|
|
|
|
2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdən sonra Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyətə başlayan İlham Əliyevin ölkəyə 15 illik rəhbərlik dövrü dövlətin daxili və xarici siyasətində əldə olunmuş bir sıra uğurlarla yadda qalıb.
Bu illər ərzində Ermənstanla müharibə şəraitində olan Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirib, neftdən gələn gəlirlər hesabına bütün sahələrdə, o cümlədən, sosial siyasət, təhsil, elm, ordu quruculuğunda ciddi işlərə imza atıb.
Bu dövr ərzində Azərbaycanın müdafiə qabiliyyətinin artırılması, hərbi sənayesinin inkişaf etdirilməsi, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi, vətənpərvərlik ruhunun təbliği diqqət mərkəzində duran əsas məsələlərdən olub. Ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar - yeni hərbi hissələrin yaradılması, köhnələrin əsaslı təmir olunması, hərbçilərin maddi-texniki təminatının, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, mənzil-məişət problemlərinin həlli, bütün qoşun növlərinin müasir silah-sursat, hərbi texnika və avadanlıqlarla təmin olunması və digər görülən tədbirlər bu gün Azərbaycan Silahlı Qüvvələrini Cənubi Qafqaz regionunda ən güclü orduya çevirib. Bunun nəticəsidir ki, 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirib və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında iki min hektar ərazini düşməndən azad edib, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırıb. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən, Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilib, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilib, İrəvan-Gorus-Laçın yolu nəzarətə götürülüb.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanın xarici dövlətlərlə hərbi əməkdaşlıq sahəsində qurduğu əlaqələr ilk mərhələdə ordumuzun hərbi vasitələrə təlabatının ödənilməsinə imkan verirdisə, daha sonrakı mərhələdə dövlətimizin silah idxal edən ölkədən silah ixracatçısına çevrilməsiylə nəticələnib. Bu gün Azərbaycan Rusiya, İsrail, Belarus və digər ölkələrdən "Favorit" zenit-raket kompleksi, "LORA" əməliyyat-taktiki raket kompleksi, "Polonez" reaktiv yaylım atəşi sistemləri kimi müasir hərbi vasitələr almaqla bərabər, snayper tüfəngi, pulemyot, tapanca, zirehli texnikalar üçün məsafədən idarə olunan döyüş modulları, reaktiv yaylım atəş sistemləri və digər silah-sursatlar istehsal edərək, Silahlı Qüvvələrin arsenalına daxil edir, eyni zamanda, xarici ölkələrə ixracını həyata keçirir.
Beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirən, xarici ölkələr və beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin quran Azərbaycan formalaşdırdığı etibarlı tərəfdaş imicini hər zaman doğruldub və nüfuzunu daha da artırmağa nail olub. Bu mənada, ölkəmizdə, paytaxt Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlər - siyasi, iqtisadi, mədəni və humanitar forumlar, idman yarışları, elm, təhsil və hərbi sərgilər, toplantılar sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu Azərbaycana dünya birliyinin böyük inam və etibarını özündə ehtiva edir. Xüsusilə qeyd etmək lazımdır ki, son dövrlər Rusiya ilə NATO hərbi rəhbərlərinin görüş yeri kimi Bakını seçməsi, dünyanın bir çox siyasi liderlərinin iştirak etdiyi zirvə görüşlərinin Bakıda təşkil olunması dövlətimizin dünyada və regionda nə qədər mühüm rol oynamasından xəbər verir. Eləcə də, 2011-ci il oktyabrın 24-də Azərbaycanın dünyanın bir nömrəli siyasi təşkilatı olan BMT Təhlükəsizlik Şurasına iki illiyə qeyri-daimi üzv seçilməsi, nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunması dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında yürüdülən xarici siyasət kursunun mühüm nəticələrindəndir.
Təsadüfi deyil ki, oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib: "Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti var. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur".
Prezident İlham Əliyevin ölkəyə 15 illik rəhbərliyi dövründə görülən işlər və əldə olunan nəticələr barədə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin əsas nəticəsi Azərbaycanın müstəqil daxili və xarici siyasət nəticəsində dövlətçiliyini qoruyub saxlaması və möhkəmləndirməsidir: "Bu illər ərzində Ümummili lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilərək, vətəndaşların hüquq və azadlıqlarını təmin etmək, iqtisadiyyatı gücləndirmək, insanların sosial vəziyyətini yaxşılaşdırmaq və ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirmək mümkün olub".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə Dağlıq Qarabağ məsələsində dövlətimizin mövqeyi, Emənistanın isə izolyasiya vəziyyəti güclənib və beynəlxalq birliyin ölkəmizə dəstəyi artıb.
A.Mirzəzadə hesab edir ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan daha inamlı olub və milli maraqlarını qoruya bilən bir ölkə imicini daha da gücləndirib.
Deputat Elman Nəsirov isə qeyd edib ki, son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük inkişaf yolu keçib. O, "Trend"ə bildirib ki, 15 il ərzində Azərbaycanın qazandığı uğurların kökündə dayanan əsas amil onunla bağlıdır ki, prezident məhz xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirir: "Elə bu səbəbdən də xalq öz prezidentini hər zaman dəstəkləyir. Hesab edirəm ki, bu 15 il ərzində Azərbaycanın ən böyük nailiyyəti sabitlik və təhlükəsizlikdir, çünki sabitlik və təhlükəsizlik olmayan yerdə heç nə olmur. Bu sabitliyin təminatçısı isə Azərbaycan prezidenti ilə xalqının birliyidir. Bu birlik sayəsində Azərbaycan iqtisadiyyatı son 15 il ərzində böyük bir inkişaf yolu keçib, 3.2 dəfə artıb".
Deputatın sözlərinə görə, ölkə prezidentinin əsas hədəflərindən biri qeyri-neft iqtisadiyyatının inkişafı məsələsidir və bu sahədə 2.8 dəfə artım qeydə alınıb: "Sənayedə artım 2.6 dəfəyə çatıb. Əsas prioritet sahələrdən biri kənd təsərrüfatının inkişafıdır ki, bu istiqamətdə də 1.7 dəfə artım qeydə alınıb. Prezident Azərbaycanın ixrac yönlü iqtisadiyyatının inkişafını əsas hədəflərdən biri kimi seçib və bunun sayəsində son 15 il ərzində qeyri-neft ixracatı 4.1 dəfə artıb. Əgər 2003-cü ildə prezident hakimiyyətə gələrkən Azərbaycanın valyuta ehtiyatları 1.8 milyard dollar təşkil edirdisə, bu gün 45 milyard dollara çatıb. Bunlar çox böyük nailiyyətlərdir və Azərbaycandakı sabitlik və təhlükəsizlik mühiti ona gətirib çıxarıb ki, son 15 ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard dollardan artıq investisiya qoyulub, bunun da yarısını məhz xarici investisiya təşkil edib".
E.Nəsirov vurğulayıb ki, Azərbaycanın beynəlxalq mövqeləri kifayət qədər güclüdür, Azərbaycana etibarlı tərəfdaş kimi baxırlar, ölkəmizin bütün beynəlxalq təşkilatlarla əlaqələri dinamik inkişaf tempinə malikdir: "Prezident çox intensiv və çevik xarici siyasət kursu həyata keçirir. Bütövlükdə Prezident İlham Əliyevin 15 il ərzində qazandığı nailiyyətlərin kökündə dayanan əsas amil odur ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət kursuna sadiqdir, onu davam etdirir və bu səbəbdən də xalq hər zaman prezidentin siyasətini dəstəkləyir və müdafiə edir. Yeganə həllini tapmayan məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır ki, prezidentin səyləri sayəsində dünyanın əksər təşkilatları, o cümlədən, BMT, ATƏT, NATO, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digərləri münaqişənin həlli ilə bağlı ərazi bütövlüyü prinsipini əsas prinsip kimi qəbul edib. Bütün bunlar bir daha onu göstərir ki, prezidentin həyata keçirdiyi siyasət xalqın mənafeyindən irəli gələn bir siyasət olduğundan həm ölkə daxilində, həm də xaricində yüksək qiymətləndirilir və dəstəklənir".
Qeyd edək ki, İlham Əliyev 4 dəfə Azərbaycan Respublikasının prezidenti seçilib.
2018-ci ildə keçirilən seçkilərdən sonra Konstitusiya dəyişikliklərinə əsasən, prezident 7 il ölkəyə rəhbərlik edəcək.
Ceyhun ABASOV