İlham Əliyev: “Kənardan bizim siyasətimizə təsiretmə imkanları sıfıra bərabərdir. Bunu yaxın tarix göstərib. İndi deyə bilərəm ki, belə cəhdlər də yoxdur”.
Həftənin ilk günü Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda geniş çıxış edərək həm ölkəmizin ötən yüz ildə keçdiyi yola, yaşanan tarixə hərtərəfli qiymət verdi, həm də son 15 il ərzində görülən işlər barədə əhatəli danışdı.
Prezidentin söylədiyi hər cümlənin arxasında dərin siyasi mətləblərin, ardıcıl və sanballı fəaliyyətin dayandığı aydın görünürdü. Əminəm ki, siyasi şərhçilər və politoloqlar bu çıxışda ifadə olunan mətləblərə diqqət yetirəcək və ən fərqli məqamları dərindən təhlil edəcəklər.
Prezidentin çıxışındakı bir məqam diqqətimi daha çox çəkdi və fikrimi 2004-cü ilin yanvarına apardı. Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçirilirdi. Sessiyaya mən də dəvət edilmişdim. O zaman İlham Əliyev yenicə Azərbaycan Prezidenti seçilmişdi. Buna qədər isə bir neçə il Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olmuşdu. Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski də həmin sessiyada qonaq idi. Avanturist fikirləriylə diqqətdə olan Jirinovskinin Avropa Şurası sarayındakı mətbuat konfransında qələbəlik vardı. Əslində, hər hansı bir məsələyə yumoristik, gözlənilməz münasibətilə auditoriyanın diqqətini cəlb edib düşündürməyi bacaran Jirinovskiyə jurnalistlərin belə marağı başadüşülən idi.
Yadımdadır, o, bir jurnalistin Azərbaycanı
n yeni prezidenti barədə sualına cavabını Heydər Əliyev haqqında xoş sözlərlə başladı və İlham Əliyevin “zəif siyasətçi” olduğunu vurğulayaraq əlavə etdi ki, bax, görəcəksiniz, bundan sonra Azərbaycanda tez-tez DÖVLƏT ÇEVRİLİŞLƏRİ baş verəcək.
Aşkarda Jirinovskinin bu tipli fikirlərinə çox vaxt gülüşlə reaksiya verib, deyilənlərin onun şəxsi düşüncələri olduğunu iddia etsələr də, qonşu ölkənin hakim siyasətçilərinin öz gizlin istək və arzularını cəmiyyətə məhz LDPR sədrinin dili ilə çatdırmaları barədə iddialar bu vaxtacan dəfələrlə səsləndirilib. Əslində, Azərbaycanın timsalında qonşu ölkə ilə bağlı belə avanturist proqnozların, Rusiyada bir müxalif partiya liderindən daha çox, hakim eşelonun arzusu ola biləcəyini anlamaq üçün sadəcə, azacıq intuisiya və həssaslıq kifayət edər. O dövrlər Heydər Əliyevdən sonra Azərbaycanda qarışıqlığın olması, çevrilişlərin baş verməsi təkcə Şimal qonşumuzun yox, bizi sevməyən bir çox digər ölkələrin də gizlin arzuları sırasında idi. Sonrakı illərdə xarici qüvvələrin ölkəmizdə qarışıqlıq salmaq niyyəti ilə atdığı gizlin addımlar planlaşdırması, Azərbaycan hakimiyyətinə müxtəlif vasitələrlə təzyiq göstərməyə cəhd etməsi yəqin çoxlarının yadındadır. 2005-ci ildə parlament seçkiləri öncəsi baş verənlər, sonrakı illərdə fərqli vasitələrlə davamlı və ardıcıl təzyiqlər, 2009-cu ilin fevralında Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətlə yetirilməsi, iki ay sonra - 2009-cu ilin aprelində Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror hadisəsi, sonrakı illərdə müntəzəm olaraq Azərbaycana “radikal təriqət ixracı” cəhdləri, “5-ci kolon”un hərəkətə gətirilməsi, lap elə bu yaxınlardakı murdar söyüş kampaniyası və daha nələr, nələr... Bütün bu məkrli addımlar ölkəmizin tərəqqisini istəməyən həmin o gözəgörünməz xarici qüvvələrin mövcudluğundan və onların Azərbaycanı müstəqil siyasət yürütməkdən çəkindirmək, özlərinin hansısa iqtisadi və siyasi maraqlarını reallaşdırmaq niyyətindən xəbər verir. Və zaman göstərdi ki, V.Jirinovskinin 2004-cü ildə Avropa Şurası sarayında səsləndirdiyi o poqnozlarının gerçəkləşməsi üçün nə qədər fərqli qüvvələr gecə-gündüz çalışdılar. Bu qarışıq və mürəkkəb proseslərdən Azərbaycan, əlbəttə, Prezidentin təmkinli, məqsədəuyğun addımları, böyük siyasət adamı kimi qədul etdiyi müdrik və qətiyyətli qərarlar sayəsində çıxa bildi.
Rəsmi qəbul zamanı cənab Prezidentin bu fikirləri ətrafında düşündükcə gözlərim önündən məhz son 15 ildə Azərbaycana qarşı yönələn o təhdidlər gəlib keçirdi: “...Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil. Xüsusilə biz ərazisi, əhalisi o qədər də böyük olmayan ölkələrə fikir versək, görərik ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr o qədər də çox deyil. Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsiretmə imkanları sıfıra bərabərdir. Bunu yaxın tarix göstərib. İndi deyə bilərəm ki, belə cəhdlər də yoxdur. Ona görə ki, biz prinsipial siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq-iqtidar vəhdəti bizim uğurlarımızın əsas səbəbidir”.
Əslində, Prezidentin çox sakit şəkildə, böyük təmkinlə səsləndirdiyi bu fikirlərin daxili yükü, tutumu sanballı, mahiyyəti xeyli dərin idi. Xarici güclərin Azərbaycan hakimiyyətinin yürütdüyü müstəqil siyasətə təsir etmək niyyətlərinin, bu istiqamətdə atdıqları addımların, yəqin ki, çox cüzi hissəsi cəmiyyətə məlumdur. Cəmiyyətin geniş təbəqəsi bizim qürur duyduğumuz bu ictimai-siyasi sabitliyin, iqtisadi stabilliyin hansı zəhmət və dözüm bahasına, necə usta manevrlər, əzm və iradə sayəsində başa gəlməsinin detallarından xəbərsizdir və bu, görünür, belə də olmalıdır. Əslinə qalsa, geniş ictimaiyyətin hansısa xarici təhlükələrlə, təzyiqlərlə bağlı mütəmadi məlumatlandırılması düzgün də olmazdı. Amma fikrimcə, siyasətçilərin, politoloqların indiki zamanda bu gizlin mətləblərlə bağlı araşdırmalar aparmasına, Prezidentin bu illər ərzində ölkəmizi hansı təhlükələrdən qoruması, maneələrdən yan keçirməsi, müstəqilliyimizi necə böyük dəyanətlə qoruması barədə təhlillər, analitik materiallar hazırlamasına ciddi ehtiyac var.
Bu gün Azərbaycan Prezidentinin dilindən “Kənardan təsiretmə imkanları sıfıra bərabərdir” fikrini eşitmək, artıq belə məkrli cəhdlərin olmadığını duymaq Azərbaycan vətəndaşında qürur və məmnunluq duyğusu yaradan fərəhli məqamdır. Bu gun Prezidentin dilindən “Müstəqilliyimiz ən böyük sərvətimizdir və əbədidir” sözlərini eşitmək 100 illiyini qeyd etdiyimiz Cümhuriyyətimizə ən layiqli töhfədir.