Dünən "Loqos" Psixoloji və Nitq inkişaf mərkəzində "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" layihəsinin açılış mərasimi keçirilib.
Mərasimdə "Loqos"un rəhbərliyi, ziyalılar, psixoloqlar və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyasının direktor müavini, şair Vaqif Bəhmənli "Loqos"un bu zamana qədər müxtəlif layihələr və müsabiqələr həyata keçirdiyini qeyd edərək sözügedən layihəni fərqləndirib: "Bu müsabiqə öz strukturuna və quruluşuna görə özündən əvvəlkilərdən tamam fərqlidir. Bu da çox güman ki, mövzu ilə əlaqədardır. Psixologiya çox dərin və önəmli mövzudur. Onun medai ilə əlaqəsi isə mütləq şəkildə təmin olunmalıdır. Bu layihə məhz bu məqsədi daşıyır".
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin, "Psixoloji Xidmət və Tədqiqatlar" İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova deyib ki, bu vaxta qədər bir çox layihələr olsa da, jurnalistlərlə birgə layihə olmayıb. Bu mənada bu müsabiqə bir ilkdir: "Biz "Loqos" olaraq hər zaman axtarışdayıq. Əsas hədəfimiz cəmiyyəti maraqlandıran və narahat edən məsələlərə diqqət çəkmək, öz layihələrimizdə onlara yer verməkdir. Müşahidələrimiz nəticəsində media nümayəndələrinin psixoloji biliklərinin artırılmasına ehtiyac olduğunu gördük və bu cür təlim-müsabiqə həyata keçirmək qərarına gəldik. Ümid edirəm ki, müsabiqəyə qatılan jurnalistlərin və münsiflər heyətinin dəstəyi nəticəsində layihəmiz uğur qazanacaq".
"Loqos"un mətbuat şöbəsinin rəhbəri Gülgün Quliyeva mərkəzin beş illik fəaliyyəti və iş prinsipi haqqında iştirakçılara geniş məlumat verib. Qeyd edib ki, hazırda "Loqos"un paytaxt Bakıda 5, bölgələrdə 5 filialı yaş məhdudiyyəti qoyulmadan əhaliyə 3 istiqamətdə - psixoloji, psixopedaqoji və loqopedik xidmət göstərir. Mərkəz yarandığı gündən sadəcə psixoloji xidmət göstərməklə kifayətlənmir, eyni zamanda, respublikanın ayrı-ayrı bölgələrində psixoloji maarifləndirmə işini uğurla həyata keçirir.
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid layihə haqqında düşüncələrini bölüşüb, müsabiqə iştirakçısı jurnalistlərə tövsiyələrini verib: "Hazırda media təəssüf ki, bəd xəbərləri önə çəkir. Bu təkcə bizdə belə deyil, bütün dünyada müşahidə olunan tendensiyadır. Düşünürəm ki, bəlkə də bu, məqsədli xarakter daşıyır. Çünki belə bir şəraitdə cəmiyyəti idarə etmək daha asandır. Mən də insan duyğuları və hissləri ilə yaxından maraqlandığım üçün həmişə psixoloqlarla ünsiyyətə önəm verirəm. Həm Yazıçılar Birliyi, həm də "525-ci qəzet"də gənclərlə işlədiyimdən bilirəm ki, bunun birinci yolu onlarda özünəinam yaratmaqdır. Əminəm ki, bu müsabiqə də gənc jurnalistlərdə özünəinam yaradacaq. Arzu edirəm ki, jurnalistlərimiz öncə bu sahədəki biliklərə dərindən yiyələnsinlər və hər zaman "Loqos"un dostu olaraq qalsınlar. "Loqos"un gördüyü işlər böyük hörmətə və ehtirama layiqdir. Bir daha Təranə xanıma təşəkkür edir, işlərində uğurlar diləyirəm".
R.Məcid, həmçinin, müsabiqədəki ən yaxşı yazıların "Loqos" jurnalından əlavə, "525-ci qəzet"də də çap olunacağını vurğulayıb.
İştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında jurnalistlərin insan psixologiyasını bilməyinin vacibliyinə diqqət çəkib: "Dəfələrlə jurnalistlərin insan psixologiyasını anlamadan onlara müraciətinin şahidi olmuşuq. Bu zaman çox xoşagəlməz mənzərə yaranır. Jurnalist müsahibinin, cəmiyyətin psixoloji durumunu yaxşı müşahidə etməyi və ona uyğun şəkildə davranmağı bacarmalıdır. İnsanıram ki, bu layihədə media nümayəndələrinin psixologiya sahəsində əldə edəcəkləri biliklər onlara gələcək karyeralarında böyük uğurlar gətirəcək. Bu layihə münasibətilə "Loqos"u təbrik edir, iştirakçılara uğurlar arzu edirəm".
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Əməkdar jurnalist Umud Mirzəyev deyib ki, "Loqos"u tanımaq üçün onunla daha yaxından ünsiyyətdə olmaq lazımdır: "Loqos"un arxa fonunda çoxlu gözəl işləri, layihələri dayanır. Artıq bu mərkəz cəmiyyətimizdə öz imicini formalaşdırıb. Bu gün açılışını etdiyimiz bu layihə isə mərkəzin tərcümeyi-halında yeni və uğurlu bir səhifədir".
BNEWS.az saytının rəhbəri, ASGA-nın sədri Səbuhi Abbasov çıxış edərək artıq uzun müddətdir "Loqos"la əməkdaşlıq etdiklərini və bunun nəticəsində onun işlərinə yaxından bələd olduğunu deyib: "Bu mərkəz çox qısa zamanda öz əhatə dairəsini genişləndirməyi bacardı. Bu layihənin də uğurla tamamlanacağına inanıram".
Rəsmi açılış mərasimindən sonra layihə çərçivəsində birinci təlim baş tutub. Təlimçi Vaqif Bəhmənli, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva iştirakçı jurnalistlərlə "İnsan psixologiyası, mənəviyyat mövzusu və mətbuat" mövzusunda diskusiya aparıblar.
Sentyabr ayında yekunlaşacaq "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" layihəsi çərçivəsində müxtəlif təlimlər və "Loqos"un bögələrdəki filiallarına ekskursiyalar nəzərdə tutulub.
Şahanə MÜŞFİQ