
Uzun zamandan bəri idi ki, gündəmi məşğul edən mövzulardan biri müxalifət partiyalarının birləşdiyi Milli Şuranın daxilində və ətrafında cərəyan edən proseslər idi. Milli Şuranın daxilində fikirləri üst-üstə düşməyən qüvvələrin olduğu bildirilsə də, Şura üzvləri bunu təkzib edirdilər. Onların vahid namizəd məsələsindəki tərəddüdləri bir çoxlarının Milli Şuranın uğursuz qurum olmasını söyləməsinə əsas verirdi. Lakin Milli Şura üzvləri 18 avqust aksiyası ilə bir çox mətləblərə aydınlıq gətirəcəklərinə ümid edirdilər. Ancaq Milli Şuranın uzun müddətdir ki, hazırlaşdığı və təmtəraqla təbliğ etdiyi 18 avqust mitinqinin onlar üçün xoş olmayan bir çox nəticələrlə yadda qaldı.
Belə ki, onlar mitinqdə 20 min nəfərin iştirak edəcəyindən dəm vururdular. Amma mitinqdə 800-900 nəfərin iştirakı sübut etdi ki, Milli Şurada təmsil olunan müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur. Mitinq göstərdi ki, Milli Şurada ailə müxalifəti təmsil olunur. Bu aksiya həmçinin müxalifətin təbliğ etdiyi “müxalifətin birliyi” ideyasının gerçək deyil, sadəcə sabun köpüyü olduğunu açıq nümayiş etdirdi. Mitinq partiyalar, onların rəhbərləri və funksionerləri arasında ciddi ziddiyyətlərin və fikir ayrılığının olmasını çılpaqlığı ilə sərgilədi. Bununla xalq müxalifəti dəstəkləmədiyi, onun iddialarına, şüarlarına biganə olduğu bir daha təsdiqləndi. Eləcə də sözügedən aksiya Azərbaycan xalqının Milli Şuranı mövcud iqtidara alternativ hesab etmədiyini, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi kursa dəstəyini və sadiqliyini nümayiş etdirdi.
18 avqust mitinqinin müxalifətin əvvəlki birlikləri kimi, Milli Şura ideyasının, eləcə də bu qurumun, orada cəmləşən müxalifətin tam iflası, fiaskosu olduğunu söyləsək, hec də yanılmarıq.
Mitinqin təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşları öz funksiyalarını tam və heç bir məhdudiyyət yaratmadan yerinə yetirmələri, aksiya iştirakçılarının hərəkətinə heç bir maneə yaradılmaması, media nümayəndələrinin sərbəst şəkildə informasiya toplamaq və yaymaq imkanlarından yararlanması üstün məqamlardandır.
Bütün bunlarla yanaşı bu mitinq bir çox məqamlarla da yadda qaldı. Belə ki, mitinq iştirakçılarının çox az olması Milli Şura başçılarını son dərəcə məyus etdi. İsa Qəmbərin zorən nikbin çıxışı belə bu bədbinliyi aradan qaldıra bilmədi. Mitinqin sonunda faktiki olaraq Əli Kərimli boş meydana üz tutaraq tələsik nitqini yekunlaşdırmaq məcburiyyətində qaldı. Mitinqdə Rüstəm İbrahimbəyovun şəkli əks olunmuş plakatın altında “Hər kəsin haqqı özünə qaytarılacaq” yazılmışdı. VHP funksioneri Samir Əsədli mitinq iştirakçılarına müraciət edərək “partiyalarla durun ki, sonra monitorinq aparacağıq” fikirləri də diqqətçəkicidir. Mitinq haqqının əvvəlcədən partiyalara verilməməsi və sonraya saxlanması “soğan olsun, nağd olsun” prinsipi ilə işləyən müxalifətin kefinə əməllicə soğan doğrayıb. Milli Şuranın mitinqində əsasən AXCP-nin bayraqlarının görünməsi, Müsavatın bayraqlarının isə çox az nəzərə çarpması da diqqətdən yayınmayıb. Müsavat üzvlərinin azlığı mitinq iştirakçılarının da narazılığına səbəb olub. Onlar Müsavatı zəiflikdə, İsa Qəmbəri isə mitinqi sabotaj etməkdə günahlandırıblar.
Bəzi çıxışçıların küçə ifadələri işlətməsi bir cox mətləblərdən xəbər verib. Bəzi iştirakçıların tərbiyəsiz şüarlarla hüquq-mühafizə orqanlarını təxribata çəkmək, mitinqin baş tutmamasının məsuliyyətini hakimiyyətin üzərinə yıxmağa cəhd göstərməsi də diqqətçəkici məqamlardan idi. Mitinqdə Müsavat funksioneri İbrahim İbrahimlinin AXCP sədri Ə.Kərimlini uzun-uzadı vəsf etməsi müsavatçıların narazılığına səbəb olub. İ.Qəmbərin bununla əlaqədar İ.İbrahimliyə öz iradını bildirdiyi deyilir.
Müxalifət qəzetlərinin və saytlarının mitinq haqqında xəbərlərini oxuyanda belə təsəvvür yaranır ki, AXCP ilə Müsavat ayrı-ayrı aksiyalarda iştirak ediblər. Müsavata yaxın saytlar aksiyada 3-5 min adamın olduğunu iddia edir, “Azadlıq” qəzeti isə “izdihamdan” dəm vurur. Əslində isə mitinq iştirakçılarının sayı 800-900-dan artıq olmayıb. 10 il əvvəl onlar bəlkə də adi vətəndaşları aldada bilərdilər. İndi isə internet dövrüdür, istənilən saytda mitinqin yüzlərlə şəkillərini və video çəkilişləri izləmək mümkündür. Elə isə, bunlar necə gülünc göründüklərinin fərqində deyillərmi?
Müsavat başqanı İsa Qəmbər mitinqdəki çıxışında bildirib ki, xalq dəyişiklik, bu hakimiyyətin getməsini istəyir. Ona görə də mitinqə minlərlə adam gəlib. Əvvəllər belə hallarda “onminlərlə” deyirdilər. İndi gör bu mitinqdə vəziyyət nə qədər acınacaqlı olubsa, yalnız 3 sıfr şişirdə bilirlər. Əgər bunlar iddia etdiyi kimi “birləşmiş” müxalifətin Milli Şurasının mitinqinə 800-900 adam gəlirsə, görəsən, hansı xalqdan və onun dəyişiklik istəyindən dəm vururlar? Əsl reallıq xalqın müxalifəti istəmədiyi və onların çağırışlarını, iddialarını, tədbirlərini baykot etməsidir.
AQİL



