı yaratmaq əvəzinə, qarşılıqlı inkar və etiketləmə davranışına çevrilir. İnsanlar bir-birinin nə dediyini anlamağa çalışmır, daha çox hansı tərəfdə dayandığını müəyyən etməyə çalışır. Şərhlərdə “haqlısan” və ya “haqsızsan”dan çox, “bizdənsən” və ya “onlardansan” məntiqi işləməyə başlayır. Bu isə ictimai müzakirənin keyfiyyətini ciddi şəkildə zəiflədir. Bu zaman məsələ artıq yalnız konkret hadisə olmaqdan çıxır, cəmiyyətin bir-birini dinləmə qabiliyyətinin sınağına çevrilir. Bu kontekstdə müasir insanın ictimai şüurunda sosial media vasitəsilə formalaşan kütləvi qınama, damğalama və rəqəmsal linç mexanizmləri də xüsusi əhəmiyyət daşıyır.
Sosial mediada təhqir dilinin adiləşməsi cəmiyyətin gündəlik ünsiyyət mədəniyyətinə də təsir göstərir. İnsanlar üz-üzə deməyəcəyi sözləri ekran arxasında daha rahat yaza bilir. Bu, təkcə fərdi davranış problemi kimi görülməməli, daha geniş mənada ictimai etik məsələ kimi də dəyərləndirilməlidir. Çünki rəqəmsal məkanda təkrarlanan davranışlar zamanla sosial normaya çevrilə bilir. Əgər təhqir, aşağılama və linç dili daim görünür və alqışlanırsa, bir müddət sonra bu dil normal müzakirə forması kimi qəbul edilməyə başlayır.
Bu prosesin başqa bir təhlükəli tərəfi də odur ki, sakit, düşüncəli və məsuliyyətli insanlar belə mühitdən geri çəkilir. Çünki hər fikir linç riski daşıyırsa, hər fərqli mövqe təhqirlə qarşılanırsa, bir çox insan danışmaqdan çəkinir. Nəticədə ictimai məkan daha çox qışqıranların, ittiham edənlərin və emosional reaksiya verənlərin təsiri altında qalır. Halbuki cəmiyyətin inkişafı üçün səs-küydən daha çox düşünülmüş söz, ölçülü tənqid və məsuliyyətli mövqe lazımdır.
Sosial media cəmiyyətin səsini gücləndirə bilər, amma bu səs düşüncə ilə müşayiət olunmadıqda ictimai fayda deyil, ictimai yorğunluq yaradır. Cəmiyyətin yetkinliyi problemlərin olmaması ilə deyil, o problemləri hansı dillə müzakirə etməsi ilə ölçülür. Çünki söz sadəcə səs olmaqdan kənara çıxaraq ictimai məsuliyyət daşıyır. Sosial mediada yazılan hər cümlə ya körpü qurur, ya da divar hörür. Bu gün bizə daha çox divar deyil, bir-birini anlamağa çalışan körpülər lazımdır. İctimai müzakirə emosional boşalma sahəsinə çevrilmədiyi, əksinə, ortaq düşüncə və məsuliyyət meydanı ola bildiyi zaman cəmiyyət üçün həqiqi fayda yaradır. Çünki sözün gücü yalnız nə qədər yayıldığında deyil, cəmiyyətə nə qədər məsuliyyət, düşüncə və ortaq çıxış yolu qazandırdığında görünür.



